Məhkəmə qərarları › İş №2(032)-921/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-921/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-921/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1958-ci il tarixdə Ağdam rayonu Seyidli kəndində anadan olmuş Ərizəçi xx.xx.1973-cü ildən xx.xx.1977-ci il tarixədək Ağdam rayonu 50 nömrəli Ağdam Peşə məktəbində təhsil almağı ilə faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Ağdam rayonu Seyidli kəndində anadan olmuşdur. Şirvan şəhəri, F.X.Xoyski küçəsi, 685 mənzillik məcburi köçkün qəsəbəsi, bina 13, mənzil 34 ünvanında məcburi köçkün kimi qeydiyyatdadır. Yaşa görə pensiya yaşına çatdığı üçün sənədləri toplamaq qərarına gəlmiş, bu səbəbdən Ağdam rayonu 50 nömrəli Ağdam Peşə Məktəbində oxuduğu illərin staj kimi qəbul olunması üçün lazımı arxiv sənədlərin ona verilməsi ilə bağlı Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etmişdir. Lakin həmin qurum tərəfindən ona xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq 50 nömrəli Ağdam Peşə Məktəbinin sənədləri xx.xx.1993-cü il tarixində Ağdam şəhəri işğal olunan zaman məhv edildiyi üçün müraciəti təmin etmək mümkün olmadığı bildirilmişdir. O, 50 nömrəli Ağdam Peşə Məktəbində xx.xx.1973-xx.xx.1977-ci ilədək avtokran sahəsində təhsil almış, onunla birgə oxuyanlar (tandığı şəxslər) birinci Qarabağ müharibəsində şəhid olmuşlar. Lakin həmin məktəbdə onunla birlikdə X1 (yaşayış yeri:Şirvan şəhəri, F.X.Xoyski küçəsi, 685 mənzillik məcburi köçkün qəsəbəsi, bina 11, mənzil 19) və X5 (yaşayış yeri:Şirvan şəhəri, F.X.Xoyski küçəsi, 685 mənzillik məcburi köçkün qəsəbəsi, bina 10, mənzil 4) oxuyublar. Onlar təsdiq edə bilərlər ki, o, həqiqətən xx.xx.1973-xx.xx.1977-ci illərdə 50 nömrəli Ağdam Peşə Məktəbində avtokran sahəsində təhsil almışdır. Göründüyü kimi təhsil aldığı illərlə bağlı hüquq müəyyənedici sənədin əldə olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əgər bu hal öz təsdiqini tapsa onun yaşa görə pensiya almaq hüququ yaranacaq. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1954-cü ildə Ağdam şəhərində anadan olmuş X1 təsdiq etdi ki, Ağdamda Ərizəçi ilə yaxınlıqda yaşamışlar. O Ağdam rayonunda yerləşən təhsil müddəti bir il olan Ağdam şəhər 50 nömrəli Texniki Peşə Məktəbində xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək təhsil almış, ona mexaniki yığma çilingəri ixtisası verilmişdir. Daha sonra sürücülük ixitisası üzrə təhsil almışdır. O, həmin ixtisas üzrə təhsil aldığı müddətdə Ərizəçi da həmin texniki peşə məktəbinə daxil olmuş, avtokran sahəsində təhsil almışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1957-ci ildə anadan olmuş X4 təsdiq etdi ki, O, Ağdam rayonunda yerləşən təhsil müddəti bir il olan Ağdam şəhər 50 nömrəli Orta təhsil verən X10 Məktəbində xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək təhsil almış, ona 5-ci dərəcə dərzilik ixtisası verilmişdir. Ərizəçi onun qardaşıdır, o da həmin dövrdə Ağdam şəhər 50 nömrəli texniki peşə məktəbində avtokran sürücüsü ixtisası üzrə təhsil almışdır. İş materiallarında olan və məhkəmə baxışından tədqiq olunmuş: Azərbaycan Respublikası Qaçqın və X2 üzrə Dövlət Komitəsi Şirvan şəhəri və İsmayıllı rayonu Mənzil-Kommunal İstismari İdarəsinin 921 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Ərizəçi həqiqətən ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-63/2-P-7xx-xx/2024 sayl məktubundan görünür ki, 50 nömrəli X7 sənədləri xx.xx.1993-cü il tarixində Ağdam şəhəri işğal olunan zaman məhv edildiyi üçün təhsil sənədinin təsdiqindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-P-40676/2024 saylı məktubundan görünür ki, Ərizəçi ümumi qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25) il az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. AA 057779 saylı xx.xx.2002-ci il tarixli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ağdam şəhərində anadan olmuş Ərizəçi məcburi köçkündür. AB № 565019 sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci ildə Ağdam rayonunda anadan olmuş Ərizəçi sürücülük vəsiqəsi Azərbaycan Respublikası DİN BDYPİ Ağcabədi rayon X3 Baxış Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialının sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 24 saylı məktubundan görünür ki, 50 nömrəli X7 arxiv sənədləri filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur (yoxdur). Bu səbəbdən Ərizəçi həmin məktəbdə təhsil alması barədə heç bir məlumat vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialının sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 26 saylı məktubundan görünür ki, 50 nömrəli X7 arxiv sənədləri filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Ona görə də məktubda tələb olunan Ərizəçi 1973-1977-ci illərdə təhsil alması barədə cavab vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-13-16-1/2-513/2024 saylı məktubun surətindən görünür ki, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən vətəndaş Ərizəçi AA191235 nömrəli sürücülük vəsiqəsini xx.xx.2003-cü ildə AVJ750629 nömrəli sürücülük vəsiqəsi əsasında , AB565019 nömrəli sürücülük vəsiqəsini xx.xx.2013cü ildə AA191235 nömrəli sürücülük vəsiqəsi əsasında Ağcabədi RQİ və TBŞ-də dəyişdirilmişdir. Əməliyyat üzrə aparılmış sənədlər saxlama müddəti bitdiyi üçün təlimata əsasən yandırma üsulu ilə məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Sürücülük kartoçkasının dublikatından görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə BC kateqoriyalı AVJ 750624 seriyalı və xx.xx.2003-cü ildə BC kateqoriyalı AA 191235 seriyalı sürücülük vəsiqələri verilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi 135 nömrəli attestatın surətindən görünür ki, X1 təhsil müddəti bir il olan Ağdam şəhər 50 nömrəli Texniki Peşə Məktəbində xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək təhsil almış, ona mexaniki yığma çilingəri ixtisası verilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi 135 nömrəli attestatın surətindən görünür ki, X4 təhsil müddəti bir il olan Ağdam şəhər 50 nömrəli orta təhsil verən X10 Məktəbində xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək təhsil almış, ona 5-ci dərəcə dərzilik ixtisası verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 1979-2000-ci illərdə müxtəlif qurumlarda sürücü vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 1.2-1.4-cü bəndlərinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Ərizəçi xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək Ağdam rayonu 50 nömrəli Ağdam Peşə Məktəbində təhsil alması faktı müəyyən edildiyindən, hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi haqqında ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək Ağdam rayonu 50 nömrəli Ağdam Peşə Məktəbində təhsil alması faktı müəyyən edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar