Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-1024/2021 07.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Zaqatala rayon Muxax bələdiyyəsinə və ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 110 saylı 25 sentyabr 2003-cü il tarixli qərarına əsasən 0,9499 ha olaraq ayrılmış torpaq sahəsinin tamamlanması üçün 0,5300 ha torpaq sahəsinin Muxax bələdiyyəsinin ehtiyat fondundan ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Zaqatala rayon Muxax bələdiyyəsi və ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinin rəisi məhkəməyə məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, bələdiyyənin sədri isə məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 110 saylı 25 sentyabr 2003-cü il tarixli qərarına əsasən 0,9499 ha torpaq sahəsi ayrılmışdır. Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsinə DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən 1007 saylı 20 fevral 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü işlənilmişdir. O, torpaq sahəsinə müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi üçün ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, verilmiş torpaq sahəsinin 0,5300 ha hissəsi yüksək gərginlikli xətlərin altına düşür. Belə olan halda ona ayrılmış və verilmiş torpaq sahəsinə tam olaraq çıxarış reyestr xidməti tərəfindən verilməmişdir. Çıxarışdan və torpaq sahəsinin planı və ölçüsü sənədindən məlum olur ki, onlara 0,4199 ha torpaq sahəsinə çıxarış və plan ölçü sənədi işlənib verilmişdir. Onlara verilmiş torpaq sahəsinin 0,5300 hissəsinin yüksək gərginlikli xətlər olmayan Muxax bələdiyyəsinin ehtiyat fondundan ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 11.5. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 2-ci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən, məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Göründüyü kimi, iddiaçının “cavabdehlər Zaqatala rayon Muxax bələdiyyəsinə və ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılması tələbi” inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlıdır və bu səbəbdən həmin tələbə ümumi məhkəmədə baxılması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Zaqatala rayon Muxax bələdiyyəsinə və ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.5, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Zaqatala rayon Muxax bələdiyyəsinə və ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya həmin tələblə əlaqədar inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1024/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-1024/2021
07.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver