Məhkəmə qərarları › İş №2(033)-14/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-14/2021

12.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-14/2021 12.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Məmmədova Nərgiz Paşa qızının, onun nümayəndəsi Məmmədova Elnarə Rəşid qızının, cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğlunun, onun vəkili və nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Abdullayev İkram Yusif oğlunun iştirakları ilə, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Məmmədova Nərgiz Paşa qızının ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğluna qarşı qanunsuz tikilmiş yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair və ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğlunun ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Məmmədova Nərgiz Paşa qızına qarşı evin dəyəri olan 60000 (altmış min) manat məbləğində pulun alınması tələbinə dair iddia ərizələri üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Məmmədova Nərgiz Paşa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullayev İsmayıl Abdulla oğlunun Zaqatala rayonu Muxax kəndi ərazisində ona və ailəsinə məxsus 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş yaşayış evi sökülməklə həmin sahədən ailəsi ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Məmmədova Nərgiz Paşa qızından evinin dəyəri olan 60 000 (altmış min) manat məbləğində olan pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(033)-14/2021 nömrəli qərardadı ilə iddiaçı Məmmədova Nərgiz Paşa qızının cavabdeh Abdullayev İsmayıl Abdulla oğluna qarşı verdiyi ilk iddia tələbi “cavabdehin ailə üzvlərinin Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsindən çıxarılması” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Məmmədova Nərgiz Paşa qızı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala rayon AİK-nın 21 may 1998-ci il tarixli qərarı ilə onun və ailəsinin mülkiyyətinə Muxax kənd ərazisindən 0.1037 ha həyətyani torpaq sahəsi verilmişdir. Onlar həyətyanı torpaq sahəsini əldə etsələr də, Ermənistan Respublikasından 1988-ci ildə qaçqın düşüb gələn adamlar olduqlarından yaşamağa yerləri olmayıb. Onlar Muxax kənd ərazisində qeydiyyatda olsalar da rayon rəhbərliyinin köməyi ilə Göyəm kənd ərazisində olan mal fermasına müvəqqəti yerləşdirilmişlər. Onların torpaq sahəsindən uzaqda olmalarından istifadə edərək qonşuları, hazırki cavabdeh Abdullayev İsmayıl Abdulla oğlu həmin yerdə onlardan xəbərsiz və qanunsuz olaraq özü üçün yaşayış evi tikmişdir. O, hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Özü və ailəsi ondan həmin evi söküb, həyətyanı torpaq sahəsindən çıxmasını tələb etsə də, o oradan çıxmaq istəmir. Onlar hazırda özlərinə məxsus həyətyanı torpaq sahəsində özləri üçün yaşayış evi tikmək istəyirlər, ancaq cavabdeh şəxs buna imkan vermir. O, hədə qorxu gəlir və onları təhqir edir. Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmaq istəmir. İlk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Məmmədova Nərgiz Paşa qızının nümayəndəsi Məmmədova Elnarə Rəşid qızı nümayəndəsi olduğu iddiaçının onun anası olduğunu bildirmiş və iddiaçı Məmmədova Nərgiz Paşa qızının izahatına uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, onlar mülkiyyətlərində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş evin dəyərinin cavabdehə verilməsini əsassız hesab edir. Belə ki, onlar arasında evin tikilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Bunlara baxmayaraq o, cavabdeh tərəfindən onlara münasib bir yerdə torpaq sahəsi verildiyi halda və ya iddianın predmeti olan torpaq sahəsi müqabilində razılaşma yolu ilə pul vəsaiti ödənildiyi halda həmin torpaq sahəsini cavabdehin mülkiyyətinə verə biləcəklərini qeyd etdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğlu qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, ilkin iddianı qəbul etmir. Onun atası 2005-ci ilin aprel ayında aralarında olan razılaşma əsasında Məmmədova Nərgiz Paşa qızına məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,12 ha sahəsi olan həyətyanı torpaq sahəsini alıb bu günədək həmin torpaq sahəsindən istifadə etmişdir. Həmin dövrdə aralarında olan razılaşmaya əsasən 0,12 ha torpağı Məmmədova Nərgiz Paşa qızından ******* (bir milyon doqquz yüz iyirmi min) manata almışdır. İddiaçı həmin torpaq sahəsinin sənədlərini onlara verərək Zaqatala rayon Muxax bələdiyyəsində öz aralarında Akt yazaraq iddiaçının razılığı ilə rəsmiləşdirmişlər. Lakin torpağın sənədləri tam olmadığından alqı-satqı müqaviləsini notarial qaydada bağlaya bilməmişlər. Həmin vaxtdan indiyə qədər həmin torpaq sahəsindən o və onun ailə üzvləri istifadə edib. Həmin torpaq sahəsini alanda ora daşlıq sahə idi. Onlar illərlə əziyyət çəkərək, başqa yerdən torpaq daşıyaraq oranı yararlı hala salmışlar, ağaclar əkmişlər, abadlaşdırmışlar. 2010-cu ildə o atasının köməkliyi ilə 4 otaqlı fərdi yaşayış evi inşa edərək indiyə qədər ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində tikilmiş evdə yaşayırlar. Lakin neçə illərdi həmin torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən onların istifadə etmələrinə baxmayaraq Məmmədova Nərgiz Paşa qızı alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmamasından istifadə edərək həmin torpaq sahəsinə öz adına Çıxarış alaraq onu həmin torpaq sahəsindən çıxarmaq istəyir. İddiaçı 1988-ci ildə Ermənistandan məcburi köçkün olaraq Muxax kəndinə gəlib. Həmin vaxt ona və onun 5 nəfər azyaşlı uşaqlarına yazıqları gəldiyi üçün atası öz evində təmənnasız sığınacaq vermişdir. Lakin sonradan peşman olmuşlar, bilsəydilər ki, illər sonra ailə üzvlərinə belə hörmətsizlik edəcək onlara öz evlərində təmənnasız sığınacaq verməzdilər. İddiaçı və onun ailə üzvləri 5 il onlara məxsus evdə yaşayıblar. Sonra “Muxax” kolxozu kolxozçularının 07.04.1990-cı il tarixli müvəkkillər yığıncağının 2 N-li protokolunun qərarı ilə Muxax kəndində ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsi ayrıldı. Lakin ona həyətyanı torpaq sahəsi ayrılmasına baxmayaraq onlar orada yaşamayıblar, onlarla birlikdə yaşayıblar. 5 il onların evində öz evləri kimi yaşadıqdan sonra Göyəm kəndinə köçərək orada yaşayıblar. Həmin torpaq sahəsini aldıqdan sonra iddiaçı torpağın sənədlərini onlara təqdim etmişdir. Bu da alqı-satqı müqaviləsinin aralarında bağlandığını təsdiq edir. Lakin 19.03.2019-cu il tarixdə iddiaçı onlardan xəbərsiz həmin torpaq sahəsinə RX seriyalı ******* nömrəli Çıxarış alaraq Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsində tikilmiş yaşayış evi sökülməklə həmin sahədən onun və ailəsinin çıxarılmasına dair iddia qaldırmışdır. Eyni zamanda, o da cavabdeh Məmmədova Nərgiz Paşa qızından evinin dəyəri olan 60 000 (altmış min) manat məbləğində olan pulun alınaraq onun xeyrinə verilməsini tələb edir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğlunun vəkili və nümayəndəsi Abdullayev İkram Yusif oğlu izahat verərək göstərdi ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Məmmədova Nərgiz Paşa qızına məxsus olmasına baxmayaraq mülkiyyətçi ilə cavabdehin atası arasında olan razılığa əsasən həmin torpaq sahəsini 2005-ci ildə Abdulla Abdullayevə satmışdır. Lakin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər hazırlanmadığından alqı-satqı yalnız Muxax bələdiyyəsində tərtib edilən aktla həyata keçirilmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə başlamış və 2012-ci ildən həmin evdə yaşayır. Cavabdeh həmin torpaq sahəsinin vergisini ödəyir və həmin evə telefon xətti çəkdirmişdir. İddiaçı Məmmədova Nərgiz Paşa qızı həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində 2019-cu ildə qeydiyyata aldırıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinun 152.1-ci maddəsi deyilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh 2010-cu ildən həmin torpaq sahəsindən istifadə edib və üzərində ev tikərək yaşayıb, iddiaçı isə yalnız torpaq sahəsinə çıxarış aldıqdan sonra iddiaçının torpaqdan çıxmasını tələb edib. İlkin iddia təmin olunduğu halda qarşılıqlı iddianın da təmin edilməsini və ya hər iki iddia ərizələrinin rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Muxax kolxozunun 10 iyul 1990-cı il tarixli aktdan görünür ki, Məmmədova Nərgiz Paşa qızına 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Muxax kolxozu kolxozçularının 07.04.1990-cı il tarixli müvəkkillər yığıncağının 2 nömrəli protokolundan çıxarışdan görünür ki, Ermənistan SSRdən köçüb gəlmiş Məmmədova Nərgiz Paşa qızının azyaşlı uşaqlarının olmasını, halhazırda onun ailəsinin çətin vəziyyətdə yaşamasını nəzərə alaraq ev tikintisi üçün 0,10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış, dövlət torpaq Kadastrı kitabında 25.12.2009-cu il tarixdə 1701 nömrə ilə uçota alınmış A seriyalı 246721 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən Məmmədova Nərgiz Paşa qızının mülkiyyətində Zaqatala rayonu Muxax kəndində yerləşən 1037,15 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışdan görünür ki, 152 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 19.03.2019-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyata əsasən Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Məmmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Calal Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsusdur. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş A seriyalı 363365 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə Zaqatala rayonu Muxax kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,1037 ha torpaq sahəsi Məmmədova Nərgiz Paşa qızı üçün ayrılmışdır. Həmin şəhadətnaməyə mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli 2(033)-753/2019 nömrəli qətnaməsindən görünür ki, Abdullayev Abdulla İbrahim oğlu məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muxax kəndində yerləşən cavabdehə məxsus 0,12 ha torpaq sahəsinin 2005-ci ilin aprel ayında yazılmış akta əsasən onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abdullayev Abdulla İbrahim oğlunun cavabdeh Məmmədova Nərgiz Paşa qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2784/2019 nömrəli 18.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Abdullayev Abdulla İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(033)-753/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli 2(102)-607/2020 nömrəli qərarından görünür ki, iddiaçı Abdullayev Abdulla İbrahim oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2(107)- 2784/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən axlanılmışdır. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Həmin torpaq sahəsində ölçmə işləri aparılmışdır. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, Azərbaycan Respublikas ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Məmmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Cəlal Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı -torpaq sahəsinin yerdə (naturada) ölçüləri 0,1157 hektardır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən umumi birgə mülkiyyət hüququ əsasında Məmmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Calai Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində sahəsi 117 kv.m olmaqla yaşayış evi və sahəsi 55 kv.m olmaqla köməkçi tikili mövcuddur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyat: haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Məmmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Calaİ Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində sahəsi 117 kv.m olmaqla yaşayış evi və sahəsi 55 kv m olmaqla köməkçi tikili mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 02 sentyabr 2020-ci il tarixli **********99 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respubiıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən, ümumi birgə mülkiyyət hüququ əsasında Məmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Calal Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqəlıərinin torpaqları təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri 0,1157 ha təşkii etdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respubiıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət ReyestrXidməti Hüquqların Dövlət Qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən, ümumi birgə mülkiyyət hüququ əsasında Məmmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Calal Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində sahəsi 117,0 kv.metr olan yaşayış evi və sahəsi 55,0 kv.metr olan köməkçi tikili mövcud olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/27/149 ümumi smeta dəyəri 67,20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Muxax kəndində yerləşən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 1037,15 kv.m həyətyanı torpaq sahəsi Məmmədova Nərgiz Paşa qızının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında 19.03.2019-cu il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyata əsasən Məmmədova Nərgiz Paşa qızı, Məmmədova Elnarə Rəşid qızı, Məmmədov Calal Rəşid oğlu və Məmmədov Camal Rəşid oğlunun adına qeydiyyata alınmış və RX seriyalı ******* çıxarışla rəsmləşdirilmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı Məmmədova Nərgiz Paşa qızı həmin torpaq sahəsinin qanunsuz olaraq ilkin iddia ərizəsi üzrə cavabdeh Abdullayev İsmayıl Abdulla oğlu tərəfindən zəbt edildiyini bildirərək ilkin iddia ərizəsi üzrə cavabdehin və onun ailə üzvlərinin həmin torpaq sahəsi üzərində qanunsuz tikilmiş yaşayış evi sökülməklə çıxarılmalarını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğlu həmin torpaq sahəsinin ilkin iddia ərizəsi üzrə iddiaçı tərəfindən onun atası Abdulla Abdullayevə 2005-ci ildə satıldığını, onun 2010-cu ildə orada yaşayış evi tikərək 2012-ci ildən həmin torpaq sahəsi üzərində yerləşən evdə yaşadığını və torpaq sahəsindən istifadə etdiyini bildirərək, həmin evin dəyəri olan 60000 manat məbləğində olan pulu Məmmədova Nərgiz Paşa qızından tələb etdiyini bildirir və ilkin iddia ərizəsi təmin olunduğu təqdirdə qarşılıqlı iddia ərizəsinin də təmin olunmasını xahiş edir. İş materiallarında olan sənədlərdən eləcə də, mütəxəssis və ekspert rəylərindən də görünür ki, ümumi birgə mülkiyyət hüququ əsasında Məmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Calal Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqəlıərinin torpaqları təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri 0,1157 ha təşkil etdiyi və torpaq sahəsi üzərində sahəsi 117,0 kv.metr olan yaşayış evi və sahəsi 55,0 kv.metr olan köməkçi tikili mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi qismən təmin olunmalı, qarşılıqlı iddia ərizəsi isə rədd olunmalıdır. Məhkəmə ilk öncə ilk iddia tələbinin “Abdullayev İsmayıl Abdulla oğlunun Zaqatala rayonu Muxax kəndi ərazisində iddiaçıya və ailəsinə məxsus 0,1037 ha həyətyanı torpaq sahəsindən çıxarılması" hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, Məmmədova Nərgiz Paşa qızı Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyətçilərindən biridir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüquqları vardır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, torpaq sahəsindən cavabdeh çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Məmmədova Nərgiz Paşa qızının, Məmmədov Calal Rəşid oğlunun, Məmmədova Elnarə Rəşid qızının və Məmmədov Camal Rəşid oğlunun ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abdullayev İsmayıl Abdulla oğlunun həmin torpaq sahəsinə dair heç bir hüququ yoxdur. Məhkəmə daha sonra ilk iddia tələbinin “cavabdeh Abdullayev İsmayıl Abdulla oğlunun Zaqatala rayonu Muxax kəndi ərazisində iddiaçıya və ailəsinə məxsus 0,1037 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikilmiş yaşayış evinin sökülməsi” tələbinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, ilk iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qanunsuz olaraq cavabdeh Abdullayev İsmayıl Abdulla oğlu tərəfindən istifadə edilmiş və ilkin iddia ərizəsi üzrə cavabdeh tərəfindən ilkin iddia ərizəsi üzrə iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus 0,1037 ha torpaq sahəsi üzərində 117,0 kv.metr olan yaşayış evi və sahəsi 55,0 kv.metr olan köməkçi tikili inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi ilkin iddia ərizəsi üzrə cavabdeh tərəfindən Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi zəbt edilməklə orada qanunsuz tikili inşa edilmişdir və ilkin iddia ərizəsi üzrə iddiaçı ona mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi üzərində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsini tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia üzrə dəyərləndirmə apararaq qeyd edir ki, qarşılıqlı iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli qərarına əsasən Məmmədova Nırgiz Paşa qızının mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 19.03.2019-cu il tarixdə aparılmış qeydiyyata əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Məmmədova Nərgiz Paşa qızının, Məmmədov Calal Rəşid oğlunun, Məmmədova Elnarə Rəşid qızının, Məmmədov Camal Rəşid oğlunun adına qeydə alınmışdır. İlkin iddia üzrə cavabdeh isə iddia edir ki, həmin torpaq sahəsi onun atası Abdulla Abdullayevə satıldığından o həmin torpaq sahəsi üzərində yaşayış evi inşa etmişdir. İş materiallarından isə görünür ki, ilkin iddia ərizəsi üzrə iddiaçı Məmmədova Nərgiz Paşa qızı ilə cavabdeh Abdullayev İsmayıl Abdulla oğlunun atası arasında alqı-satqı müqaviləsi olmasını təsdiq edəcək hər hansı sübut yoxdur. Həmçinin bununla bağlı Abdullayev Abdulla İbrahim oğlu məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muxax kəndində yerləşən cavabdehə məxsus 0,12 ha torpaq sahəsinin 2005-ci ilin aprel ayında yazılmış akta əsasən onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir və Abdullayev Abdulla İbrahim oğlunun tələbi Zaqatala Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli 2(033)-753/2019 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Abdullayev Abdulla İbrahim oğlu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilmədiyindən qətnamə 11.02.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan başqa, müəyyən edilir ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili, torpaq sahəsinin mülkiyyətçisi olan ilkin iddia ərizəsi üzrə iddiaçı olan Məmmədova Nərgiz Paşa qızının məlumatı olmadan və onlar arasında hər hansı razılaşma olmadan qanunsuz olaraq tikilmişdir. Ona görə də, Nərgiz Məmmədovadan cavabdehin tələb etdiyi pul vəsaitinin tutulub ona ödənilməsi tələbi təmin edilə bilməz. Ona görə ki, bununla bağlı tərəflər arasında hər hansı yazılı və ya şifahi razılaşma olmamış, bununla bağlı hər hansı öhdəlik götürməmişlər. Ona görə də, qarşılıqlı iddia üzrə cavabdeh hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı həqiqətən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona hər hansı ziyan dəyməsini və qarşılıqlı iddia üzrə cavabdeh tərəfin əsassız varlanmasını sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Bu əsaslarla məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, cavabdeh Abdullayev İsmayıl Abdulla oğlu Zaqatala rayonu Muxax kəndi ərazisində iddiaçıya və ailəsinə məxsus 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxarılmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Cavabdehin qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə cavabdehin özünə aid edilməlidir. İlkin iddia ərizəsi üzrə cavabdeh Abdullayev İsmayıl Abdulla oğlundan 67,20 manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməli, 100 manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh Abdullayev İsmayıl Abdulla oğlu Məmmədova Nərgiz Paşa qızına, Məmmədova Elnarə Rəşid qızına, Məmmədov Calal Rəşid oğluna və Məmmədov Camal Rəşid oğluna məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxarılsın. Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli 12 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı Məmmədova Nərgiz Paşa qızının cavabdeh Abdullayev İsmayıl Abdulla oğluna qarşı verdiyi ilk iddia tələbinin “cavabdehin ailə üzvlərinin Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsindən çıxarılması” hissəsinin baxılmamış saxlanılması nəzərə alınsın. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Abdullayev İsmayıl Abdulla oğlunun qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Məmmədova Nərgiz Paşa qızına qarşı evin dəyəri olan 60000 (altmış min) manat məbləğində pulun alınması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İddiaçı Məmmədova Nərgiz Paşa qızının dövlət büdcəsinə ödədiyi 10 (on) manat və cavabdeh Abdullayev İsmayıl Abdulla oğlunun dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu xərci onların özlərinə aid edilsin. İlkin iddia ərizəsi üzrə cavabdeh Abdullayev İsmayıl Abdulla oğlundan 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilsin, 100 (bir yüz) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar