Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-103/2021 22.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, onun nümayəndəsi X5, iddiaçının vəkili X1, Cavabdeh1, onun nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsi kimi həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına 04 fevral 2020-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1025/2020 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh1 adına 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilmiş Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinin üzərinə həbs qoyularaq, həmin torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı hər hansı rəsmiləşdirilmənin aparılması qadağan edilmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 118.95 kv.m. olan fərdi yaşayış evi atası X9 tərəfindən alınmış, tikilmiş və 2018-ci ildə onun adına çıxarış alınmışdır ki, o ailəsi ilə birlikdə lıəmin evdə yaşasın. Ona qədər o və ailəsi valideynləri ilə birlikdə yaşayırdılar. Atası, qardaşı və o Zaqatalada xalça satışı ilə məşğul olaraq ailələrini saxlayırlar. Cavabdehlər Zaqatalada lombard fəaliyyəti ilə məşğul olurlar. Bir dəfə keçmiş həyat yoldaşı X10 maddi imkanlarını yaxşılaşdırmaq üçün Türkiyədən mal gətirib Zaqatalada satmaq istədiyini bildirmişdir. Bu işlə məşğul olan tanışlarının olduğunu, yaxşı gəlir əldə etdiklərini və onlara da kömək edə biləcəklərini söyləmişdir. O, da razılaşmışdır, amma pulu haradan əldə edəcəklərini söyləyəndə bildirmişdir ki, Zaqatalada lombard fəaliyyəti ilə məşğul olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara müəyyən faizlə pul verə bilərlər. Onlar Gülnarla birlikdə lombarda gedib cavabdehlərlə danışmışlar, onlar isə pul verə biləcəklərini, lakin bunun əvəzində evinin onların adına rəsmiləşdirilməsini təklif etmişlər. O, bununla razılaşmayıb, evini girov qoya biləcəyini bildirmişdir. Cavabdeh2 isə lombardın ancaq qızılları girov götürdüyünü, evi götürə bilməyəcəyini, evlə bağlı formal olaraq alqı-satqı müqaviləsinin bağlanmasının gərəkli olduğunu bildirmişdir. Keçmiş həyat yoldaşının israrlı xahişləri nəticəsində o, valideynlərinin xəbəri və razılığı olmadan həmin evin sənədlərinin cavabdehlərin adına rəsmiləşdirilməsinə razılıq vermişdir ki, pulu ödəyən kimi evi yenidən öz adına qaytarsınlar. Cavabdeh2 öz adına bankdan götürərək onlara verdiyi 20 000 ABŞ dollarının müqabilində isə o, evin sənədlərini Cavabdeh1 adına keçirmişdir. Cavabdeh2 onlara verdiyi 20 000 ABŞ dollarını isə həyat yoldaşı götürərək Türkiyəyə mal gətirməyə getmiş, qayıdandan sonra isə onunla boşanmaq istədiyini bildirmiş, bıından sonra həyat yoldaşı ilə aralarında mübahisələr yaranmış və aralarında olan nikah həqiqətən də məhkəmə qətnaməsi ilə pozulmuşdur. Evlərinə məhkəmə bildirişi gələndə onlara məlum olmuşdur ki, hazırkı iş üzrə Cavabdeh1 onları öz evlərindən çıxarılmalarına dair məhkəmədə iddia qaldırmışdır. Bundan sonra valideynləri məsələdən agah olmuş və məsələni aydınlaşdırmaq üçün cavabdehlərlə görüşmüşlər, (cavabdehlər həmin görüşlərdə bildirmişlər ki: “Sizin ev bizə lazım deyil, nəinki sizə verdiyimiz pulu, keçmiş həyat yoldaşının qohumlarının da götürdüyü bütün borcları ödəyəndən sonra evin sənədlərini sizin adınıza geri keçirəcəyik.” (Həmin görüşlərin video yazısı, səs yazısı, telefon danışıqları qeydə alınmış, müvafiq disklərə köçürülmüşdür). Sonradan onlara məlum olmuşdur ki, həyat yoldaşı hazırkı iş üzrə cavabdehlər və digər ortaq tanışları ilə əlbir olaraq, onun inamından istifadə edərək, öz məqsədləri üçün onun evini əlindən bu formada alıb satmaq və əldə olunan pulu aralarında bölmək barədə əvvəlcədən plan qurmuşlar. Alqı-satqı müqaviləsində evin qiyməti 25 000 manat göstərilmişdir. Halbuki mübahisəli evin hazırkı bazar qiyməti əslində 70000-80000 manat civarındadır. Hətta keçmiş həyat yoldaşı özü evin əşyaları ilə birlikdə 95 000 manata satılmasına dair internet səhifələrində elanlar da yerləşdirmişdir. Hazırda da mübahisəli evdə yaşamaqda davam edir. Bundan başqa, qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2(033)-620/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X12, X9 və X6 qarşı cavabdehlərin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118.95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərin zəbt etdikləri həmin əmlaklardan çıxarılması və özünün həmin əmlaklara köçürülməsi tələbinə dair iddiası təmin edilmişdir. Onlar tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Yuxarıda qeyd etdiklərindən də bəlli olduğu kimi onunla Cavabdeh1 arasında ona məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin satılması ilə bağlı alqı-satqı müqaviləsi formal bağlanmış, onun evi satmaq, onun da ev almaq niyyətləri olmamışdır. O, sadəcə digər Cavabdeh2 bankdan öz adına götürərək onlara (keçmiş həyat yoldaşına) verdiyi 20000 ABŞ dollarına görə evinin girov kimi borc ödənilənə qədər müvəqqəti olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Buna görə də, hesab edir ki, cavabdehlə onun arasında bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi-ipoteka müqaviləsini pərdələmək məqsədi ilə bağlanmaqla, əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməli va həmin alqı-satqı müqaviləsi əsasında cavabdehin adına verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onunla Cavabdeh1 arasında ona məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin satılması ilə bağlı alqı-satqı müqaviləsi formal bağlanmış, nə onun ev satmaq, nə də cavabdehin ev almaq niyyəti olmamışdır, sadəcə digər Cavabdeh2 bankdan öz adına götürərək ona və onun keçmiş həyat yoldaşına verdiyi borcla bağlı evə dair cavabdehin adına rəsmiləşdirmə aparılmışdır. Belə ki, o, Cavabdeh2 müraciət edərək pul lazım olduğunu bildirmiş, Cavabdeh2 isə ona pul verə bilməyəcəyini, ancaq evi formal alqı-satqı ilə onun adına keçirdiyi təqdirdə ona pul verəcəyini bildirmişdir. O, da razılaşmışdır. Bundan sonra cavabdeh onun adına ev alqı-satqısı üçün 25000 manat pul vəsaitini depozit hesaba qoymuş, o da həmin pulu bankdan götürmüşdür. Pulu götürdükdən sonra həmin pulu evə apararaq keçmiş həyat yoldaşı Gülnara vermişdir. Həmçinin Gülnar əlavə olaraq 12000 manat pul vəsatini Mehriban xanımdan şəxsən almışdır. Həmin puldan isə onun xəbəri olmamış, həmin 12000 manat pulun alınmasında iştirak etməmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı vəkili X7 məhkəmə çıxışını yazılı şəkildə məhkəməyə təqdim edərək çıxışında göstərdiklərinə uyğun çıxış edərək İddiaçı ilə Cavabdeh1 arasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsi kimi həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına 04 fevral 2020-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında göstərdi ki, onlar həyat yoldaşı Cavabdeh2 ilə lombard fəaliyyəti ilə məşğul olurlar. İddiaçı və həyat yoldaşı olmuş Gülnarı tanıyır. Gülnar onların müştərisi olmuşdur. Onlar onun yanına gələrək pul lazım olduğunu, bununla bağlı evləri olduğunu və həmin evi girov qoymaq istədiklərini bildirmişlər. Onlar tərəfindən Gülnarla İlkinə bildirilmişdir ki, evi girov götürərək pul verə bilmirlər. Onlar dəfələrlə bununla bağlı gəlmişlər. Sonra Gülnarın vəziyyətinin pis olmasını nəzərə alaraq onlar razılığa gəldilər ki, evi alqı-satqı yolu ilə alıb, onlara pul versinlər. Yoldaşı Cavabdeh2 gedib evə baxmış, onun özü isə heç bir dəfə də olsun evə baxmamışdır. Onların həmin evə ehtiyacları da yoxdur. Əslində onların özlərinin çox yaxşı evləri var, ev almağa ehtiyacları və ev almaq barədə fikirləri olmamışdır, Gülnar və İlkinin pula ehtiyacları olmuş, buna görə də bir neçə dəfə onların işlədikləri şirkətə gedib-gəlmiş, ona və həyat yoldaşına təklif etmişlər ki, evlərini girov götürüb onlara pul versinlər, onlar isə bildirmişlər ki, onların şirkəti evi girov kimi götürə bilmir, Gülnara çox yazıqları gəldiyindən və kömək etmək istədiklərindən bankdan Zakirin adına kredit götürərək evi almışlar. Evin alınmasına dair pul məsələsinə gəldikdə onlar evin qiymətini 20000 ABŞ dollarına danışmışlar. Həmin pulun 25000 manatı bank vasitəsilə İlkinin adına keçirilmiş, qalan 12000 manat pul isə şəxsən Gülnara verilmişdir. 12000 manatı Gülnara ona görə vermişdir ki, Gülnar ona dedi ki, bundan İlkinin xəbəri var. O, da inanaraq 12000 manatı Gülnara vermişdir. Bu hadisələrdən sonra İlkinin valideynləri onların yanına gəlmiş, onlarla da aralarında danışıqlar olmuş, onlara da demişdir ki, İlkin və Gülnar pullarını versinlər, evi qaytarırlar. Hazırda da həmin evin qaytarılmasına razıdır, lakin onun iddiaçıya verdiyi pullar, eyni zamanda kreditlə bağlı faizlər birlikdə qaytarıldıqdan sonra o, həmin evi qaytaracaqdır. Çünki onlar İlkin və Gülnara rəhbərlik etdikləri şirkətdən kredit götürərək həmin pulu onlara vermişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 nümayəndəsi və vəkili X14 cavabdehin izahatına uyğun çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Cavabdeh1 və Cavabdeh2 kredit işçiləri kimi tanımışdır. Ona lazım olanda onlardan kredit götürmüşdür. Hazırda pula ehtiyacları olduğundan, həm də borcları olduğundan evi satmaq istəmişlər. O, satmaq barədə elanlar da vermişdir. Amma alan yox idi. 20 000 ABŞ dollarına ehtiyacları var idi. Borcun qaytarılması ilə bağlı ayın 27-ə kimi onlara vaxt qoymuşdular. Borc almaq məqsədilə Zakir və Mehribanın yanına getmişlər. Zakir və Mehriban həmin məbləği onlara verə bilməyəcəklərini dedilər, evi də girov kimi götürmədilər. Sonra razılığa gəldilər ki, evi Zakirgilə formal olaraq satsınlar, onlar da borca pul versinlər. Buna görə də Zakirgil onlara pul verdilər və onlar da evi verdilər. Zakir həmin pulu öz adına bankdan kredit götürüb onlara verdi. Evlə bağlı onun özü şəxsən bir neçə ay kredit ödəmişdir. Sonra vəziyyəti yaxşı olmadı ödəmədi. O, Mehribandan icazə alıb evdə bir müddət yaşamış, sonra həqiqətən də evin əşyalarını götürüb evdən çıxmışdır. Pulu alan ərəfədə həqiqətən də mal gətirmək üçün Türkiyəyə getmişdir. Amma ordan cəmi 5000 manatlıq mal gətirmiş, qalan evin pullarını borclara vermişdir. İlkin evə görə bankdan götürdüyü 25 000 manatı evə gətirib ona vermişdir. 25000 manat puldan əlavə 12 000 manatı da Mehriban ona vermişdir. O, da aparıb “Accessbank”a olan borcunu ödəmişdir. Həmin evin satılması ilə bağlı verilən ümumi 37000 manat pulun hamısı şəxsən ona verilmişdir. O, da borclarını ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-620/2020 nömrəli, 14 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X12, X10, X9 və İddiaçı Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər X12, X10, X9 və İddiaçı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 arasında 27 yanvar 2020-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda həmin tarixdə reyestrdə 4Ə-137 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan İddiaçı tərəfindən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 25.09.2018-ci il tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi 25000 (iyirmi beş min) manata Cavabdeh1 satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində olan 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 25.09.2018-ci il tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi ona məxsus olmuşdur. İddiaçı və həyat yoldaşı Gülnar Məmmədova həmin evdə yaşamışlar. Onlar arasında bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. X10 maddi imkanlarını yaxşılaşdırmaq üçün Türkiyədən mal gətirib Zaqatalada satmaq istədiyini bildirmişdir. Bu işlə məşğul olan tanışlarının olduğunu, yaxşı gəlir əldə etdiklərini və onlara da kömək edə biləcəklərini söyləmişdir. İddiaçı da razılaşmışdır, amma pulu haradan əldə edəcəklərini söyləyəndə bildirmişdir ki, Zaqatalada lombard fəaliyyəti ilə məşğul olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara müəyyən faizlə pul verə bilərlər. Onlar Gülnarla birlikdə lombarda gedib cavabdehlərlə danışmışlar. Lakin cavabdehlər onlara pul verə bilməyəcəklərini bildirmişlər, özünə məxsus olan evi girov qoyaraq pul götürmək istədiklərini təklif etsələr də, cavabdehlər onların evini girov götürə bilmədiklərini, şirkətdə belə bir səlahiyyətin olmadığını bildirmişdir. Bundan sonra razılığa gəlmişlər ki, formal olaraq evi alqı-satqı yolu ilə Cavabdeh1 adına keçirsinlər. Sonra pul qaytarıldıqda evi onlara geri qaytarsın. Cavabdeh tərəf olan Cavabdeh1 da razılaşmışdır. Evin alqı-satqısı ilə bağlı 25000 manat depozit hesaba qoyulmuş, həmin pulu İlkin götürmüş, sonra pulu Gülnara vermiş, həmçinin əlavə olaraq Cavabdeh1 12000 manat pulu da Gülnara şəxsən vermişdir. Nəticədə 37000 manat pul tam şəkildə Gülnara verilmişdir. Eyni zamanda verilən pul kredit götürülərək Gülnara verilmişdir. Həmin krediti də bir müddət Gülnar ödəmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddənin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Bu, həmçinin həmin Məcəllənin 325.3-cü maddəsində də öz əksini tapmışdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında 27 yanvar 2020-ci il tarixdə Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda həmin tarixdə reyestrdə 4Ə-137 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Məhkəmə qeyd edir ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada, hazırki iş üzrə əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 340-cı maddəsinin müddəaları da birmənalı nəzərə alınmalıdır. Mülki Məcəllənin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddənin mənasına görə yalan əqd dedikdə, başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır. Yalan əqd onda nəzərdə tutulmuş hüquqi nəticələri yaratmır. Məlumdur ki, MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına səbəb olan iradə ifadəsidir. Nə qədər ki, yalan əqd ümumiyyətlə əqdlərin mahiyyətinin əsas göstəricisi olan bu keyfiyyətlərə malik deyil, yalan əqdi qanuni əqd kimi qəbul etmək olmaz və o, əhəmiyyətsizdir. Yalan əqd etibarsız sayıldıqdan sonra tərəflərin münasibətlərinə yalan əqdlə pərdələnmiş əqdə aid olan qaydalar tətbiq edilir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi bağlanarkən mübahisəli torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satılması üçün satılan daşınmaz əmlakın mülkiyyətçisi öz iradəsi ilə notariat kontoruna getmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, alqı-satqı müqaviləsi Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir. Lakin, məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutlarda və tərəflərin, şahidin izahatlarından görünür ki, həmin alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi təkcə hərfi mənaya uyğun olaraq müəyyənləşdirilmiş, əslində iddiaçının həmin daşınmaz əmlakı satmaq niyyəti olmamış, cavabdehin isə həmin daşınmaz əmlakı almaq niyyəti olmamışdır. İşdən görünür ki, iddiaçı tərəfə pul vəsaiti lazım olduğundan cavabdehə müraciət etmiş, cavabdeh isə ona nağd şəkildə pul verə bilməyəcəyini, ancaq adına olan daşınmaz əmlakı onun adına rəsmiləşdirdiyi təqdirdə ona istədiyi pulu verəcəyini bildirmişdir. Bunun da nəticəsi olaraq alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, cavabdeh iddiaçının adına şifahi razılaşdırılmış 37000 manat puldan 25000 manat pulu iddiaçının adına depozitə qoymuş, iddiaçı isə həmin pulu götürərək həyat yoldaşı olmuş Gülnara vermişdir. Bundan sonra cavabdeh 12000 manat pul vəsaitini həmin evin mülkiyyətçisi olmayan iddiaçının həyat yoldaşına şəxsən vermişdir. (halbuki işdən görünür ki, cavabdehlə iddiaçının həyat yoldaşı arasında daşınmaz əmlakın alqısatqısı ilə bağlı 20000 ABŞ dollarına (34000 manata) razılıq əldə edilmişdir). Cavabdeh özü də qeyd edilənləri təsdiq edərək həmin pul vəsaitinin ona qaytarıldığı halda daşınmaz əmlakı qaytaracağını bildirmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlansa da, həmin müqavilənin tərəfləri olan iddiaçı və cavabdehin həmin daşınmaz əmlakın alqı-satıqısına dair həqiqi niyyətləri olmamışdır. Bu müqavilənin bağlanmasının məqsədi cavabdehin iddiaçının həyat yoldaşına verdiyi borc pul öhdəliyinin icrasını təmin etmək olmuşdur. Tərəflərin həmin müqaviləni bağlamaqda məqsədləri əslində iddiaçının həyat yoldaşı ilə cavabdehin arasında yaranmış borc pul münasibətləri pərdələmək olmuşdur. Həmin müqavilənin bağlanması İddiaçı iradəsinə uyğun olmamış və onun həqiqi iradəsini əks etdirməmişdir. İşin gerçək halından o da görünür ki, həmin daşınmaz əmlakın mülkiyyətçi olmuş iddiaçı mübahisələndirilən müqavilənin bağlanması zamanı hər hansı gəlir əldə etməmiş, fayda götürməmiş, eyni zamanda müqavilə yalnız görünüş üçün bağlanmış, tərəflər arasında borcla bağlı münasibətləri tənzimləmək üçün və borc pulun verilməsini və qaytarılmasını təmin etmək (pərdələmək) məqsədi ilə hazırki alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də, bu əqd (alqı-satqı müqaviləsi) əhəmiyyətsizdir. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək və işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi təmin edilməlidir. Bundan başqa, məhkəmə həmçinin iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin alqısatqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 04 fevral 2020-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsində də təmin olunmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırmaları nəticəsində aydın oldu ki, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi əslində digər əqdi pərdələmək üçün bağlanmışdır. Həmçinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir. Etibarlı olmayan AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanuni sənəd hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra ondan irəli gələn məsələlər həll olunaraq Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə uyğun olaraq alıcının və satıcının hüquqi statusu ilkin vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmənin qənaətinə görə etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən 25000 manat pul vəsaiti İddiaçı alınaraq Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsindən kənar, şəxsən X6 verilən 12000 manat pul vəsaitini cavabdeh məhkəmə qaydasında geri qaytarılmasını X3 tələb edə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfi olmasa belə, həmin daşınmaz əmlak, onunla həyat yoldaşı olan Cavabdeh1 nikahda olduqları müddətdə əldə edildiyindən Cavabdeh2 da hazırki mübahisə üzrə cavabdeh şəxs qismində qalmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq isə Cavabdeh2 məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında Cavabdeh1 adına verilmiş 04 fevral 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə müvafiq ödənilən 25000 (iyirmi beş min) manat pul vəsaiti İddiaçı alınaraq Cavabdeh1 qaytarılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-103/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-103/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver