Məhkəmə qərarları › İş №2(033)-1027/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1027/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1027/2021 15.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evində istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Muxax kəndində ümumi birgə mülkiyyətilərində olan 0.1002 ha torpaq sahəsində cavabdeh X2 adına inşa edilmiş ümumi sahəsi 107.1 kv.m olan fərdi yaşayış evində istifadə hüququnun tanınmasına, onun mübahisəli fərdi yaşayış evinə köçürülməsinə və cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onun mübahisəli fərdi yaşayış evində yaşamağına yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun tanınaraq həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlərlə Zaqatala rayonu Muxax kəndində ümumi birgə mülkiyyətlərində 0.1002 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi tam olaraq cavabdeh X2 adına rəsmiləşmişdir. Hal-hazırda o, fərdi yaşayış evində qala bilmir. Cavabdehlər olan bacıları onu evə girməyə qoymurlar. Mübahisəli evdə onun da yaşamaq hüququ vardır. Bu səbəbdən cavabdehlərlə aralarında mübahisələr olur. O, mübahisəli evə köçürülməklə istifadə hüququnun bərpa olunmasını istəyir. Ona görə də məhkəməyə müraciət edir. Mülki iş üzrə iddiaçı və cavabdehlər məhkəmə baxışı iclaının vaxtı və yeri barədə məlumatlandırılsalar da onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək göstərdi ki, Zaqatala rayonu Muxax kəndində iddiaçı, cavabdehlər və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində 0,1002 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və həmin ev cavabdeh X2 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər İddiaçı ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə daxil olmağa, ondan istifadə etməyə maneələr törədirlər, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclası zamanı cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərdi ki, iddia tələbində qeyd edilən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1002 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətindədir, lakin həmin torpaq üzərində yerləşən ümumi sahəsi 107,1 kv.m olan fərdi yaşayış evi X2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi 2012-ci ildə X22 ərazisində baş vermiş zəlzələ nəticəsində dağılmış fərdi yaşayış evinin əvəzində inşa edilmişdir. İddiaçıh Səəddin oğlu uzun illərdir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evində yaşamır. Hüquqlarını müdafiə etdiyi cavabdeh X4 yalnız iddiaçının həmin evə köçürülməsinə və onun həmin evdə yaşamasına etiraz etmir. Lakin o, iddiaçının qanuni nikaha daxil olmadan birgə yaşadığı qadının da iddiaçı ilə birgə həmin evdə yaşamasına etiraz edir. Onu da qeyd edir ki, iddiaçının nikahda olduğu həyat yoldaşı uşağı ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, 10.06.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, ümumi birgə mülkiyyət hüququ əsasında X4, X15, X5, Cavabdeh2, Cavabdeh3 Ömər qızı, X7, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0,1002 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 107,1 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3 məxsusdur. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 30.08.2021-ci il tarixdə verilmiş 943 nömrəli arayışdan görünür ki, Muxax kənd sakini mərhum X11 məxsus Muxax kəndində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahəsində yerləşən mərhuma məxsus olan fərdi yaşayış evi 07.05.2012-ci ildə baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür və həmin evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci ildə üç otaqlı fərdi yaşayış evi tikilmişdir. X1 ölümündən sonra qızı: X4, oğlu: İddiaçı, qızı: Cavabdeh2, qızı: X10, qızı: X12 adlı vərəsələri qalmışdır. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 02.06.2020-ci il tarixdə verilmiş 622 nömrəli arayışdan görünür ki, Muxax kənd sakini İddiaçı 2007-ci ilin yanvar ayından ərazidə yaşamır, Bakı şəhərində yaşayır, Onun həmin tarixdən ərazidə yaşamaması barədə məlumatı ailə üzvləri bildirmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 10.06.2020-ci il tarixli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında X4, X15, X5, Cavabdeh2, Cavabdeh3 Ömər qızı, X7, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0,1002 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 107,1 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi 07.05.2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X11 (tərəflərin ataları) məxsus olan fərdi yaşayış evinin əvəzinə Fövqaladə Hallar Nazirliyi tərəfindən inşa edilmişdir. İddiaçı və cavabdehlər X9 övladları olmaqla onun vərəsələridirlər. Cavabdehlərlə yanaşı iddiaçı da 07.05.2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X11 məxsus olan fərdi yaşayış evində doğulub 2007-ci ilədək yaşamışdır. İddiaçı ümumi birgə mülkiyyət hüququ əsasında mülkiyyətçisi olduğu torpaq sahəsi üzərində yerləşən və 07.05.2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş atası X11 məxsus olan fərdi yaşayış evinin əvəzinə tikilmiş və cavabdeh olan bacısı X2 adına qeydiyyata alınmış fərdi yaşayış evində istifadə hüququnun tanınaraq həmin evə köçürülməsini xahiş edir. Cavabdeh X4 iddiaçının həmin evə köçürülməsinə etiraz etmir. İş materiallarından göründüyü kimi, mübahisəli Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evi tərəflərin atalarının mülkiyyətində olmuş, 07.05.2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş olan fərdi yaşayış evinin əvəzinə Fövqaladə Hallar Nazirliyi tərəfindən yenidən inşa edilmiş və həmin fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə cavabdeh X2 adına qeydiyyata alınmışdır. Lakin mübahisəli mənzil üzərində İddiaçı istifadə hüquqları o anadan olduğu andan yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərəflər arasında mübahisə predmeti təşkil edən mənzil ilə bağlı hüquq münasibətinin 2000-ci il tarixdən əvvəl yarandığından hesab edir ki, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: birincisi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; İkincisi isə yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil üzərində iddiaçının istifadə hüquqları anadan olduğu zaman yaranmışdır. Həmin mənzil 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş və həmin ev uçmuşdur. Həmin tarixdə Fövqəladə Hallar Nazirliyi tərəfindən onların birgə mülkiyyətində olan torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmişdir. Həmin mənzildə iddiaçının istifadə hüququ saxlanılmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. O da qeyd olunmalıdır ki, cavabdeh tərəf iddiaçının mübahisələndirilən evə istifadə hüququnun tanınaraq köçürülməsinə etiraz etmir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı Zaqatala rayonu Muxax kəndində ümumi birgə mülkiyyət hüququ əsasında ona və cavabdehlərə məxsus 0,1002 ha torpaq sahəsinin üzərində yerləşən cavabdeh X3 məxsus olan ümumi sahəsi 107,1 kv.m. olan fərdi yaşayış evindən istifadə hüququ tanınmalı və o həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Zaqatala rayonu Muxax kəndində 0,1002 ha torpaq sahəsinin üzərində yerləşən cavabdeh X2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 107,1 kv.m. olan fərdi yaşayış evindən istifadə hüququ tanınsın və o həmin evə köçürülsün. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar