Məhkəmə qərarları › İş №2(032)-718/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-718/2023

09.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-718/2023 09.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə və yaşayış hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 7, 16 saylı mənzili üzrə istifadə və yaşayış hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı üzrə mənzili xx.xx.2023-cü il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışla mülkiyyətindədir. Həmin mənzil mülkiyyət hüququ əsası ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda onunla ailə üzvü olmayan, lakin uzun müddətdir ki, başqa ünvanda yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadırlar. Adı çəkilən şəxslər mülkiyyətində olan mənzildə ümumiyyətlə yaşamamışlar. Cavabdeh1 qardaşı qızı, Cavabdeh2 isə qardaşı Daşqının həyat yoldaşıdır. Cavabdehlər mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olmaqla onun üçün müəyyən çətinliklər yaradırlar. Belə ki, onların mənzilin qeydiyyatında olduqlarına görə həmin şəxslərin adına mənzilkommunal xərclərini ödəyir. Onlar mənzilin pasport qeydiyyatından çıxmaq fikrində deyillər. Bu səbəbdən də mülkiyyəti olan mənzilin pasport qeydiyyatında olmalarını istəmədiyi, lakin hal-hazırda pasport qeydiyyatında olan cavabdehlərin pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Polis Şöbəsindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onların qeydiyyatdan çıxarılmasının qanuna zidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanına istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, onun anası 21 may 2020-ci ildə vəfat etmişdir. Hazırda mülkiyyətçisi olduğu mənzil ona vərsəlik qaydasında anasından qalmışdır. Həmin vərəsəlik işi zamanı qardaşları və bacısı vərəsəlik üzrə onlara çatan paydan onun xeyrinə imtina etmişlər. Həmin mənzildə onunla birgə iki qardaşı və bacısı yaşamışdırlar. X2 ilə Cavabdeh2 2007-ci ildə rəsmi nikaha daxil olmuşdurlar. Həmin vaxta da hazırda mülkiyyətində olan evə pasport qeydiyyatına düşmüşdür. Sonradan qardaşı Daşqın ilə Turanə arasında bağlanmış nikah pozulmuşdur. Həmin vaxtdan Turanə Türkiyyə Respublikasına köçmüş və orda da yaşamaqdadır. X11 və qardaşı Mehtiyev Vurğunun isə Bakı şəhərində özlərinin mülkiyyətində ayrıca evləri vardır. Cavabdeh1 onun qardaşı Vurğunun qızıdır. Vurğunun mülkiyyətində evi olsa da, qızı ona məxsus olan evdə qeydiyyatdadır. Həmçinin ona məxsus olan evdə yaşamır. Cavabdeh1 də Türkiyyə Respublikasında yaşayır. Onların hər iki ona məxsus olan evdə yaşamırlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında istifadədə olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında qeydiyyatdadırlar. Şirvan şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 13-111/2-M-109xx/xx/2023 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan 5 saylı Mənzil İstismat Sahəsinin rəisi X6, ünvan 7 ünvanda yaşayan X3, X10, ünvan 8 ünvanda yaşayan X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, ünvan 9 ünvanında yaşamırlar. Həmçinin aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-38-33/2-2525/23 nömrəli məktubda xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında son olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.1983-cü il təvəllüdlü Babayeva (Əzizova) Turanə Absalam qızının dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında son olaraq xx.xx.2022-ci il tarixdə çıxış etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı qardaşı qızı, Cavabdeh2 isə qardaşı Daşqının həyat yoldaşıdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, Babayeva (Əzizova) Turanə Absalam qızı isə xx.xx.2022-ci il tarixdə dövlət sərhədindən çıxmışdır. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən hüququ itirilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından, iddiaçı cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanına istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar