Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-517/2024 22.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanması barədə 26 aprel 2021-ci il tarixdə Şirvan şəhər 1 saylı Notariat Ofisində bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanması barədə 26 aprel 2021-ci il tarixdə Şirvan şəhər 1 saylı Notariat Ofisində bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil cavabdehin mülkiyyətindədir. Qeyd edilən mənzil 1984-cü ildə məhrum atası X3 verilmişdir. 1984-cü ildən bugünə qədər qeyd edilən mənzildə yaşamışdır. Lakn bir müddət əvvəl cavabdeh qanunsuz şəkildə onun və digər vərəsələrin razılığı və məlumatı olmadan qeyd edilən mənzili öz mülkiyyətinə keçirmişdir. Belə ki, 26 aprel 2021-ci il tarixdə bacısı Cavabdeh1 yaşlı anası X4 aldadaraq və onun xəstəliyindən istifadə edərək onu notariat kontoruna apararaq, həmin tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamışlar. Ailədə 8 övladdırlar və bağışlanma müqaviləsi bağlanarkən vərəsə olaraq heç birinin razılığı olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək etirazında bildirmişdir ki, X6 1984-cü il tarixdə ünvan 3 (yeni qaydalarla Şirvan şəhəri F.Eynullayev küçəsi 301, M5, m2) order əsasında adına sənədləşmişdir. Lakin 2013-cü il tarixdə həmin cavabdehin atası öz adına rəsmiləşdirmişdir. Atası 2017-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik qaydasında anası X1 adına rəsmiləşdirmişdir. Bir neçə il sonra anası X7 2021-ci il tarixdə onun ailə üzvlərinin, yəni bacı və qardaşlarının razılığı əsasında anası X16 şəhəri, Xaqani küçəsi, ev 4, mənzil 55 (yeni qaydalarla Şirvan şəhəri, F.Eynullayev küçəsi 301, M5, m2) saylı mənzili ona bağışlamış, o da elə həmin tarixdə adına rəsmiləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, qeyd edilən mənzil onun xüsusi mülkiyyətindədir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhəri 1 saylı Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X6 ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını onun ölümündən sonra qızı Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.1 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 4 evin 55 saylı ünvanında yerləşən ümumi sahəsi 94.1 kv.m, yaşayış sahəsi 60.9 kv.m, yardımçı sahəsi 33.2 kv.m olan 5 otaqlı mənzili tam mülkiyyət hüququ ilə qızı Cavabdeh1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş X8 və X9 tərəfindən notariat ofisinə verilmiş ərizələrdən görünür ki, Cavabdeh2 ünvan 5 evin 55 saylı ünvanında yerləşən əmlakın ona məxsus olan hissəsini Cavabdeh1 bağışlanmasına etiraz etməmişlər. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1125/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı ünvan 3 (yeni qaydalarla Şirvan şəhəri, F.Eynullayev küçəsi 301, M5, m2) saylı mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. ünvan 6 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumatın təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 mart 2024-cü il tarixli, 5-8-1/2-230/2024 saylı cavab məktubundan görünür ki, ünvan 6 ünvanında X9, X8 və Cavabdeh1 qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 mülkiyyətində olmuşdur. Həmin əmlaka Cavabdeh2 mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi, ev 4, 55 (yeni qaydalarla Şirvan şəhəri, F.Eynullayev küçəsi 301, M5, m2) saylı mənzili xx.xx.2021-ci il tarixdə qızı Cavabdeh1 bağışlamışdır. Hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanması barədə 26 aprel 2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməli olduğunu iddia edir. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə bağışlanmış olan əmlaka və həmin əmlaka olan hüquqa, bağışlanma müqaviləsinə, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək səlahiyyətinə malik olan şəxslərin dairəsinə hüquqi qiymət verilməlidir. İlkin olaraq bağışlanmış olan əmlaka münasibətdə məhkəmə qeyd edir ki, işin fakitiki hallarından göründüyü kimi Şirvan şəhəri, Xaqani küçəsi, ev 4, 55 (yeni qaydalarla Şirvan şəhəri, F.Eynullayev küçəsi 301, M5, m2) saylı mənzil mülkiyyət hüququ ilə hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh2 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X5 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi öz əmlakının müqəddəratını təyin etmək üçün həmin əmlak barəsində müəyyən hərəkətlər etməlidir. Sərəncam hüququ əmlakın satılması, bağışlanması, dəyişdirilməsi, icarəyə verilməsi və sair hüquqi hərəkətlərlə həyata keçirilir. Hazırkı halda da mübahisəl predmeti olan mənzil Cavabdeh2 mülkiyyəti olmuş və həmin əmlakla bağlı sərəncam vermək hüququ ona məxsus olmuşdur. Bağışlanma müqaviləsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Qanunvericilikdə və hüquq ədəbiyyatında bağışlama müqaviləsinin real və konsensual formaları fərqləndirilir. Belə ki, hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla, eyni vaxtda əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi).” Bu mövqey “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında da öz əksini tapmışdır. İşin faktiki hallarından göründüyü kimi Şirvan şəhəri, Xaqani küçəsi, ev 4, 55 (yeni qaydalarla Şirvan şəhəri, F.Eynullayev küçəsi 301, M5, m2) saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh2 həmin mənzili qızı Cavabdeh1 bağışlamışdır. Həmçinin tərəflər arasında bağlanmış olan bağışlanma müqaviləsindən göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə olaraq bağlanmışdır. Yəni hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulmamışdır. Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibtədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edilməlidir. İşin faktiki hallarından göründüyü kimi bağışlanma predmeti daşınmaz əmlakdır. Həmin əmlaka bağışlayan şəxsin mülkiyyət hüquqları qeydə alınmış və həmin əmlakın bağılanması ilə bağlı müqavilə notariat qaydasında təsdiq edilmişdir. Müqavilə tərəflərin iştirakı ilə (təmsilçi olmadan) bağlanmışdır. Yəni müqavilə üzrə tərəflər öz iradə ifadələrini ifadə etmişlər və müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək səlahiyyətinə malik olan şəxslərin dairəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi müqavilə tərəflərin iradə ifadəsidir. Hazrkı mübahisə üzrə tərəflər “hədiyyə verən” və “hədiyə alan”dır. Yuxarıda qeyd edildiyi kimi hazırkı müqavilə hədiyyə verən tərəfindən hər hansı bir şərtlə bağlanmadığından tərəflər arasında bağlanmış olan müqavilə konsensual müqavilə hesab edilmişdir. Qanunvericilik müqaviləni mübahisələndirilməsi ilə bağlı tərəfləri müəyyən edilmişdir. Hazırkı halda qeyd edilən müqavilə mübahisələndirmək hüququ “hədiyyə verən” və “hədiyyə alan”a məxsus olan hüquqdur. Yəni subyektiv hüquq baxımından yanaşılası olsaq belə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə bir daha xatırladır ki, hazırkı halda qeyd edilən müqavilə mübahisələndirmək hüququ “hədiyyə verən” və “hədiyyə alan”a məxsus olan hüquqdur. Hazırkı mülki iş üzrə iddiaçı müqavilə üzrə tərəf deyildir və üçüncü şəxs kimi yanaşılsa belə onun hüquqlarına toxunacaq hal müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququ olan şəxs kimi qəbul ediləsi olarsa belə qeyd edilən müqavilənin etibarsızlığı ilə bağlı iddiaçı tərəfindən müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarlarında qeyd edilmişdir ki, “... iddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “... O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.” İşin faktiki hallarından və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi ev 4, 55 (yeni qaydalarla Şirvan şəhəri, F.Eynullayev küçəsi 301, M5, m2) saylı mənzili xx.xx.2021-ci il tarixdə qızı Cavabdeh1 bağışlamışdır. Yəni tərəflər arasında bağışlanma müqaviləsi 2021-ci ildə bağlanmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ilə məhkəməyə 2024-cü il tarixdə müraciət edilmişdir. Göründüyü kimi hazırkı iddia üzrə iddiaçı tərəfindən müddət (kəsici) ötürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanması barədə 26 aprel 2021-ci il tarixdə Şirvan şəhər 1 saylı Notariat Ofisində bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-517/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-517/2024
22.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver