Məhkəmə qərarları › İş №2(033)-1/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1/2022

25.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1/2022 25.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Cavabdeh Abdulla oğlunun iştirakı ilə iddiaçılar İddiaçı, X1 və X4 Cavabdeh Abdulla oğluna qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı, X7, X8 iddia ərizəsi ilə müraciət edərək, onların xüsusi mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.05.2018 tarixli, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Dövlət reyestrindən Çıxarışda göstərilən 0,4832 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.4832 ha (çoxillik əkmələr) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 14.05.2018 tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı, ******* nömrəli Dövlət reyestrindən Çıxarış da verilmişdir. Həmin torpaq sahəsi islahat zamanı 1996-cı ildə qəbul olunmuş X9 Qanuna əsasən verilmişdir. Həmin torpaq sahəsində kolxoz tərəfindən əkilmiş fındıq ağacları da mövcuddur. İndiyə kimi həmin torpaq sahəsinin sənədləri kənd bələdiyyəsində işləyən şəxslər tərəfindən gizlədilərək ona verilməmişdir. Buna görə də onlar torpaq sahələrindən istifadə edə bilməmişlər. Cavabdeh özündə olan saxta sənədlə onları aldadaraq torpaq sahəsində olan fındıq məhsulunu 22 ildir yığıb oğurlayır. Hansı ki, həmin fındıq ağacları da onların xüsusi mülkiyyətindədir və onlar həmin torpaq sahəsinin vergisini ödəyirlər. Həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmaq istəmir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçılar məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçılar ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər, məhkəmə iclası da başqa vaxta keçirilmiş, təkrar ərizə göndərərək üzürlü səbəb olmadan məhkəmə iclasının yenidən təxirə salınmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Abdulla oğlu izahat verərək bildirdi ki, iddia tələbində qeyd edilən çıxarış Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları 15.05.2018-ci il tarixdə verilmiş A seriyalı 263042 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Yuxarı Tala kəndində yerləşən reyestr nömrəsi **********70 olan faktiki sahəsi 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsi DTXK Zaqatala Rayon şöbəsi tərəfindən verilmiş 391 nömrəli 18.11.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı adına tərtib edilmişdir. Azərbaycan Respblikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə 14.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********70 olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X1 və X4 adına qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarından görünür ki, iddia təmin edilərək, üçüncü şəxslər İddiaçı, X1 və X4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi və Zaqatala rayonu 2 nömrəli fındıqçılıq sovxozunun YAİK-i tərəfindən 05.09.1999-cu ildə verilmiş 0,48 ha torpaq sahəsinə iddiaçılar Cavabdeh Abdulla oğlunun, X2, X5 və X6 adına "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli 2- 1(107)-285/2021 nömrəli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər İddiaçı, X7 və X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(116)-162/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.01.2022-ci il tarixli 2-1(102)-205/2022 nömrəli qərarından görünür ki, cavabehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli 2-1(107)-285/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 14.04.2022-ci il tarixdə verilmiş A seriyalı 748391 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Yuxarı Tala kəndində yerləşən reyestr nömrəsi **********70 olan faktiki sahəsi 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsi Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarına əsasən daşınmaz əmlakın hüquqi sahibi olan Cavabdeh Abdulla oğlunun adına tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, Azərbaycan Respblikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə 14.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışə əsasən reyestr nömrəsi **********70 olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X1, X4 adına qeydiyyata alınmış, lakin Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(116)-162/2021 nömrəli qərarına əsasən İddiaçı, X1 və X4 adına verilmiş A seriyalı 379945 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", 15.05.2018-ci il tarixli 263042 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" ləğv edilmişdir. Qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçılar İddiaçı, X7 və X4 iddianın əsası kimi istinad etdiyi 14.05.2018-cu il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış artıq ləğv edilmişdir. Çıxarış mövcud olmadığından mübahisələndirilən torpaq sahəsinin də iddiaçıların mülkiyyətində olması qənaətinə gəlinməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Onu da, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi formal prosedurunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı, X1, X4 cavabdeh Cavabdeh Abdulla oğluna qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçılar İddiaçı, X1 və X4 Cavabdeh Abdulla oğluna qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçının ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar