Məhkəmə qərarları › İş №2(032)-720/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-720/2024

08.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-720/2024 08.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2020-ci il tarixli 3/15 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2020-ci il tarixli 3/15 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən çıxarılmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarıxlı 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 29 yanvar 2020-ci il tarixli “3/15” nömrəli xüsusi təyinatlı yaşayş sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh2 və Babayeva X6 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 ailəlik qəsəbədə 3 saylı binada 15 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Şirvan şəhər Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 15 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə 15 nömrəli mənzilə dair abonentin sayğac göstəriciləri və aktlar əlavə ounur). Sahə rəisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 15 nömrəli mənzildə yaşamadığları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara verilmiş Şirvan şəhər, F.X.Xoyski küçəsi, 685 ailəlik qəsəbədə 3 saylı binanın 15 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X4 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə materiallarında olan : xx.xx.2020-ci il tarixli “3/15» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi Cavabdeh2 və onun ailə üzvlərinə ( bacısı Cavabdeh1 və bacısı qızı X5) Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 3-da yerləşən 15 nömrəli 2 otaqlı mənzil verilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “aktlar”dan görünür ki, Mənzil Kommunal istismar Sahəsinin rəisi Nümayəndə, mühəndisi X4, qeydiyyat kargüzarı X8, işçiləri X9 və X3 şəhəri 685 mənzillik qəsəbədə yerləşən bina 3 mənzil 15-də yaşayışın olmadığını təyin etmişlər. Mənzildə yaşayışın bərpa etməsi üçün dəfələrlə məlumat versələrdə yaşayış hələ də bərpa edilməmişdir. xx.xx.2024-cü il tarixli “akt”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 “ liftlərin texniki xidmət haqqı” üçün olan ödənişi xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixədək ödəməmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 yaşadığı dövrdən mənzil - kommunal Xidməti üçün olan ödənişi ödəməmişdir. xx.xx.2020-ci il tarixli “3/15» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin: 5.4.2-ci bəndinə əsasən kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər istisna olmaqla) 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi mənzil qanunvericiliyinə görə xüsusi təyinatlı yaşayış sahəsi kirayə müqaviləsi əsasında kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 24 fevral 2017-ci il tarixli qaydalarının 3.7-ci bəndinə görə məcburi köçkün ailəsi müvəqqəti istıfadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. İşin faktiki hallarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 uşağı ilə birlikdə faktiki olaraq ünvan 2 ünvanında yaşamamışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və uşağı X5 faktiki olaraq xüsusi təyinatlı yaşayış sahəsində yaşamadığından xx.xx.2020-ci il tarixli 3/15 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və uşağı X1 şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 3-də yerləşən 15 nömrəli mənzildən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə cavabdehlər Cavabdeh2 arasında Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 3-də yerləşən 15 nömrəli mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli 3/15 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 övladı X5 ilə birlikdə həmin mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar