Məhkəmə qərarları › İş №2(033)-117/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-117/2022

19.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-117/2022 19.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh ünvan 1 və üçüncü şəxs X3 qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X11 miras qalmış Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 ha həyətyanı, 0,15 ha və 0,8101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində bütövlükdə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum anası X16 27 iyun 2020-ci il tarixdə ölmüşdür. X1 Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 ha həyətyanı, 0,96 ha (0,15 ha və 0,8101 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Qeyd olunan miras əmlaklar üzərində mərhumun hüquqları müvafiq olaraq torpağa mülkiyyət hüququna dair dövlət aktı və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Mərhum anası X8 miras qalmış əmlaklara sahiblik etmək və əmlakları idarə etməyə faktiki başlamaqla mirası qəbul etmişdir. Lakin iş üzrə üçüncü şəxs-mərhum anası X10 əri X6 qeyd olunan mirası qəbul etməmişdir. O, isə qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün ünvan 1 müraciət etmiş, notariat ofisinin xüsusi notariusu bundan imtina etmiş və əsas kimi X2 da vərəsə olmasını qeyd etmişdir. O, Asanbəy Balabəyovdan hər hansı şikayət etməmiş, gələcəkdə də, etməyəcəkdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı üçüncü şəxs X6 iddianı qəbul edərək izahatında göstərdi ki, mərhum X16 onun həyat yoldaşı olmuşdur. Onlar evləndikdən sonra Zaqatala rayonu Əliabad qəsəbəsində yaşamışlar. O, 27 iyun 2020-ci il tarixdə ölmüşdür. Sonradan bilmişdir ki, mərhumdan Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 ha həyətyanı, 0,15 ha və 0,8101 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Onun həmin torpaq sahəsinə hər hansı iddiası yoxdur. Həmin torpaq sahələrindən nə əvvəllər, nə də ki, mərhum arvadı vəfat etdikdən sonra istifadə etməmiş, eyni zamanda mirasın qəbulu üçün notariat ofisinə də müraciət etməmişdir. Mərhum arvadının qızı-İddiaçı ondan polis orqanlarına əsassız yerə şikayətlər edir. Xeyransa söz versinki, ondan daha şikayət etməyəcək onun da torpaqla bağlı hər hansı tələbi olmayacaqdır. Hazırda Xeyransa məhkəmə iclasında söz verdi, ona görə də, iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, Qax rayonu Dəymədağlı kəndində yaşayır. İddiaçının mərhum anası X10 Dəymədağlı kəndində özünə məxsus torpaq sahələri olmuşdur. Səfurə xanım vəfat edikdən sonra ona məxsus torpaq sahələrindən İddiaçı istifadə edir. O, Xeyransadan başqa həmin torpaq sahələrindən kiminsə istifadə etməsini görməmişdir. O, X10 ikinci əri X4 tanıyır. Sonuncu Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayır. Asanbəy Balabəyovu nə evli olduqları vaxt, nə də ki, X16 vəfat etdikdən sonra sonuncuya məxsus torpaq sahələrinə gəlməsini və ya istifadə etməsini görməmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 şahid X9 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan Qax rayonu Almalı kənd soveti tərəfindən 25 yanvar 1993-cü il tarixdə verilmiş XVİİİ-ЖГ 250068 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş X5 atası X19, anası isə X18r. İşdə olan Zaqatala RİHB-nın Əliabad qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 26 oktyabr 2007-ci il tarixdə verilmiş AZ-İ 359758 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X14 nikahı haqqında 26 oktyabr 2007-ci il tarixdə 40 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Balabəyov, arvada Balabəyova soyadı verilmişdir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 03 aprel 2015-ci il tarixdə verilmiş AZ-İİ 034841 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 və X5 nikahı haqqında 03 aprel 2015-ci il tarixdə 74 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 11 iyul 2020-ci il tarixdə verilmiş AZ-İİ 095222 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 27 iyun 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 iyul 2020-ci il tarixdə 242 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsi tərəfindən 03 iyun 2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 hektar yaşayış məntəqələri torpaq sahəsi X10 xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0031 Kod 40304038 saylı dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Qax rayonu Dəymədağlı kənd sakini X14 mülkiyyətinə 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qax rayonu İcra Hakimiyyəti Almalı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 400 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də 27 iyun 2020-ci il tarixdə vəfat etmiş anası X12 məxsus Dəymədağlı kəndində yerləşən həyətyanı və digər torpaq sahələrindən istifadə və himayədarlıq edir. İşdə olan Qax rayonu Almalı bələdiyyəsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli 44 nömrəli arayışdan görünür ki, mərhum X12 məxsus Kod 40304038 JN-0031 nömrəli pay torpaq sahəsi və reyestr nömrəsi **********83 nömrəli yaşayış məntəqəsi torpaqları mərhumun qızı İddiaçı tərəfindən istifadə olunur, bələdiyyəyə torpaq və əmlak vergisindən borcu yoxdur. İşdə olan Qax rayonu Almalı bələdiyyəsi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli 38 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum anası-X16 öldüyü gündən hazıradək ona məxsus olan Qax rayonu Dəymədağlı kəndində yerləşən həyətyanı və pay torpaq sahəsinin vergi borcunu qızı-İddiaçı ödəyir. İşdə olan İddiaçı ünvan 1 ünvanladığı 01 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum anası-X8 Qax rayonu Almalı kəndində yerləşən miras qalmış torpaq sahələrinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan Zaqatala rayon 2 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı 30 sentyabr 2021-ci il tarixli 1069 nömrəli məktubunda göstərilmişdir ki, Siz ünvan 1 müraciət edərək mərhum, 27 iyun 2020-ci il tarixdə ölmüş ananız-X8 miras qalmış Qax rayonu Dəymədağlı kəndində yerləşən torpaq sahəsinin bütöv hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirsiniz. Sənədlərə əsasən mərhumun əri X6 da mirası faktiki olaraq qəbul etmiş, ancaq mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Odur ki, vərəsələr arasında mübahisə olduqda vərəsəlik işini notariat qaydada həll edə bilmirlər. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və dövlət aktına əsasən X10 adına qeydiyyata alınmışdır. X16 27 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qızı-İddiaçı və əri X6 adlı vərəsələri qalmışdır. Vərəsələrdən İddiaçı anası X10 vəfatından sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olmuş torpaq sahələrindən istifadə edir. Mülki iş üzrə iddiaçı miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Eyni zamanda mirasın qəbul edilməsi barədə notariat ofisinə də ərizə ilə müraciət etmişdir. İddiaçı anasının vəfatından sonra həmin torpaq sahələrinə sahiblik etmiş, mirası qəbul etmişdir. O, miras qalmış torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ünvan 1 müraciət etmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən isə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Digər vərəsə X6 iddianı qəbul etdiyini bildirmiş, eyni zamanda o, mirası faktiki olaraq qəbul etməmiş, mirasın qəbul edilməsi ilə bağlı Notariat Ofisinə də müraciət etməmişdir. Ona görə də, iddiaçı, Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, miras əmlak vərəsələrdən İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Digər vərəsə tərəfindən miras faktiki qəbul olunmamış, o, mirasın qəbul edilməsi ilə bağlı Notariat Ofisinə də müraciət etməmişdir. Həmçinin İddiaçı miras qalmış torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün də ünvan 1 müraciət etmişdir. Bu faktlar işdə olan sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapır və mübahisə doğurmur. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, İddiaçı mirasqoyan mərhum anası X10 əmlakını vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmiş və bugün də mirasdan istifadə etməklə idarə edir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mərhum anası X12 məxsus Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ müəyyən edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdı̇ : İddia təmin edilsin. X1 miras qalmış Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ müəyyən edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar