Məhkəmə qərarları › İş №2(033)-102/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-102/2022

12.01.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-102/2022 12.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1943-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X5 və xx.xx.1946-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X2 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin şöbənin rəisi məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 və X9 onun anasının doğma qardaşlarıdır, yəni onun dayılarıdır. X10 xx.xx.1943-cü il tarixdə, X9 isə xx.xx.1946-cı il tarixdə Yuxarı Tala kəndində doğulmuşlar. Onlar 1970-ci illərdə Rusiya Federasiyasına getmişlər və bir daha geri qayıtmamışlar. Onların Rusiya Federasiyasına getmələri barədə Yuxarı Tala kənd icra nümayəndəliyinin də arayışı və kənd sakinlərinin tərtib etdiyi akt vardır. Bu vaxt ərzində onlardan heç kimin xəbəri olmamış, onlar haqqında heç bir məlumat bilinməmişdir. Maraqlı şəxs verdiyi məktubdan görünür ki, onlar haqqında heç bir nikah və ölüm aktı aşkar olunmamışdır. Zaqatala rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, onlar Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamışlar, yəni Azərbaycan Respublikasının vətəndaşı olmamışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş məktubdan görünür ki, X2 və X5 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatları barədə məlumat müəyyən edilməmişdir. Beləliklə, onlar barədə heç bir yerdə məlumat tapılmamışdır. Hesab edir ki, onların ölmüş elan edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. X21 kəndində ata və babasından qalmış həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin əmlaklar onun tərəfindən idarə olunur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün onların ölüm kağızının əldə edilməsi zəruridir. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamələri almaq üçün müraciət etmişdir. Maraqlı şəxsndə onlar barədə ölüm aktı tapılmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olundu. Buna görə də, X2 və X5 ölmüş elan edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktları ərizəyə əlavə etdiyi sənədlər və şahidlər təsdiq edə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə verilmiş 1082 nömrəli arayışdan görünür ki, aparılmış şifahi sorğu qeydlərinə əsasən X10 və X9 1970-ci illərdən Yuxarı Tala kəndindən Rusiya Federasiyasına getmişlər. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə verilmiş 1081 nömrəli arayışdan görünür ki, mərhum-X3 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evində aparılmış şifahi sorğu qeydlərinə əsasən hal-hazırda heç kim yaşamır. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala rayon Dövlət Arxivi tərəfindən 30 avqust 2021-ci il tarixdə verilmiş 5369 nömrəli arxiv arayışından görünür ki, mərhum-X6 Yuxarı Tala kənd ZDS İ/K-nin 1945-1947-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimidir: X11, X8, X12, X13, X7, X10 və X9. İşdə olan Zaqatala rayon polis şöbəsi tərəfindən 16 sentyabr 2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakinləri xx.xx.1943-cü il təvəllüdlü X10 və xx.xx.1946-cı il təvəllüdlü X9 Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsini almamışlar. İşdə olan Maraqlı şəxs tərəfindən 08 sentyabr 2021-ci il tarixdə verilmiş 05/Q- 1515/69 nömrəli arayışdan görünür ki, 06 oktyabr 1943-cü il təvəllüdlü X5 atası X11, anası isə X4r. İşdə olan Maraqlı şəxs tərəfindən 08 sentyabr 2021-ci il tarixdə verilmiş 05/Q- 1524/69 nömrəli arayışdan görünür ki, 13 aprel 1946-cı il təvəllüdlü X2 atası X11, anası isə X4r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində aydın oldu ki, X10 06 oktyabr 1943-cü il tarixdə və X9 13 aprel 1946-cı il tarixdə anadan olmuşlar. Onlar Ərizəçi dayılarıdır. X10 və X9 1970-ci illərdən Yuxarı Tala kəndindən Rusiya Federasiyasına getmişlər. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamışlar. Onlar Azərbaycan Respublikası vətəndaşları deyillər. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1943-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X5 və xx.xx.1946-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X2 ölmüş elan edilməsini xahiş edir. Mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. İş materiallarından da görünür ki, ərizəçi, X10 06 oktyabr 1943-cü il tarixdə və X9 13 aprel 1946-cı il tarixdə anadan olmuş dayılarının ölmüş elan edilməsini tələb edir. Lakin onların ölməsinə güman etməyə əsas verən sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin onların ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşları olması iş materiallarından görünmür. Bundan başqa, onların barəsində daxili işlər orqanlarında hər hansı axtarış işi açılmamışdır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, hazırkı iddiaya münasibətdə şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması tələb olunur. Məhkəmə qeyd edir ki, ölmüş elan olunması tələb edilən şəxslərin hazırda Rusiya Federasiyasında yaşayıb-yaşamamasını yoxlamadan bu qənaətə gəlinməsi yolverilməzdir. Məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə, nə qədər ki ərizəçiyə şəxslərin Rusiya Federasiyasına getməsi məlumdur, onların ölmüş elan edilməsi barədə halın müəyyən edilməsi yalnız həmin şəxslərin Rusiya Federasiyasında olub-olmaması, onların həmin dövlətin vətəndaşı olubolmaması, ölüb-ölməmələri ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Bununla bağlı da hər hansı müraciət edilməmişdir. Göründüyü kimi, ərizəçidə X10 və X2 Rusiya Federasiyasına getməsi barədə məlumat olsa da, onların nə ölkə ərazisində axtarışı, nə də ki Rusiya Federasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd edilən hallar sübut edilmədiyindən ərizəçinin iddiası əsaslı sayıla bilməz. Ərizəçinin tələbinin təmin edilməsi üçün işdə hər hansı bir əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 100,40 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. 100,40 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar