Məhkəmə qərarları › İş №2(032)-704/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-704/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-704/2025 19.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1012,79 manat pulun və ödənilmiş 30,13 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh bacısı Lamiyə keçmiş iş yoldaşı olub. Lamiyənin xahişi ilə Cavabdeh "xxxx" ASC-nin Şirvan filialından götürdüyü kredit müqaviləsi əsasında kreditə pul götürmüşdür. Həmin kreditə zaminlik müqaviləsində zamin olmuşdur. Bütün bunlara baxmayaraq iş üzr cavabdeh krediti vaxtlı-vaxtında ödəməmişdir. Bunun nəticəsi olaraq "xxxx" ASC müvafiq məhkəməyə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-822/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin müvafiq məktubu əsasında işlədiyi əmək haqqına yönəltmə edilmişdir. Hazırda 2025-ci ilin yanvar ayına kimi, ümumilikdə əmək haqqından 1012,79 manat pul tutulmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək borcu qəbul etdiyini, maddi imkanı olmadığından ödənişləri edə bilmədiyini və bank öhdəliyi qurtardıqdan sonra qeyd olunan məbləği qaytaracağını bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli kredit sazişindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 23% olmaqla 48 ay müddətinə 15.000 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin Şirvan filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 25 fevral 2020-ci il tarixli kredit sazişindən görünür ki, İddiaçı borcalan Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Şirvan şəhər Məhkəməsinin 2(032)-822/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 11746,88 manat məbləğində əsas kredit borcu, 1056,62 manat faiz borcun, cəmi 12803,5 manat və 129 manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı "xxxx"ASC-yə verilməsi qət edilmişdir. Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X2-Salyan Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, Şirvan şəhəri 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının yardımçı fəhləsi İddiaçı əmək haqqından, aylar üzrə ümumilikdə 1012,79 manat məbləğində pul "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh "xxxx" ASC-nin qarşısında kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü vəzifələri bir borclu kimi yerinə yetirməmiş, məhkəmə qaydasında borcun müştərək qaydada borclu və zamindən tutulması müəyyən olunmuş, lakin bank qarşısında öhdəliyini borclu Cavabdeh deyil, zamin İddiaçı tam olaraq icra etmişdir. Hazırda isə iddiaçı qismində zamin borclu cavabdehdən mülki qanunvericiliklə ona verilmiş reqres hüququndan haqlı olaraq istifadə etməklə banka onun əvəzinə ödədiyi – 1012,79 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə olan halda isə, iddia təmin edilməli, cavabdehdən göstərilən məbləğdə pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 30,13 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 30,13 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏ T E T D İ : İddia təmin edilsin. Cavabdeh 1012,79 (bir min on iki manat yetmiş doqquz qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30,13 (otuz manat on üç qəpik), cəmi 1042,92 (bir min qırx iki manat doxsan iki qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar