Məhkəmə qərarları › İş №2(032)-377/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-377/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-377/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Muradova (Sunçiliyeva) Umnisə İlqar qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Muradova (Sunçiliyeva) Ruhiyyə İlqar qızı və Muradova (Sunçiliyeva) Umnisə İlqar qızına qarşı mülkiyyətində olan ünvan 1 ünvanındakı evindən istifadə və yaşayış hüquqlarına xitam verilməsi, evin qeydiyyatından çıxarılması və evdən çıxarılmaları tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Muradova (Sunçiliyeva) Ruhiyyə İlqar qızı və Muradova (Sunçiliyeva) Umnisə İlqar qızına qarşı mülkiyyətində olan ünvan 1 ünvanındakı evindən istifadə və yaşayış hüquqlarına xitam verilməsi, evin qeydiyyatından çıxarılması və evdən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun 2004-cü ildə vəfat etmiş oğlu X4 dini nikahla evləndiyi həyat yoldaşıdır, rəsmi dövlət nikahları yoxdur. Digər cavabdehlər 1999-cu il təvəllüdlü Sunçiliyeva (Muradova) Ruhiyyə İlqar qızı və 1997-ci il təvvəllüdlü Sunçiliyeva (Muradova) Ümnisə İlqar qızı oğlu İlqarın övladlarıdır. Onların əslində soyadları anasının soyadına uyğun olaraq həmişə Muradova olub, indi hansı əsasa görə onların soyadları Sunçiliyeva olub, ata adı oğlunun adına uyğun İlqar olub bilmir. Öz pulu ilə 04 sentyabr 2012-ci il tarixdə ünvan 2 ünvandakı X1 almışdır. X1 və onun əri Məmmədov Sadıxdan 2012-ci ildə alarkən, X7 ilə alqı-satqı müqaviləsi bağlayarkən ev sakinləri, qeydiyyatda olanlar hamısı evin satılmasına razılıq verib və evin qeydiyyatından çıxıblar. Hal-hazırda cavabdeh X5 evin qeydiyyatında qalması və ya sonradan hansı əsasla evinin qeydiyyatına düşməsi ona məlum deyil. ünvan 2 ünvandakı evi özü işləyib qazandığı pula almış, ev yalnız ona məxsusdur, evin sahibi odur. Vəfat etmiş oğlu İlqarın ailə üzvləri olan cavabdehlər - Cavabdeh1, Sunçiliyeva (Muradova) Ruhiyyə İlqar qızı və Sunçiliyeva (Muradova) Umnisə İlqar qızına gəldikdə isə 2012-də evi öz pulu ilə aldıqdan, evi öz adına sənədləşdirdikdən sonra yenə də, Moskvaya işləməyə getmiş, həmin vaxt Cavabdeh1 və nəvələri Ruhiyyə və Umnisə kirayədə yaşayırdılar və onların yaşadıqları evin kirayə pulunu da özü verirdi. Onlara yazığı gəldiyi üçün o, Moskvaya gedən də onları öz evində yaşamağa buraxdı ki, yaşasınlar və cavabdehlər sonradan onu aldatdılar ki, onları evə buraxsın, Umnisəyə elçi gəlir. Elçilər öz evinə gəlsin, elçilər elə bilsinlər ki, onların evləri var, evsiz deyillər. Bununla razılaşmış, nəvəsi nişanlandı, lakin toy olmadı. Təxminən 2014-cü ildə o Moskvadan qayıtdı və cavabdehlər Cavabdeh1 və nəvələri yalvardılar ki, “bizi evin qeydiyyatına aldır, lazım olanda təhsilinə və digər yerlərə təqdim etmək üçün arayışı, xasiyyətnamə və s. sənədləri bu ünvandan alaq, çox çətinlik çəkirik”. Razılaşaraq onları evin qeydiyyatına aldırmışdır. Lakin sonradan ona məlum oldu ki, onlar bunu məqsədli şəkildə etmiş və aldatmışlar ki, gələcəkdə hansı üsullasa evi onun əlindən alsınlar və onu çölə atsınlar. Təxminən 2015-də xəstələndi və birdəfəlik Rusiyanın Moskva şəhərindən Şirvan şəhərinə qayıtdı. Cavabdeh1 və nəvəsi Umnisə Bakıya işləməyə getdilər. Digər nəvəsi Ruhiyyə isə onunla qaldı. Nəvəsi Umnisə artıq 4-5 ildir ki, Bakıda işləyir və yaşayır, arada evə gəlib gedir. 1942-ci ildə anadan olmaqla artıq 80 yaşı var, evi binanın 5-ci mərtəbəsindədir və 5-ci mərtəbəyə evə çıxıbdüşə bilmir. Buna görə də, Cavabdeh1 demişdir ki, “gəl evi aşağı mərtəbə ilə dəyişək, ya da sataq, aşağı mərtəbədən ev alaq”. O, razılaşmadı, qocalığından, xəstəliyindən istifadə edərək onu təhqir edir, söyür, incidir, qocalar evinə verməklə hədələyir və evi ələ keçirmək istəyir. Bu səbəbdən də, o iddia qaldıraraq cavabdehlər Cavabdeh1, nəvələri Sunçiliyeva (Muradova) Ruhiyyə İlqar qızının və Sunçiliyeva (Muradova) Umnisə İlqar qızının onun mülkiyyətində olan xüsusi evindən ünvan 2 ünvandakı evindən istifadə hüquqlarına və yaşayış hüquqlarına xitam verilməsi, evin qeydiyyatından çıxarılması və evdən çıxarılmalarını tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, mübahisəli mənzildə yaşayır, iddiaçının razılığı əsasında həmin ünvanda qeydiyyatdadırlar. Həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Onlar mübahisəli mənzilə iddiaçının razılığı əsasında köçmüşlər və həmin mənzilə hüquqları qeydə alınmışdır. Məhkəmə iclasında cavabdeh Muradova (Sunçiliyeva) Cavabdeh3 Sevda Eldar qızı ilə eyni məzmunlu izahat verdi. Digər cavabdeh Muradova (Sunçiliyeva) Ruhiyyə İlqar qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Şirvan ŞRPŞ tərəfindən xx.xx.2013-cü il tarixli verilmiş ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1942-ci ildə Rusiya Federasiyası, Kuybışev Vilayətində anadan olmuşdur və hal hazırda Şirvan şəhəri, L-NT İbrahimov küçəsi ev 22, mənzil 69-da qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başıçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 7190 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 şəhəri, L-nt İbrahimov küçəsi, bina 22, mənzil 69 ünvanında qeydiyyatdadırlar. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyistrindən verilmiş xx.xx.2012-ci il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Tibbi-sosial ekspertiza Müayinəsindən çıxarışın surətindən görünür ki, X6 müdddətsiz birinci dərəcəli əlldir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-33186/2023 saylı məktubun surətindən görünür ki, Cavabdeh1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan Regional filialından aylıq məbləği 100 manat olmaqla orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (X6) qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi yaşayış sahəsi ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən işin mübahisəsiz qəbul edilmiş hallarından biri də tərəflər arasında hüquq münasibətlərinin 01 sentyabr 2000-ci ildən sonra yarandığını nəzərə alaraq hesab edir ki, sözügedən mülki mübahisəyə Müki Məcəllənin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə bildirir ki, mülkiyyətçinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) etibarlı ailə münasibətlərindən irəli gələn yaşayış hüququnun yaranmasının təməl şərtlərindən biri mülkiyyətçi ilə mənzildə yaşayan şəxslərin ailə münasibətləri içərisində birgə yaşamaları faktıdır. Qanunverici qeyd edilən müddəanı istifadə hüququ sahibinin ev şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasından irəli gələrək müəyyənləşdirilmişdir. Bu baxımdan, əgər mülkiyyətçi ilə ailə üzvünün birgə yaşaması halı mövcud olmamışsa eləcə də, mənzil şəraitində yaşama ehtiyacı istifadə hüququ tələb edilən yaşayış sahəsində deyil, başqa yerdə təmin edilmişsə mənzildən istifadə hüququ yaranmır. Hətta qanunda nəzərdə tutulmuş əsaslarla əldə olunmuş istifadə hüququnun sahibi özünün mənzil tələbatını ödəmək imkanı qazanmışsa, xüsusilə də daimi yaşamaq üçün başqa mənzilə köçmüşsə yaranmış mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhkəmə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən onun faktiki əsası qismində cavabdehlər gəlini və nəvələri ilə birlikdə bir ailə üzvü kimi daim yaşamasını və bu birgə yaşayış faktiki olaraq davam etmiş, hal-hazırda da davam edir. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı tarixli qərarında qeyd edilmişdir ki, “... Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.” Həmçinin Konstitusiya Məhkəməsinin sözügedən Qərarında qeyd edilmişdir ki, “... Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.” Həmçinin Konstitusiya Məhkəməsinin sözügedən Qərarında qeyd edilmişdir ki, “... Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.” Məhkəmə qeyd edir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Qərarından göründüyü kimi kompensasiya vermək isə iddiaçıya məxsus olan subyektiv hüquqdur. Hazırkı mülki iş üzrə cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı razılığın olmaması, iddiaçının isə ona məxsus olan subyektiv hüquqdan, yəni kompensasiya ödənilməsi hüququndan istifadə etməməsi sonda iddianın təmin edilməsini istisna edir. Beləliklə məhkəmə iclasında mübahisəsiz müəyyən edilmişdir ki, cavabdehlər İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka köçərək orada yaşamağa başlamış, hal-hazıra kimi həmin mənzildə yaşamağa davam edir. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları saxlanılmalıdır və deməli onların həmin evdən çıxarılması mümkün deyil. Beləliklə məhkəmə işin hallarına qiymət verərək yekun olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Muradova (Sunçiliyeva) Ruhiyyə İlqar qızı və Muradova (Sunçiliyeva) Umnisə İlqar qızına qarşı mülkiyyətində olan ünvan 1 ünvanındakı evindən istifadə və yaşayış hüquqlarına xitam verilməsi, evin qeydiyyatından çıxarılması və evdən çıxarılmaları tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar