Məhkəmə qərarları › İş №2(032)-628/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-628/2025

12.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-628/2025 12.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi İddiaçı X2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, sonuncuların nümayəndəsi və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməyi və həmin mənzildə yaşamasına maneəçilik edilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzili 1984-cü ildə mərhum atası İsmayıl İbrəhimova işlədiyi idarədən veriblər. Qeyd edilən mənzil atası vəfat etdikdən sonra vərəsəlik qaydasında anasının adına keçmiş, daha sonra isə bacısı Cavabdeh1 adına qeydiyyata alınmışdır. 1984-cü ildən cavabdehlərlə birlikdə qeyd edilən mənzildə yaşayır. Cavabdehlər bacı və qardaşlarıdır. Təxminən 1 ildən artıq müddətdir ki, bacı və qardaşı onu yaşadığı mənzildən qovublar. Hazırda kirayədə yaşamaq məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, sonuncuların nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh1 İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1125/2023 saylı qətnaməsindən görünür ki, sonuncunun qeyd edilən mənzildən istifadə hüququ müəyyən edildiyindən qətnamə ilə iddia rədd edilmişdir. xx.xx.2013-cü il tarixli şahidlər X6 və X3 iştirakı ilə tərtib edilmiş X4 tərəfindən yazılmış vəsiyyətnamədə göstərilmişdir ki, ölən günədək özünə məxsus olan, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını onun ölümündən sonra qızı Cavabdeh1 vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 4, mənzil 55, yeni qaydalarla Şirvan şəhəri, F.Eynullayev küçəsi 301, M5, m2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Xəqani küçəsi 4 saylı evin 55 saylı ünvanında yerləşən ümumi sahəsi 94.1 kv.m, yaşayış sahəsi 60.9 kv.m, yardımçı sahəsi 33.2 kv.m olan 5 otaqlı mənzili Cavabdeh1 bağışlamışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı oğlu cavabdehlərin ailə üzvüdür və o, mübahisəli evdə 1984-cü ildən yaşadığından həmin mənzilə köçürülməlidir. Habelə cavabdeh tərəf iddiaçının mənzildən istifadə hüququnu aradan qaldıran hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iddiaçının tələbinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı mübahisəli mənzilə köçürülməli və həmin mənzildə yaşamağına maneəçilik edilməsi cavabdehlərə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanda yerləşən mənzilə köçürülsün və həmin mənzildə yaşamağına maneəçilik edilməsi cavabdehlərə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar