Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1026/2021 15.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 130 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Zaqatala şəhəri M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evində təmir işlərinin aparılması ilə bağlı olaraq Cavabdeh ilə şifahi podrat müqaviləsi bağlamışlar. Cavabdeh öhdəlik götürmüşdür ki, 600 manat qarşılığında evdə zəruri olan təmir işlərini həyata keçirəcək. Cavabdeh əvvəlcədən 300 manata razılaşdıqları suvaq işlərini görmüş, lakin yerdə qalan 300 manata razılaşdıqları yerin betonlanması və tavanın quraşdırılması işlərini həyata keçirməmişdir. Cavabdehdən yerdə qalan işlərin görülməsini tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə həmin işləri yerinə yetirməmişdir. Bundan sonra, o, cavabdehdən ona ödədiyi 300 manat pulu geri tələb etmiş, lakin cavabdeh yenə də, müxtəlif bəhanələrlə pulun ödənilməsindən boyun qaçırmışdır. Hətta bu barədə ona yazılı qaydada iltizam da vermişdir. Sonda cavabdehdən polis şöbəsinə şikayət etmiş, bundan sonra, cavabdeh ona 170 manat pul ödəmiş, 130 manat pulu isə bugünədək ona ödəməmişdir. Bu səbəbdən də, iddia ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Lakin məhkəmə iclasına cavabdehin anası gəlmiş, oğlunun “Covid-19” pasportu olmadığından məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, həqiqətən də onun iddiaçıya 130 manat borcu vardır. Lakin, iddiaçı onun iş alətlərini özündə saxladığından o da iddiaçıya qalıq qalan 130 manat borcunu ödəmir. Borcunun olmasına dair qəbzi də şəxsən özü yazıb imzalamışdır. Nə vaxt iddiaçı onun alətlərini qaytarar, o da qalıq qalan borcunu iddiaçıya ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş üzərinə “Fast Speed” yazılan dəftərdə olan Cavabdeh tərəfindən əl yazması ilə yazılmış qəbzdən görünür ki, “Mən Asif 05-04-2021ci il tarixində aldığım 300 manatı 05-05-2021-ci il tarixində qaytaracam”. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı özünə məxsus Zaqatala şəhəri M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evində təmir işlərinin aparılması ilə əlaqədar Cavabdeh ilə şifahi müqavilə bağlamışlar. Cavabdeh öhdəlik götürmüşdür ki, 600 manat qarşılığında evdə zəruri olan təmir işlərini həyata keçirəcəkdir. Lakin aralarında olan razılıq əsasında cavabdeh işləri tam şəkildə yerinə yetirməmiş, ona görə də, iddiaçı cavabdehə əvvəlcədən ödədiyi pulun 300 manatını cavabdehdən tələb etmişdir. Cavabdeh də ona ödənilmiş puldan 170 manatını iddiaçıya qaytarmış, 130 manatını isə iddiaçıda olan alətlərin qaytarılacağı təqdirdə ödəyəcəyini bildirmişdir. İddiaçı 130 manat pulu cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzə əsasən tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Mülki Məcəllənin 754.2-ci maddəsinə əsasən müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı təmir işlərinin aparılması ilə əlaqədar 300 manat pul almış, lakin sonradan aralarında olan razılaşmaya əsasən həmin pul borc kimi rəsmiləşdirilmiş, cavabdeh təmir işləri görülməsi üçün 05 aprel 2021-ci il tarixdə aldığı 300 manat pulu 05 may 2021-ci il tarixdə ödəmək şərti ilə qəbz də yazaraq imzalamışdır. Cavabdeh razılaşmaya əsasən təmir işlərini görməkdən imtina etmişdir. Tərəflər arasında olan müqaviləyə cavabdehin hərəkətləri nəticəsində baş verən səbəbə görə xitam verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, 05 aprel 2021-ci il tarixli müqavilə üzrə icraçı olan cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə hazırkı iş üzrə verilən iddia ilə əlaqədar xüsusilə qeyd etməyi lazım bilir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Şərh edilən normaların məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da müəyyən olunur ki, Cavabdeh İddiaçı 130 manat borcu olması öz təsdiqini tapmışdır. Cavabdeh isə borcunun olduğunu etiraf edir, alətlərin qaytarılacağı təqdirdə borcunu ödəyəcəyini bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin bu halı sübut etmə vəzifəsi onun özünün üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmiş, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmiş, cavabdehin hərəkətləri nəticəsində müqaviləyə xitam verilmişdir. Bu səbəbdən də, iddiaçı 130 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında müqavilədən əmələ gələn münasibətlər yaranmış, cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş və nəticədə onların arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilərək, Cavabdeh 130 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Cavabdeh 130 (bir yüz otuz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1026/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1026/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver