Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-510/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə müraciəti üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi müraciətini onunla əsaslandırmışdır ki, X3 onun anasıdır və 2013-cü ildən etibarən zob xəstəliyindən müalicə almışdır. Bir neçə dəfə müayinə və müalicə almasına baxmayaraq səhhətində ciddi dəyişiklik baş vermiş, MMS-nin üzvi xəstəliyi nəticəsində yaranan orta dərəcəli ağıl zəifliyi, MMSE 15 bal, davranış pozuntusu ilə müşayət olunan, ümumi xəstəlik səbəbindən onda 01 iyul 2016-cı il tarixdən İİ dərəcəli əlillik müəyyən edilmişdir. Daha sonra səhhəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən növbəti dəfə müayinə olunduqdan sonra xx.xx.2023-cü il tarixdən İİİ dərəcəli əlillik təyin edilmişdir. Anası Əlǝkbərova Sədaqət Rəfi qızı müxtəlif dövlət və özəl klinikalarda müayinə və müalicələr almışdır. Hazırda qeyd edilən xəstəliklər səbəbindən səhhətində ciddi dəyişiklər baş verdiyindən fəaliyyət qabiliyyəti yoxdur. Anasının bu vəziyyətə düşməsi ilə əlaqədar bir çox müalicələr almasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Öz hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək qabiliyyətində deyildir. Bu günədək ona qulluq edir və qaygısına qalır. Bununla əlaqədar olaraq anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Son vaxtlar çox sakit olmaqla yanaşı, öz hərəkətlərini anlamır və səhhətində müsbət dəyişiklik hiss olunmur. Anasının hazırki psixi pozğunluq hissləri, düşüncələri, davranışları sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Ailə üzvlərini tanımaması şəxsiyyət pozuntusu səbəbindən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışda göstərilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya, MMS-nin üzvi xəstəliyi nəticəsində yaranan orta dərəcəli ağıl zəifliyi MMSE=15 bal, davranış pozuntuları ilə” diaqnozu ilə ona müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. X5 tərəfindən təqdim edilmiş KRANİAL MRT X3 xx.xx.2021-ci il tarixdə Baş beynin T1, T2, FLAİR vǝ Diffuzion sekanslı multiplanar MRT-da: Beyin kötüyü anatomik strukturaları normal olub, patoloyi həcm, struktur dəyişikliyi aşkar edilmir. Hər iki beyinoik yarımkürəsi yaş ilə uyğun normal morfologiyadadır. Serebellar foliolar normal genişlikdədir. Posterior fossada həcmli törəmə aşkar olunmur. 4-cü madagiyin forması təbiidir. Körpübeyincik bucaqları simmetrikdirlər. Baş beyin yarımkürelandə həcmli törəmə və ya hematoma aşkar edilmir. Bazal qanqliyalar normaldır. 3-cü və yan mədəciklər genişlənməmişdir. Subaraxnoidal sahələrdə və beyin sulkuslarında atrofiya ilə uyğun genişləmələr qeyd olunur. Frontal və temporal paylarda atrofiya daha kəskin olaraq izlənilir. Hər iki periventrikulyar ağ maddədə T2 FLAİR sekanlarda bir neçə ədəd qeyrispesifik, millimetrik hiperintens sahələr izlənilir. Diffuziya ağırlıqlı görüntülərdə kəskin fazada işemiya qeyd edilmədi. İntra və parasellar nahiyyələrində patoloyi dəyişiklik təyin olunmur. Paranazal sinusların, mastoid hüceyrələrin pnevmatızasiyası təbidir. Nəticə: Subaraxnoidal sahələrdə və beyin sulkuslarında atrofiya ilə uyğun genişləmələr qeyd olunur. Frontal va temporal paylarda atrofiya daha kəskia olaraq izlənilir - Frontotemporal demans lehinə dəyərləndilmişdir. Kliniki korelasiya məsləhətdir. Hər iki periventrikulyar ağ maddədə bir neçə ədəd qeyri-spesifik, milimetrik hiperintens sahələr. İş materiallarına əlavə edilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 548/2022-ci il tarixli xəstəlik tarixindən çıxarışda göstərilir ki, X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixə kimi "MSS-nin üzvi xəstəliyi nəticəsində yaranan orta dərəcəli ağıl zəifliyi, davranış pozuntuları ilə" diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. İş materiallarına əlavə edilmiş AR SN-nin Respublika Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 14330/24 saylı xəstəlik tarixindən çıxarışda göstərilir ki, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi "Üzvi (baş beynin atrofik xəstəliyi nəticəsində) ağır dərəcəli demensiya" psixoptik əlamətlərlə. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var" diaqnozu ilǝ AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 899 nömrəli rəyində qeyd edilmişdir ki, X2 halhazırda onda müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində demensiya ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. X2 müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X3 öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X3 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Tələbin xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparmaq üçün və xx.xx.1964-cü il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli imanov
Məhkəmə qərarları › İş №2(032)-510/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-510/2025
02.06.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver