Məhkəmə qərarları › İş №2(032)-81/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-81/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-81/2023 20.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ verilməklə uşağı ilə birlikdə evə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ verilməklə uşağı ilə birlikdə evə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzilinə azyaşlı uşağı ilə birlikdə istifadə hüququ verilməklə, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu Nümayəndə Maarif oğlu ilə 2019-cu ildə ailə qurmuşlar, cavabdehin evinə gəlin köçmüşdür. Nikahlarını xx.xx.2019cu ildə rəsmiləşdirmişlər, həmin nikahdan xx.xx.2020-ci il tarixdə Günay adlı bir nəfər uşağı anadan olmuşdur. Hazırda bir neçə aydır ki, cavabdeh onu öz yaşayıdığı evdən məcburu qaydada çıxarmışdır. Hal-hazırda da onun cehiz əşyaları, qızıl-zinət əşyaları cavabdehə məxsus evdədir. Özü Şirvan şəhərində azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Nikahın pozulması və aliment tələbinə dair məhkəmənin icraatında iş vardır. Hazırda o artıq kirayədə yaşaya bilmir, çünki maddi imkanı çatmır. Həmin evə mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmış və hazırda da həmin evdə qeydiyyatdadır. Ona görə də hesab edir ki, əvvəl yaşadığı və gəlin köçdüyü evə onun və uşağının istifadə hüquqları bərpa olunmalı və onlar həmin mənzilə köçürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh ərizə göndərərək iddianı qəbul etmədiyini, Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzil ona məxsus olduğunu, İddiaçı həmin mənzilə köçürülməsinə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verib bildirdi ki, İddiaçı ilə 15 aprel 2019-cu il tarixdə evlənmiş, həmin nikahdan bir uşaqları olmuşdur. Şirvan şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mübahisə edilən ev anası Cavabdeh məxsusdur. Özü Bakı şəhərində qeydiyyatdadır. İddiaçı həmin mənzilə köçürülməsinə etiraz edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş 1992-ci il sentyabr tarixli X3 daxil olan yaşayış evinin Texniki pasportunun surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzilinin sahibi Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş “müəllimlərin yaşadıqları dövlət fondunda olan mənzillərin əvəzsiz qaydada bağışlanması” barədə 04 iyun 1992-ci il tarixli Sərəncamından görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzili əvəzsiz qaydada Cavabdeh bağışlanmışdır. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzili Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Nümayəndə ilə İddiaçı arasında olan Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış, 15 aprel 2019-cu il tarixli, 155 nömrə ilə qeydə alınmış nıkahın pozulması qət edilmişdir. Məhkəmə onu qeyd edir ki, İddiaçı mübahisəli evdə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, onun evdə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun»hüquqi əsaslarını yoxlamışdır. Beləliklə məhkəmə tərəflər arasında mübahisəli evdən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin 2019-cu ildə yaranmasını və mübahisəli evin 1992-ci ildən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmasını nəzərə alıb, hesab edir ki, mövcud mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki,ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq ,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa,onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə İddiaçı mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh ailə qanunvericiliyi əsasında özünün saxlanılmasını tələb etmək hüququnun olmamasını nəzərə alıb, hesab edir ki, İddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil olmamışdır. Ona görə də onun Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmamışdır. Məhkəmə eyni zamanda İddiaçı Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzildən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri əsasında istifadə hüququna malik olub-olmamasını da yoxlamalı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzilə 2019-cu ildə köçdükdən sonra evin mülkiyyətçisi olan Cavabdeh ilə evdən istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razıraşma bağlamamışdır. Belə olan halda məhkəmə hesab edir ki,mübahisəli evin mülkiyyətçisi Cavabdeh ilə İddiaçı evdən istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığından, İddiaçı evdən istifadə hüququ əmələ gəlməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı qıznın Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzildən istifadə hüququ yaranmadığından onun uşağı ilə birlikdə evə köçürülməsi tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, T.İsmayılov küçəsi 17 saylı evin 40 nömrəli mənzilə uşağı ilə birlikdə istifadə hüququ verilməklə, həmin evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar