Məhkəmə qərarları › İş №2(032)-478/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-478/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-478/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına qarşı “09 yanvar 2020-ci il tarixli “2/33" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və qeyrilərinin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının müvəqqəti istifadələrinə verilmiş Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 2-də yerləşən 33 nömrəli mənzilə dair 09 yanvar 2020-ci il tarixli “2/33" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və qeyrilərinin mənzildən çıxarılması tələbinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 09 yanvar 2020-ci il tarixli “2/33" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və qeyrilərinin mənzildən çıxarılmasını tələb etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı ilə yanaşı qeyrilərinə qarşı da yönəltmişdir. Lakin həmin şəxslər iddia ərizəsində cavabdeh kimi qeyd edilməmişdir. Bununla da cavabdehlər faktiki olaraq iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində mütləq göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bundan başqa iddiaçı qismində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti göstərilmiş, lakin Departamentin hüquqi şəxs olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, iddia ərizəsində iddia tələbinin yönəldiyi bütün şəxslər iddia ərizəsində cavabdeh kimi göstərilmədiyindən, departamentin hüquqi şəxs olmasını təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 149-152-ci, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin “09 yanvar 2020-ci il tarixli “2/33" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh1, Cavabdeh2 qızının və qeyrilərinin mənzildən çıxarılması” tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar