Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-143/2022 16.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Zaqatala rayonu Faldarlı kəndində yerləşən, xüsusi mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, onun, Zaqatala rayonu Faldarlı kəndində xüsusi mülkiyyətində olan yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Evə və həyətyanı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış hazırlanaraq verilmişdir. Ev və həyətyanı torpaq sahəsi üzərində onun xüsusi mülkiyyəti olmasına baxmayaraq lazımi qaydada hüquqlarını həyata keçirə bilmir. Ona görə ki, evdə cavabdehlər onunla yaşayır və cavabdehlərin həmin evdə yaşaması onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Cavabdeh2 qızı, oğlu- Cavabdeh1 nikahsız 4-cü arvadıdır. Onların rəsmi qaydada nikahları olmamışdır. Oğlunun birinci arvadından olan uşağına o baxır, onunla birlikdə həmin evdə yaşayır. Cavabdehlər hər gün evdə boş yerə dava-dalaş salaraq evdə yaşayanların rahatlığını pozurlar, rahat yaşamağa qoymurlar. Dəfələrlə 102 xidmətinə zəng vurmağına baxmayaraq yenə də ev sakinlərini narahat edərək, əsasən də gəlin birgə yaşayış qaydalarını pozaraq nalayiq söyüşlər söyərək, onları təhqir edərək hədə - qorxu gəlir və dinc yaşamağa imkan vermir. Onlarla bir evdə yaşamaq qeyri mümkündür. Cavabdehlərin ona məxsus evdə yaşamağa hüquqları yoxdur. Cavabdehlərin bu hərəkətləri ilə onun mülkiyyət hüququ pozulur. Buna görə də, o, cavabdehləri evindən çıxarmaq qərarına gəlmişdir. İddia tələbini müdafiə edir və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, atası-İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evi onlara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus 0,0999 ha torpaq sahəsi üzərində tikilmişdir. İddiaçı onun doğma atasıdır və o həmin evdə qeydiyyatdadır və həmin evdə yaşamışdır. O hazırda ayrı yaşayır, qohumları tərəfindən ona müvəqqəti olaraq yaşaması üçün yer verilmişdir və o iddia predmetini təşkil edən həmin evdə yaşamasa da həftədə 1 gün o evə gələrək orada təmizlik işləri aparır. Onun özünə məxsus başqa bir evi yoxdur. İddiaçı onun həmin evdən çıxmasını istəyirsə ona həmin həyətdə ev tikib versin. Hazırda onun özünün ev tikmək üçün imkanı yoxdur. O hər dəfə iddiaçının mülkiyyətində olan yaşayış evinə gələndə orada onu və 09 iyun 2021-ci il tarixdə faktiki 4-cü dəfə ailə həyatı qurduğu həyat yoldaşı Cavabdeh2 təhqir edirlər və sonra da onlara böhtan atırlar. O həmin evdə daimi yaşamasa da həftədə bir gün həmin evə getməyə davam edəcək. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 qızı iddia tələbinə etiraz edərək göstərdi ki, Cavabdeh1 ilə nikahları rəsmi şəkildə dövlət qeydiyyatına alınmışdır və onlar ailə kimi bir yerdə yaşayırlar. Həftədə bir gün o həyat yoldaşı olan Cavabdeh1la iddiaçının mülkiyyətində olan yaşayış evinə gedir. Həmin evə getdikləri zaman həyat yoldaşının atası olan İddiaçı onları təhqir edir və onu həmin evdən qovur. O iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.10.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X6, X9, X7, X8 və Cavabdeh1 məxsus Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0999 ha torpaq sahəsi üzırində yerləşən reyestr nömrəsi **********35-10301 reyestr nömrəli ümumi sahəsi 108 kv. metr olan fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 451892 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 qızı 06 yanvar 2022-ci il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan 13.12.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/1119 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, Cavabdeh1 valideynləri İddiaçı və X11 ilə arasında tez-tez münaqişənin olmasını nəzərə alaraq, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin yaşanmaması məqsədilə ilə onların münaqişəli ailə kimi qeydiyyata götürülərək profilaktiki söhbətlər aparılması üçün qərarın surəti aidiyyəti üzrə Zaqatala RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, İddiaçı və digər 4 subyektə məxsusdur. Həmin torpaq sahəsi üzərində yerləşən reyestr nömrəsi **********35-10301 olan ümumi sahəsi 108 kv. metr olan fərdi yaşayış evi İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh1 atasıdır və o həmin evdə qeydiyyatdadır və sonuncu iddia verilənədək daimi olaraq orada yaşamışdır. Cavabdeh1 faktiki olaraq 09 iyun 2021-ci il tarixdə, rəsmi olaraq isə 06 yanvar 2022-ci il tarixdə digər cavabdeh X4 ilə nikaha daxil olmuşdur. Cavabdeh X1 Zaqatala rayonu Faldarlı kəndində yerləşən 0,0999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən reyestr nömrəsi **********35-10301 olan ümumi sahəsi 108 kv. metr olan fərdi yaşayış evindən istifadə hüququ qeydiyyata alınmamışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Zaqatala rayonu Faldarlı kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini və cavabdehlərin həmin evdən çıxarılmasını xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmir və iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2 qızının İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 228.1-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbinə əsasən, 01.09.2000-ci il tarixdən sonra yaşayış sahəsinə hüquqlar o halda yaranmış hesab edilir ki, bu barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və həmin razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.05.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında xüsusi mülkiyyətdə olan yaşayış sahələrindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmələrdə baxılması halları tənzimlənmişdir. Məhkəmə araşdılrmasında müəyyən edilmişdir ki, cavabdeh X5 iddiaçının ailə üzvü olan Cavabdeh1 ilə 06 yanvar 2022-ci il tarixdə nikaha daxil olsa da, onunla İddiaçı arasında sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 16.10.2018-ci il tarixdə qeydiyyata alınmış Zaqatala rayonu Faldarlı kəndində yerləşən ümumi sahəsi 108 kv. metr olan fərdi yaşayış evindən istifadəyə dair notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyildir. Eyni zamanda cavabdeh X5 iddiaçının ailə üzvü deyildir. İşdən də göründüyü kimi, mübahisəli mənzil iddiaçı ilə cavabdehin rəsmi nikaha daxil olmamışdan əvvəl, yəni 16.10.2018-ci il tarixdən iddiaçının, yəni cavabdeh X2 qaynatası-İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər isə 06 yanvar 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş, cavabdeh Aynur Abdurrəhimova iddiaçının mülkiyyətində olan mənzilə köçmüşdür; bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Göründüyü kimi, cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyildir. Cavabdehlə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Şərh edilən normaların və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının məzmunundan görünür ki, yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri qanunverici tərəfindən müəyyən edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 qızının iddiaçı İddiaçı məxsus Zaqatala rayonu Faldarlı kəndində yerləşən ümumi sahəsi 108 kv. metr olan fərdi yaşayış evində istifadə hüququ yaranmadığından iddia tələbi Cavabdeh2 qızının iddiaçının xüsusi mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 qızının iddiaçının xüsusi mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ - əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh2 qızı 09 iyun 2021-ci il tarixdən Zaqatala rayonu Faldarlı kəndində yerləşən Cavabdeh1 atası olan iddiaçıya məxsus olan fərdi yaşayış evində yaşasa da Cavabdeh2 qızının həmin fərdi yaşayış evinə hər hansı hüququ yaranmamışdır və iddiaçı Mahmudov X10 rayonu Faldarlı kəndində yerləşən ümumi sahəsi 108 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı, ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh2 qızının çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 İddiaçı məxsus Zaqatala rayonu Faldarlı kəndində yerləşən ümumi sahəsi 108 kv.m olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin yaşayış evindən çıxarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilən hallardan görünür ki, Zaqatala rayonu Faldarlı kəndində olan iddiaçının mülkiyyətində olan ümumi sahəsi 108 kv.m olan fərdi yaşayış evi iddiaçı Cavabdeh1 və digər 4 subyektin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 müvəqqəti olaraq başqa ünvanda yaşasa da, mübahisələndirilən mənzildə anadan olmuş, ailə quranadək orada yaşamışdır, hazırda da həftədə bir gün Zaqatala rayonu Faldarlı kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 108 kv. metrdən ibarət olan fərdi yaşayış evinə gəlir və o həmin fərdi yaşayış evinin mülkiyyətçisi olan atası İddiaçı ailə üzvü kimi orada yaşayır, onun özünə məxsus başqa bir daimi yaşayış yeri yoxdur. Cavabdeh1 yaşayış sahəsinə olan ehtiyacını məhz İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçıya, Cavabdeh1 və digər 4 subyektə məxsus 0,0999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş iddiaçının tam mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ümumi sahəsi 108 kv.m olan fərdi yaşayış evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərəflər arasında mübahisə predmeti təşkil edən fərdi yaşayış evi ilə bağlı hüquq münasibətinin 2000-ci il tarixdən əvvəl yarandığından hesab edir ki, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: birincisi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; İkincisi isə yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Cavabdeh1 mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbinin Cavabdeh1 Zaqatala rayonu Faldarlı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin yaşayış evindən çıxarılması hissəsi əsassız olduğundan iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Abdurəhimova (Mahmudova) Aynur Tahir qızı İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən ümumi sahəsi 108 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-143/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-143/2022
16.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver