Məhkəmə qərarları › İş №2(032)-940/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-940/2025

30.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-940/2025 30.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı üzrə mənzili mərhum anası X6 miras qalmışdır. Ünvan üzrə bağılanma müqaviləsi əsasında adına rəsmilədirilməklə X2, Cavabdeh1, X7 və X3 mənzilin adına rəsmiləşdirilməsinə etirazlarının olmaması barədə notariat ofisinə ərizə ilə müraciət etmişlər. Cavabdeh1 qardaşı olmaqla Cavabdeh2 isə qardaşı qızıdır. Cavabdehlər hazırda Şirvan şəhərində özlərinə məxsus mənzildə yaşayırlar. Mənzil üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli MA ******* nömrəli çıxarış verilmişdir. Qeyd edilən çıxarışı əldə etdikdən sonra cavabdehlərin müvəqqəti qeydiyyata düşmələri zərurəti yarandığından mülkiyyətimdə olan mənzilin pasport qeydiyyatına aldırdır. Lakin sonradan məlum olmuşdur ki, cavabdehlər mənzilin pasport qeydiyyatına daimi alınmışdır. Cavabdehlər mülkiyyətində olan mənzildə yaşamamışlar. Cavabdehlərə dəfələrlə mülkiyyətində olan daşınmaz əmlakın pasport qeydiyyatından çıxarılması üçün müraciət etsə də cavabdehlər qeydiyyatdan çıxmamışlar. Bu barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət etmişdir. Ona şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdehlər mülkiyyətində olan mənzildə yaşamamışlar. Cavabdehlər könüllü qeydiyyatda çıxmalarına razılıq vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh1 məhkəməyə İddiaçı iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddiaçı özü də iddia ərizəsində onun istifadə hüququna xitam verilməsi olan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 17, 88 saylı mənzilin mərhumə anası, yəni onun da anası olmuş X6 miras qaldığını, lakin həmin mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə isə digər bacıları kimi o Cavabdeh1 tərəfindən razılıq verilmişdir. İddiaçı məhz bunu əlində əsas tututaraq onun razılığı olduğundan, mərhum analarından miras qalmış həmin mənzilə istifadə hüququmun olmadığından, ona görə də istifadə hüququna xitam verilməklə yanaşı gələcəkdə inzibati qaydada onu miras əmlakdan pasport qeydiyyatdan çıxarmaq məqsədi vadır. Belə ki, əvvəla o və qızı Cavabdeh2 sözügedən mənzildə 2010-cu il tarixdən yaşamırlar və istifadə etmirlər, belə olan halda iddiaçı hansı əsaslarla onların istifadə etmədikləri mənzildən istifadə hüququna xitam verilməsi tələbini irəli sülmüşdür. Hesab edir ki, iddiaçı onları sözügedən həmin mənzildən pasport qeydiyyatından çıxartmaq üçün əvvəlcə istifadə hüquqlarına xitam vermək istəyir, sonra isə pasport qeydiyyatından çıxartmaqla, məqsədi həmin mənzildən onun miras əmlaka olan vərəsə payını da məhdudlaşdırmaq və onun vərəsə payını öz payına birləşdirməklə miras əmlakda olan vərəsə payını mənimsəməkdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, onun özünə məxsus daşınmaz əmlakımın olduğunu və həmin əmlakda yaşadığını bildirir. Halbuki, onun nəinki, Şirvan şəhərində, heç respublikada mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlakı vardır, bu halı daşınmaz əmlakın dövlət reyestr xidmətinə sorğu verməklə müəyyən etmək olar. O, ailəsi ilə birgə faktiki olaraq Şirvan şəhəri, F.Ələkbərov küçəsi 23 saylı evdə 2010-cu il tarixdən kirayə qalmaqla yaşayır. Bunun sübutu əsası olan kirayə qaldığı ünvanda qonşuların iştirakı ilə təsdiq edilmiş Şirvan şəhər Kommunal Kombinat Müəssisəsinin xx.xx.2025-ci il tarixli akt ilə yuxarıda qeyq etdiyi hallar bir daha öz təsdiqin tapır. Belə olan halda iddiaçı hansı əsaslarla onun özünə məxsus daşınmaz əmlakının olduğunu iddia ərizəsində qeyd edir. Hesab edir ki, bu hal iddiaçı tərəfindən məhkəmədə onun adına daşınmaz əmlak qeyd etməklə ona qarşı fikir ayrılığı yaratmaq məqsədi daşıyır. Bu səbəbdən də hesab edir ki, iddiaçının onların sözügedən mənzildən istifadə hüququna xitam verilməsi həm mənzil qanunvericiliyin, həm də mülki qanunvericiliyin tələbləri baxımından yuxarıda qeyd etdiyi faktiki hallara və hüquqi əsaslara görə yol verilməzdir. İddiaçı iddia tələbində Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etməkdə və bunun əsasında da Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrini əsas tutmaqla onun istifadə hüququna xitam verməklə haqlı olmasında maddi hüquq normalrının tətbiqi baxımından səhvə yol verir. Belə ki, onun iddiaçının adına sözügedən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 17, 88 saylı mənzilin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində mülkiyyət hüququ əsasında qeydə alınmasına notarial razılıq verməsi, ona dəlalət etməməlidir ki, o mərhumə anası X6 miras qalmış əmlakda vərəsə olaraq ona düşən payından imtina etmişdir. Və belə olan halda o miras qalmış əmlakda iddiaçı kimi vərəsə olaraq payı olduğundan, həmin payından məhrum edilmədiyindən və həmin payın notariusa müraciət edərək vərəsə kimi tanınaraq vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı halda pay hissəsində mülkiyyət hüququ əldə etmiş olur. Belə olan halda hansı əsaslarla iddiaçı mərhumə anasından miras qalmış əmlakdan istifadə hüququma xitam verir. O ki, qaldı iddiaçının Mülki Məcəllənin 228.2-ci madddəsinə əsasən ( kompensasiya verilməklə smlakdan istifadə hüququna xitam verilməsinə gəldikdə isə iddiaçı iddia ərizəsinin təsviri hissəsində, təklif kimi göstərsə də, lakin iddia ərizəsinin xahiş etdi hissəsində buna dair münasibət bildirməmişdir. Bu səbəbdən də hesab etmək olar ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən həmin müddəa formal xarakter daşıdığından iddia tələbinin əsasını təşkil etmədiyindən əhəmiyyət daşımır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X21 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, 1988-ci ildə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 17 saylı ev, 88 nömrəli mənzilə köçmüşlər. İddiaçı 2008-ci ildə ailə həyatı qurmuş, 2009-cu ilədək iddiaçı ilə birlikdə mehriban yaşamışlar. Hal-hazırda Şirvan şəhərində “Milyonerlər məhəlləsi” adlanan yerdə kirayədə qalır. Kirayədə qaldığı müddət ərzində anası onunla qalmışdır. Onun yas mərasimi kirayədə yaşadığı evdə vermişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş X5 Sovetinin İcraiyyə Komitəsindən verilmiş xx.xx.1989-cu il tarixli 71 nömrəli orderin surətindən görünür ki, 3-cü MİK, Lenin prospekti 17 saylı evin 88 №-li mənzili X1 verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2011-ci il tarixli bağışlanma müqaviləsininin surətindən görünür ki, X18 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş 5028 saylı arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş MA № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında ona məxsus olan Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 17 saylı binada yerləşən 88 saylı,5 otaqlı yaşayış sahəsi 60,3 kv.metr , yardımçı sahəsi 27,9 kv. metr , ümumi sahəsi 88,2 kv metrdən ibarət mənzilli oğlu İddiaçı bağışlamışdır. İddiaçı həmin bağışlanan əmlakı anası X6 qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 17 №-li reyestr kitabında 49 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 18 saylı evin 88 nömrəli mənzilinin hüququ subyekti X9r. Tərtib edilmə tarixi 2011-ci il. Mənzilin yerləşdiyi binanın tikildiyi il 1989-cu il. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2025-ci il tarixdə insulindən asılı şəkərli diabet səbəbindən Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci ildə 28 № ilə qeyd edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 5-8-1/2-351/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən ünvan 4 ünvanında Cavabdeh1, İddiaçı, X23, X18, X4, X10 və Cavabdeh2 qeydiyyatdadırlar. ünvan 5 ünvanda yaşayan X14, ünvan 6a yaşayan X8, ünvan 7a yaşayan X24 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh1 ünvan 8 ünvanda kirayəkeş yaşayır. Aktı öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə mübahisəli evdən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin 2000-ci ilədək yaranmasını nəzərə alıb,hesab edir ki,mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ və İİİ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı olmuş anası X18 birlikdə yaşayaraq onunla bərabər mənzildən istifadə etmək hüququna malik olmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan evə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə əmələ gəlmiş istifadə hüququna kompensasiya verilməklə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əmələ gəlmiş istifadə hüququna isə həm istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə, həm də istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bununla yanaşı məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinəəsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə cavabdehlər Cavabdeh1, övladı Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna malik olması, lakin övladı ilə birlikdə daimi yaşamaq üçün başqa evə köçməsi ilə mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi, habelə cavabdehin müvəqqəti olaraq mübahisəli evi tərk etməsi (15 ilə yaxın həmin evdə yaşamamışdır) halı müəyyən olunmadığından və cavabdehin mübahisəli ev ilə olan əlaqələrin tamamilə itirilməsi halı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, cavabdehlə Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 17, 88 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməli , bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 17, 88 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar