Məhkəmə qərarları › İş №2(033)-108/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-108/2023

12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-108/2023 12.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri yaşayış binasından çıxarılma və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət əsasında ona məxsus olan, 20.2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış binasının arxa hissəsində qanunsuz olaraq tikdiyi tikilinin cavabdehin hesabına sökülməsi və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında 0,00244 ha torpaq sahəsində yerləşən 20,2 kv.m ümumi sahəsi olan qeyri yaşayış binası vardır. Torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binası adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmaqla ona **********33506301 nömrəli çıxarış da verilmişdir. Balakən rayonu Katex kənd sakini Cavabdeh uzun illərdir heç bir qanuni əsas olmadan qeyri yaşayış binasını mağaza kimi istifadə edir. Dəfələrlə şifahi olaraq Cavabdeh mülkiyyətində olan qeyri yaşayış binasından çıxmasını xahiş etsə də, Cavabdeh xahişinə məhəl qoymadan qanunsuz olaraq oradan istifadə edir, hətta mağazanın arxasını genişləndirmək məqsədi ilə orada qanunsuz tikili tikib son mərhələyə çatmışdır. Bu isə onun qanunla qorunan mülkiyyət hüququnu pozur, mülkiyyətindən istifadə etməyini məhdudlaşdırır. Cavabdehin qanunsuz hərəkətlərini davam etməsi onu mülkiyyət hüququnun müdafiəsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qoymuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, 2 il öncə iddiaçının anası onun yanına gələrək qızı olan iddiaçıya pul lazım olduğunu bildirmiş və o iddiaçının anasına pul vermişdir. Həmin pulun qarşılığında iddiaçının anası iddianın predmeti olan torpaq sahəsinin sənədlərini ona vermiş, lakin müqavilə bağlanması üçün notariat orqanına müraciət etməmişlər. Sonra notariusa getməyi təklif etsə də o müqavilə bağlamaqdan imtina etmiş və notariat orqanına getməmişdir. Həmin torpaq sahəsi üzərində tikinti işləri aparmış və bundan həm iddiaçı, həm də anası məlumatlı olmuş, lakin heç bir etirazları olmamışdır. İddia ərizəsində qeyd etdiyi tikilinin arxa hissəsində tikdiyi tikili onun əvvəldən özünə məxsus torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin tikilinin inşa edilməsi üçün o, 1200 manat pul xərcləmişdir. İddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********35-06301 olan ünvan 1-da yerləşən 0,00244 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində ümumi sahəsi 20,2 kv.m olan qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət kimi tam pay olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019cu il tarixdə İddiaçı hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 18 saylı Zaqatala Ərazi İdarəsinin 06 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublkiası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmləşdirilmış Balakən şəhəri, M.Əsədov küçəsi 41A-da yerləşən reyestr nömrəsi **********35-06301 olan 0.00244 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 20.2 kv.m olan qeyri yaşayış binasının arxa hissəsində inşa edilmiş tikilinin 2 kv.m hissəsi iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublkiası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmləşdirilmış Balakən şəhəri, M.Əsədov küçəsi 41A-da yerləşən reyestr nömrəsi **********35-06301 olan 0.00244 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 20.2 kv.m olan qeyri yaşayış binasının arxa hissəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili tikinti norma və qaydalarına uyğun olub-olmaması idarənin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli 10/2887 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmiş Balakən şəhəri, M.Əsədov küçəsi 41A-da yerləşən reyestr nömrəsi **********35-06301 olan 0.00244 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 20.2 kv.m olan qeyri yaşayış binasının arxa hissəsində inşa edilmiş tikilinin 2 kv.m hissəsinin iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,00244 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 20,2 kv.m qeyri yaşayış binasının mülkiyyətçisidir və onun mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində 4 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan 20,2 kv.m qeyri yaşayış sahəsindən Cavabdeh çıxarılmasını və qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,00244 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək torpaq sahəsi iddiaçının anası ilə aralarında olan şıfahi razılığa əsasən iddiaçının anası tərəfindən pul qarşılığında ona verildiyini, lakin sonradan aralarında olan razılaşmanın rəsmiləşdirilməsindən sonuncunun boyun qaçırdığını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 18 saylı Zaqatala Ərazi İdarəsinin 06 aprel 2023cü il tarixli mütəxəssis rəyi və həmin rəy əsasında tərtib edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli 10/2887 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmiş ünvan 5-da yerləşən reyestr nömrəsi **********35-06301 olan 0.00244 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 20.2 kv.m olan qeyri yaşayış binasının arxa hissəsində inşa edilmiş tikilinin 2 kv.m hissəsi iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Məhkəmə iddia tələbinin “Cavabdeh xüsusi mülkiyyət əsasında iddiaçıya məxsus olan, 20.2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasından çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin mübahisələndirilən qeyri-yaşayış binası üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdeh hər hansı hüquqları əmələ gəlmədiyi halda həmin qeyri-yaşayış binasından istifadə edir. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Balakən şəhəri M.Əsədov küçəsində 0.00244 ha torpaq sahəsində yerləşən 20.2 kv.m-lik qeyri-yaşayış binasından Cavabdeh çıxmaması, qeyriyaşayış binasını boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan qeyriyaşayış binasından sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin qeyri yaşayış binasından çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “20.2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının arxa hissəsində qanunsuz olaraq cavabdeh tərəfindən tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli 10/2887 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən tikilmiş əlavə tikilinin yalnız 2 kv.m hissəsi iddiaçının mülkiyyətində olan Balakən şəhəri M.Əsədov 41 A ünvanında yerləşən 0,00244 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Cavabdehin inşa etdiyi tikilinin digər hissələri isə iddiaçıya məxsus torpaq sahəsinin daxilində yerləşməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,00244 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin hazırda inşa etdiyi əlavə tikilininin 2 kv.m hissəsinin yerləşdiyi hissəyə də heç bir hüquqları yoxdur. Qeyd olunanlar mütəxəssis və ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən inşa edilmiş əlavə tikilinin yalnız iddiaçının mülkiyyəti kimi qeydə alınmış Balakən şəhəri M.Əsədov 41a ünvanında yerləşən 0,00244 ha torpaq sahəsinin sərhədləri daxilinə düşən 2 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi tam qanuni olar. Məhkəmə həmçinin cavabdehin Balakən şəhəri M.Əsədov 41 A ünvanında yerləşən 0,00244 ha torpaq sahəsinin iddiaçının anası tərəfindən pul qarşılığına ona verilməsi və sonradan torpaq sahəsi ilə bağlı münasibətlərin rəsmiləşdirilməsindən imtina edilməsi ilə bağlı məzmunundakı ifadəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə biləcək hər hansı mötəbər sübut (müqavilə, akt) təqdim edilməmişdir. Əlavə olaraq da məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının anasına verdiyi pul vəsaiti ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ da vardır. Eyni zamanda, İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun tərəfindən tələb edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında 0.00244 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 20.2 kv.m olan qeyri-yaşayış binasından çıxarılsın. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmış 0.00244 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşən 2 kv.m hissəsi cavabdehin hesabına sökülsün. İddia tələbinin qalan hissəsi təmin olunmasın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar