Məhkəmə qərarları › İş №2(033)-121/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-121/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-121/2021 03.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər 08.09.1980-cı il təvəllüdlü Cavabdeh1, 04.07.2003-cü il təvəllüdlü Cavabdeh2, 10.08.2001-ci il təvəllüdlü Cavabdeh3, 19.05.1978-ci il təvəllüdlü Cavabdeh4 və 02.06.1955-ci il təvəllüdlü Cavabdeh5 ünvan 1 ünvanında yerləşən ona məxsus evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, gəlməməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 11 sentyabr 2020-ci il tarixdə alqı satqı müqaviləsini notariusda təsdiq etdirməklə Zaqatala şəhəri Faiq Əmirov küçəsi ev-39, mənzil 36-da yerləşən yaşayış evini almışdır. Həmin evi aldıqdan sonra həmin mənzildə yaşamayan mənzilin ondan əvvəlki yox, ondan da əvvəlki sahibinin ailə üzvləri-cavabdehlərin qeydiyyatda olması ona məlum olmuşdur. Həmin şəxsləri o tanımır. Cavabdehlərin hazırda harada yaşaması barədə dəqiq ünvan məlum deyildir. Lakin onların qeydiyyat ünvanı onun evi olduğuna görə axırıncı yaşayış yeri həmin ünvan hesab olunur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək İddiaçı iddiasını qəbul etdiyini, mübahisəli mənzili çoxdan satdıqlarını, iddianın təmin olunmasına etirazı olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan AN-İ seriyalı ******* nömrəli 11 sentyabr 2020-ci il tarixdə ünvan 5z əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqataia şəhəri Faiq Əmirov küçəsi ev 39 mənzil 36da mülkiyyətində olan 70.1 kv.m ümumi sahədən ibarət mənzil X7 tərəfindən 20000 manat müqabilində İddiaçı satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** nömrə ilə 23.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 100 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70,10 kv.m olan mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, 08.09.1980-cı il təvəllüdlü Cavabdeh1, 04.07.2003-cü il təvəllüdlü Cavabdeh2, 10.08.2001-ci il təvəllüdlü Cavabdeh3, 19.05.1978-ci il təvəllüdlü Cavabdeh4 və 02.06.1955-ci il təvəllüdlü Kərimova X6 şəhəri, Faiq Əmirov küçəsi, ev 39, mənzil 36 ünvanında qeydiyyatdadır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçı tərəfin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, 11 sentyabr 2020-ci il tarixdə İddiaçı ünvan 4 ünvanında yerləşən mənzili ünvan 5z əmlakın alqı-satqı müqaviləsinə əsasən 20000 manat ödəməklə almışdır. ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 100 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan həmin əmlak üzərində sərəncam vemək hüququndan istifadə etmək istədiyində ünvan 4 ünvanında yerləşən mənzildə 08.09.1980cı il təvəllüdlü Cavabdeh1, 04.07.2003-cü il təvəllüdlü Cavabdeh2, 10.08.2001-ci il təvəllüdlü Cavabdeh3, 19.05.1978-ci il təvəllüdlü Cavabdeh4 və 02.06.1955-ci il təvəllüdlü Cavabdeh5 qeydiyyatda olduqlarını müəyyən etmişdir. Cavabdehlər iddiaçının ailə üzvü deyildir və aralarında hər hansı münasibət yoxdur, onlar 2010-cu ildən həmin mənzildə yaşamırlar. İşin bu faktiki haları iş materiallarına əlavə edilmiş sənədlərlə və tərəflərin izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququndan bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. Beləliklə şərh olunanlardan göründüyü kimi cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehlərin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsini əsaslı hesab edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlərin həqiqətən də evdən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, alıcı İddiaçı satıcı X2 mənzili almışdır. Hazırda onu adına daşınmaz əmlakın dövlət reyestr xidmətində rəsmiləşdirməklə qeydiyyata almışdır. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehrin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehlər 08.09.1980-cı il təvəllüdlü Cavabdeh1, 04.07.2003-cü il təvəllüdlü Cavabdeh2, 10.08.2001-ci il təvəllüdlü Cavabdeh3, 19.05.1978-ci il təvəllüdlü Cavabdeh4 və 02.06.1955-ci il təvəllüdlü Cavabdeh5 ünvan 4 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər 08.09.1980-cı il təvəllüdlü Cavabdeh1, 04.07.2003-cü il təvəllüdlü Cavabdeh2, 10.08.2001-ci il təvəllüdlü Cavabdeh3, 19.05.1978-ci il təvəllüdlü Cavabdeh4 və 02.06.1955-ci il təvəllüdlü Cavabdeh5 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar