Məhkəmə qərarları › İş №2(032)-498/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-498/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-498/2024 20.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilən kredit məbləği 3057 manat əsas borc, 397 manat manat miqdarında icra ödənişi məbləği və ödənilmiş 56 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli, RK0000126U/14 nömrəli güzəştli kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş öhdəliyinin təminat vasitəsi kimi eyni tarixdə onunla zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh sonradan bank qarşısında müqavilə ilə götürdüyü öhdəliyini lazımınca icra etmədiyindən vaxtında ödənilməmiş 5639,1 manat pul vəsaitinin birgə borclu qismində hər ikisindən tutulması qərara alınmış və buna dair Şirvan şəhər Məhkəməsinin 2(032)-77/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Həmin icra sənədinin icrası ilə əlaqədar ondan 3057 manat məbləğində kredit hesabı üzrə 397 manat məbləğində icra ödənişi, ümumilikdə 3454 manat pul tutulmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işin baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2014-cü il tarixli kredit sazişindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 28% olmaqla 24 ay müddətinə 4178 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin Şirvan filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 sentyabr 2014-cü il tarixli kredit sazişindən görünür ki, İddiaçı borcalan Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Şirvan şəhər Məhkəməsinin 2(032)-77/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı və X1 4178 manat məbləğində əsas kredit borcu, 1461,1 manat faiz borcun, cəmi 5639,10 manat və 20 manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı "xxxx"ASC-yə verilməsi qət edilmişdir. xx.xx.2021-xx.xx.2023-cü il tarixləri əhatə edən "xxxx" ASC-dən ödəniş tapşırığı üzrə çıxarışdan görünür ki, İddiaçı zamin kimi üzərinə öhdəlik götürdüyü kredit müqaviləsi üzrə cəmi 3057 AZN kredit borcunu "xxxx" ASC-yə ödəmişdir. "xxxx" ASC tərəfindən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-77/2017 saylı icra sənədinə əsasən borclu İddiaçı "xxxx" ASC-yə olan borclarını tam olaraq ödəmişdir. 28338 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 397 manat məbləğində pulu Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin hesabına - 7 faiz icra ödənişi kimi ödəmişdir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh "xxxx" ASC-nin qarşısında kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü vəzifələri bir borclu kimi yerinə yetirməmiş, məhkəmə qaydasında borcun müştərək qaydada borclu və zamindən tutulması müəyyən olunmuş, lakin bank qarşısında öhdəliyini borclu Cavabdeh deyil, zamin İddiaçı tam olaraq icra etmişdir. Hazırda isə iddiaçı qismində zamin borclu cavabdehdən mülki qanunvericiliklə ona verilmiş reqres hüququndan haqlı olaraq istifadə etməklə banka onun əvəzinə ödədiyi – 3057 manat məbləğində pulun və 397 manat miqdarında icra ödənişinin ödənilməsini tələb edir. Belə olan halda isə, iddia təmin edilməli, cavabdehdən göstərilən məbləğdə pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 56 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 56 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏ T E T D İ : İddia təmin edilsin. Cavabdeh 3057 (üç min əlli yeddi) manat əsas borc, 397 (üç yüz doxsan yeddi) manat icra ödənişi məbləği və dövlət rüsumu kimi ödənilmiş 56 (əlli altı) manat alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar