Məhkəmə qərarları › İş №2(033)-107/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-107/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-107/2022 02.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş xərcin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş (12000 manat) ziyanın, ödənilmiş 126 manat dövlət rüsumunun və vəkilə ödədiyi 100 manatın Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək 1500 kq mis naqilləri, onlar olmadıqda isə onların dəyəri 12000 manat pulun, ödənilmiş 126 manat dövlət rüsumunun və vəkilə ödədiyi 100 manatın Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının "dəymiş 12000 manat ziyan, ödənilmiş 126 manat dövlət rüsumu və vəkilə ödədiyi 100 manat’’ tələbi barədə iddiasının əsassız olduğuna və iddia müddəti ötməsinə görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 1994-cü ildən sonra Zaqatala şəhəri V.İsmayılov küçəsində bütün növ elektrik mühərriklərinin və digər mühərriklərin mis dolama sexini açmışdır. Onlar istifadə etdikləri mis naqillərin qalıqlarını bir yerdə toplayıb satmışdır. 2008-ci ilin yay aylarında Zaqatala rayonu Muxax kəndində yaşayan Cavabdeh onun yanına gələrək sexində toplanmış mis naqillərin qalıqlarını ona satmasını xahiş etmişdir. Həmin vaxt onun sexində 1500 kq mis naqillərin qalıqları olmuş, onlar hazırki, pulla 12000 manata razılığa gəlmişdirlər. O naqillərin qırıntılarını Məhəmmədə satmışdır. Məhəmməd həmin mis naqilləri çox saylı kisələrə yığmış və apardığı zaman o, Məhəmmədin pulu dərhal verəcəyini zənn etmiş, lakin Məhəmməd pulu bir gün ərzində verəcəyini deyib naqilləri aparmışdır. O, Məhəmmədi tanıdığı üçün heç bir etiraz etməmişdir, lakin Məhəmməd pulunu bir gün ərzində verəcəyinə dair söz versə də, pulunu gətirib verməmişdir. Bundan sonra ki, illər ərzində o dəfələrlə Məhəmmədin evinə gedib gəlsə də, Məhəmməd onu müxtəlif bəhanələrlə aldadaraq pulu verməmişdir. Hazırda o 2-ci qrup əlildir. 80 faiz görmə qabilliyyətini itirmiş və təcili olaraq əməliyyat olunmağı üçün pula ehtiyacı var. O yenə də Məhəmmədin evinə gedərək pulunu tələb etmiş, lakin Məhəmməd yenə də onu aldadıb pulunu verməkdən imtina etmişdir. Bu barədə o ilk öncə xx.xx.2021-ci il tarixdə Zaqatala rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı izahatları alınmış Zaqatala şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 30-da qeydiyyatda olan X5 və Balakən rayonu Katex kəndində qeydiyyatda olan X9 bu hadisəni təsdiq etmişlər. Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən olunmuşdur ki, 2008-ci ilin yay aylarında Zaqatala rayonu Muğanlı kəndində yaşayan Cavabdeh Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən, İddiaçı məxsus sexə getmiş, 1500 kq çəkidə, 12000 manat dəyərində sexdə istifadə edilmiş mis naqil qırıntılarını alaraq pulu bir gün ərzində verəcəyinə dair söz vemiş, lakin pulu verməmişdir. Həmin vaxtdan bu günədək o bir neçə dəfə Cavabdeh pulu tələb etmiş, lakin o pulu verməkdən imtina etdiyi üçün o, xx.xx.2021-ci il tarixdə Zaqatala RPŞnə müraciət etmişdir. Bunun üçün cavabdehə qarşı ona dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bundan əlavə o hazırki iddianı qaldırmaq üçün Zaqatala rayon Məhkəməsinə 126 manat dövlət rüsumu ödəmişdir. O ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. O cavabdehin iddia müddətinin tədbiq edilməsinə dair tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh ona ziyan vurmuşdur. O, xəstə olduğu üçün vaxtında iddia verməmişdir. Hesab edir ki, borc məsələlərinə iddia müddəti şamil olunur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, işdə olan 29 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqında qərarla araşdırma zamanı müəyyən edilmiş hallardan görünür ki, 2008-ci ilin yay aylarında Zaqatala rayonu Muğanlı kəndində yaşayan Cavabdeh Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən, İddiaçı məxsus sexə getmiş, 1500 kq çəkidə, 12000 manat dəyərində sexdə istifadə edilmiş mis naqillərin qırıntılarını alaraq pulu bir gün ərzində verəcəyinə dair söz vermiş, lakin pulu verməmişdir. Həmin vaxtdan bu günədək İddiaçı bir neçə dəfə Cavabdeh pulu tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Zaqatala RPŞ-nə müraciət etmişdir. Həmin qərarda qeyd olunan X2 izahatından görünür ki, uzun illər Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən, İddiaçı məxsus bütün növ elektrik mühərriklərinin və digər mühərriklərin mis dolamaları sexində işləmişdir. Həmin ərəfələr o, sexdə yerləşən dəmir tor toxuma sexində işləmişdir. Gün ərzində sexdə istifadə edilmiş mis naqillərin kəsinti qırıntıları sexdə toplanmış, bir müddət toplandıqdan sonra isə sexin müdiri İddiaçı həmin naqil qırıntılarını satmışdır. 2008-ci ilin yay aylarında Zaqatala rayonu Muğanlı kəndində yaşayan Cavabdeh onların sexinə gələrək müdirləri İddiaçı sexdə toplanmış mis naqillərin qalıqlarını ona satmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh sexdə yığılmış 1500 kq mis naqillərin qalıqları hazır ki, pulla 12000 manata razlığa gəlmişlər və Məhəmməd həmin mis naqilləri kisələrə yığmış, daha sonra özü ilə gətirdiyi pikap markalı avtomobilə yükləyib aparmışdır. Məhəmməd həmin naqilləri apardığı zaman İddiaçı pulu gətirib bir gün ərzində verəcəyini demiş, lakin Məhəmməd getdikdən sonra pulu gətirməmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə Məhəmmədin yanına gedib-gəlsə də Məhəmməd çıxıb Rusiya Federasiyasına getdiyi üçün pulunu ala bilməmiş, sonradan o, sexdən çıxdığı üçün İddiaçı pulunu alıb- almamasından məlumatının olmadığını bildirmişdir. İşdə olan X6 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o uzun illər, yəni on ildən artıq müddətə Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən, İddiaçı məxsus bütün növ elektrik mühərriklərinin və digər mühərriklərin mis dolamaları sexində işləmişdir. Həmin ərəfələr o orada yerləşən dolama sexində usta işləyib. İddiaçı sexi bir neçə hissədən ibarət idi və gün ərzində sexdə istifadə edilmiş mis naqillərin kəsinti qırıntıları sexdə toplanırdı, bir müddət toplandıqdan sonra isə sexin müdiri İddiaçı həmin naqil qırıntılarını satırdı, 2008-ci ilin yay aylarında Zaqatala rayonu Muğanlı kəndində yaşayan Cavabdeh sexə gələrək müdirləri İddiaçı sexdə toplanmış mis naqillərin qalıqlarını ona satmasını xahiş etmişdir. Onlar sexdə yığılmış təxminən 1500 kq mis naqillərin qalıqları həmin ərəfələr təxminən 8000 ABŞ dollarına razlığa gəldilər və Məhəmməd həmin mis naqilləri sintetik kisələrə yığmış, özü ilə gətirdiyi pikap markalı avtomobilə yükləyib aparmışdır. Məhəmməd həmin naqilləri apardığı zaman İddiaçı bildirmişdir ki, pulu gətirib bir gün ərzində verəcəkdir, lakin Məhəmməd getdikdən sonra pulu gətirmədi. Belə ki, Məhəmməd Zakirə pulu verdikdən sonra Zakir onların əmək haqqını ödəməli idi, lakin bildiyinə görə Məhəmməd Zakiri aldadıb çıxıb Rusiya Federasiyasına getmişdir. Bundan bir qədər sonra İddiaçı sexləri bağlandıqdan sonra o oradan işdən çıxmış və sonradan baş verənlər haqqında məlumatı olmamışdır. İşdə olan Hüquqi yardımın göstərilməsi haqqında 645 nömrəli xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı vəkil X7 ilə iddia ərizəsinin tərtib edilməsi üçün həmin müqaviləni imzalamışdır. Müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100 (bir yüz) manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat xidmət pulu Zaqatala rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə iclası zamanı iddiaçının izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında 2008-ci ilin yay aylarında olan razılığa əsasən İddiaçı məxsus 1500 kq çəkidə sexdə istifadə edilmiş mis naqillərin qırıntıları Cavabdeh satılmışdır. Tərəflər razılığa gəldikləri gün İddiaçı məxsus 1500 kq çəkidə, 12000 manat dəyərində sexdə istifadə edilmiş mis naqillərin qırıntılarını Cavabdeh alaraq sintetik kisələrə yığmış və aparmışdır. Naqillərin dəyəri olan pulu cavabdeh bir gün ərzində İddiaçı verəcəyini vəd etmiş, lakin qeyd edilən 12000 manat pul cavabdeh tərəfindən bu günədək iddiaçıya ödənilməmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək 1500 kq mis naqilləri, onlar olmadıqda isə onların dəyərinin 12000 manat pulun, ödənilmiş 126 manat dövlət rüsumunun və vəkilə ödədiyi 100 manatın Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək "dəymiş 12000 manat ziyan, ödənilmiş 126 manat dövlət rüsumu və vəkilə ödədiyi 100 manat’’ tələbi barədə iddianın əsassız olduğuna və iddia müddəti ötməsinə görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsində müəyyən edilmişdir ki, müddətli (nisyə) alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hazırkı iş üzrə verilən iddia ilə əlaqədar xüsusilə qeyd etməyi lazım bilir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin hallarını və şərh edilən normaların məzmununu nəzərə alaraq məhkəmə belə qə naətə gəlir ki, tərəflər arasında 2008- ci ildə bağlanmış nisyə alqı- satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öh dəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cava bdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabd eh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir Borclunun müqavilə üzrə öhdəliyi yeri nə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Cavabdeh etiraz ərizəsində “dəymiş 12000 manat ziyan, ödənilmiş 126 manat dövlət rüsumu və vəkilə ödədiyi 100 manat’’ tələbi barədə iddianın əsassız olduğuna və iddia müddəti ötməsinə görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi məsələsinə münasibət bildirərək qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən və 2008-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin üzərindən 3 ildən çox, 14 ilə yaxın müddət keçdikdən sonra İddiaçı hazırki iddia ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbində qeyd olunan mis naqilləri cavabdehə 2008-ci ildə dəyərinin qaytarılması üçün bir gün müddətinə verilmiş, cavabdeh tərəfindən həmin naqillərin dəyəri naqillər ona verildikdən bir gün sonra qaytarılmalı olmuş, lakin həmin tarixədək qaytarılmamış və iddiaçı isə nisyə alqı-satqı müqaviləsinə əsasən ona verilməli olan pul məbləğinin tələbi ilə əlaqədar 12 oktyabr 2021-ci il tarixədək məhkəmə müdafiəsindən istifadə etməmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilmişdir. Bu səbəbdən də iddiaçı tərəfin iddia müddətinin ötürülməməsinə dair göstərdiyi dəlillər məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə tələblərindən irəli gələn iddia müddəti üç il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1500 kq mis naqilləri, onlar olmadıqda isə onların dəyəri 12000 manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsi üç illik iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 100 manat xidmət haqqının, cavabdehdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilikdə vəklin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən 100 manat vəkilə ödənmiş xərc iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi rədd edildiyindən iddiaçının dövlətə ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş xərcin ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. İddiaçı ödədiyi 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar