Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-5/2023 19.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi a İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 11, mənzil 27 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 11, mənzil 27 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh ona məxsus mənzildə pasport qeydiyyatında olsa da faktiki olaraq bir neçə ildir ki, ona məxsus mənzildə yaşamır. Ona məxsus mənzildə qeydiyyatı olması mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh X2 iddia ərizəsinə olan münasibətini dəqiqləşdirmək məqsədilə Şirvan şəhər Məhkəməsi tərəfindən 2(032)-678/2021 saylı, 04 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə məhkəmə tapşırığı göndərilmiş, tapşırıq icra olunaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, cavabdeh X5 iddia ərizəsi ilə tanış olmuş, İzahatında bildirmişdir ki, 1997-ci ildən Rusiya Federasiya Rastov şəhərində yaşayır, iddiaya qarşı heç bir etirazı yoxdur, işin onun iştirakı olmadan keçirilməsinə heç bir etirazı olmadığını bildirir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin mövqeyini öyrənib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 11, mənzil 27 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Polis şöbəsinin 16 mart 2022-ci il tarixli 305-7679B-3122 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. X2 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, iddiaçıya məxsus Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 11, mənzil 27 ünvanda yerləşən mənzilin istənilən şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilən qanunvericiliyin prinsiplərini, yuxarı instansiya məhkəməsinin tövsiyyəsini rəhbər tutaraq, həmçinin onları işin faktiki hallarına tədbiq edərək belə qənaətə gəlir ki, cavabdehə kompensasiya ödənilmədən sözügedən mənzilə istifadə hüququna xitam verilməsi mümkündür, belə ki, həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır, o xarici ölkədə artıq uzun müddətdir ki, yaşayır, həmin mənzilə dair heç bir iddiası, tələbi yoxdur, iddianın təmin olunmasına etiraz etmir və göstərilən hallar hazırki mübahisəyə baxılarkən məhkəmə tərəfindən işin faktiki halları və cavabdehin istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmışdır, onun keçmiş ailə üzvü kimi yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmaması müəyyən edilmişdir. Beləliklə, iddia təmin edilməli, cavabdeh X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 11, mənzil 27 ünvanına olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları, işin faktiki hallarını, cavabdehin xaricdə yaşaması səbəbindən qətnamənin məhkəmə xərcləri ilə əlaqədar gələcək icrasında çətinliyin yarana biləcəyi ehtimalını, həmçinin cavabdehin iddianı etiraf etməsi faktını da nəzərə alaraq hesab edir ki, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh X2 Şirvan şəhəri, H.Əliyev küçəsi ev 16, mənzil 7, yeni qaydalarla Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 11, 27 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-5/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-5/2023
19.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver