Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-741/2024 12.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 53.30 kv.m-dən ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi tərəfindən **********01-093031 reyestr nömrəli xx.xx.2024-cü il tarixli çıxarış əsasında mülkiyyətindədir. Oğlu X1 həyat yoldaşı və hazırki iş üzrə Cavabdeh razılığına əsasən həmin mənzilə qeydiyyata düşmüşdür. Onların arasında olan nikah pozulmuş və sonuncunun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Odur ki, cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o daşınmaz əmlakı 2014-cü il tarixdə öz vəsaiti ilə alğı-satqı yolu ilə əldə etmiş, həmin tarixdən oğlu öz ailəsi ilə orda yaşamışdır. Keçmiş gəlini Cavabdeh mülkiyyətində olan mənzilə qeydiyyata düşməsinə etiraz etməmiş, lakin onun istifadə hüququnun qeydiyyata alınması üçün heç bir müvafiq orqana müraciət etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək bildirdi ki, o, X14 ilə 15 noybar 2008-ci il tarixdə nikahlarını Şirvan şəhər Qeydiyyat şöbəsində 613 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2018-ci il tarixdə X15 və xx.xx.2010-cu il tarixdə X16 adlı iki övladı anadan olmuşdur. Aralarında olan nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, ona xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Yaşadıqları müddət ərzində valideyinlərinin və onların birgə dəstəyi ilə 22000 manat dəyərində ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 53.30 kv.m-dən ibarət mənzil əldə edilmişdir. Qeyd edilən mənzilin alınması zamanı İddiaçı ilə atası razılaşması (X14 müddətdən artıq hərbi qulluqçu olduğundan, ev növbəsində olması və adına mənzil olduğu təqdirdə yaşayış sahəsi ilə təmin edilə bilməyəcəyi) əsasında mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə razılaşmışlar. Əldə edilmiş mənzildə iddiaçı bir gün olsa belə yaşamamışdır. Yaşadıqları müddət ərzində valideyinlərinin maddi və mənəvi dəstəyi ilə təmir edilmişdir. Nikahın pozulmasına baxmayaraq hazırda qeyd edilən ünvanda ailəsi və övladları ilə birlikdə yaşayırlar. Birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X15 autizm xəstəliyindən ciddi əziyyət çəkir. Müayinə və müalicə olunmasına baxmayaraq bu günədək müalicəsi davam etdirilir. Onların hazırda başqa yaşayış yerləri yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, cavabdehin etiraz ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(032)-122/2024 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, X14 ilə Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat şöbəsində 15 noyabr 2008-ci il tarixdə 613 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, qarşılıqlı iddianın təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş 15 yanvar 2010-cu il təvəllüdlü X16 və 19 dekabr 2018-ci il təvəllüdlü X15 nikah pozulduqdan sonra anası Cavabdeh yanında saxlanılması, 15 yanvar 2010-cu il təvəllüdlü X16 və 19 dekabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq X7 Cavabdeh xeyrinə hər ay, hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və Cavabdeh nikahı Şirvan şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixdə qətnaməyə əsasən pozulmuşdur. Nikaha 27 mart 2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin 13 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna zidd olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 29 nömrəli reyestr kitabında 31 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 06 may 2024-cü il tarixli aktdan görünür ki, Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 5 nömrəli mənzildə yaşayan X5, Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 3 nömrəli mənzildə yaşayan X6, Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 8 nömrəli mənzildə yaşayan X3 şəhər Mənzil Təsərrüfat idarəsinin 4 saylı sahə rəisi X4 bu aktla həqiqətən də Cavabdeh və onun iki azyaşlı övladı 2014-cü ildən bu mənzil alınandan bu mənzildə yaşamalarını, hal-hazırda Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzildə yaşadıqlarını təsdiq etmişlər. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzili İddiaçı alğı-satqı yolu ilə 2014-cü ildə almışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, hazırkı mülki iş üzrə Cavabdeh iş üzrə iddiaçının oğlu X14 ilə 2008-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 2 uşaqları olmuşdur. İddiaçı mübahisəli mənzil olan Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzili 2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış, Cavabdeh həmin mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh ilə X14 arasındakı nikah 2024-cü il tarixdə pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Ona görə də, məhkəmə mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, cavabdehin ona məxsus olan mənzildə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun hüquqi əsaslarını yoxlamışdır. Bundan başqa məhkəmə Cavabdeh mübahisəli Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Hazırkı iş üzrə mübahisəli Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində cavabdeh X8 (keçmiş əri) adına qeydə alınması müəyyən edilməmiş və bununla da həmin əmlak üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmədiyindən, tərəflərin ümumi əmlakı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, Cavabdeh Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzilin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Belə olan halda isə məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü olmadığından, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. Məhkəmə eyni zamanda Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə əsasən mübahisəli yaşayış evindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini də yoxlamalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş üzrə tədqiq edilmiş sübutlardan tərəflər arasında belə bir razılaşmanın bağlanması müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, Cavabdeh Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzilindən «istifadə hüququ» nə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, nə də ki, «istifadə etmək hüququ» 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranmamışdır. Beləliklə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzilindən istifadə və ya istifadə etmək hüququ olmadığından və mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri F.Eynullayev küçəsi 9 saylı evin 13 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-741/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-741/2024
12.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver