Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-194/2021 30.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qonşuları Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş həyətyanı torpaq sahənin müəyyən edilərək ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbninin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək yalnız Cavabdeh1 alqı-satqı müqaviləsi ilə özünün mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 0,0034 ha torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh1 hazırki məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, 03 iyul 2018-ci ildə X5 məxsus 1071,7 ha həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpağın üzərində hüquqlarını qeyd etdirmək və çıxarış almaq üçün DƏDRX-nın 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı sənədlərə və torpaq sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sənədi ilə faktiki torpağın ölçüləri arasında fərq vardır. Eyni zamanda 0,0063 ha həyətyanı torpaq sahəsi qonşuları tərəfindən qanunsuz istifadə olunur. Bu səbəbdən DƏDRX-nın 18 saylı Zaqatala Ərazi İdarəsi ona çıxarış verilməsinin mümkün olmadığını bildirmişdir. Qonşuları Cavabdeh1 və Cavabdeh2 dəfələrlə məsələnin məhkəmədənkənar həll edilməsini xahiş etsə də, nəticə olmamış, onlar 0,0063 ha torpağın hansının istifadəsində olduğunu müəyyənləşdirməyə imkan verməmişlər. Ona görə də X7 MMC tərəfindən təqdim edilmiş ekspert rəyi ilə tanış olmuşdur və həmin ekspert rəyinə uyğun olaraq iddia tələbinin həcmini azaldaraq yalnız qonşusu Cavabdeh1 ona məxsus zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahələri qonşu ərazilərdə yerləşir. Həmin ərazidə torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı torpağa dair sənədlərdə sürüşmə olmuşdur. Ekspert rəyi ilə o, iddiaçının torpaq sahəsini əgər zəbt etmişdirsə, onda onun da torpaq sahəsinin sərhədləri müəyyən edilsin. İddia tələbi ilə razı deyil və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, onun tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmişdir. Bu hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Ona aid hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan JN-227A Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən 0,11 ha həyətyanı torpaq sahəsi X11, X1, X9, X12, X3 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, JN-227A Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən satıcılar X11, X1, X9, X12, X10 və X6 məxsus ünvan 1paq sahəsi 2000 manat məbləğində dəyəri ödənilməklə İddiaçı tərəfindən alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 17 noyabr 2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 1paq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********). Ərizənizin icrası ilə bağlı təqdim olunmuş sənədlərin kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zamanı məlum olmuşdur ki, 0,1071 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Bundan əlavə torpaq sahəsinin 0.0063 ha hissəsi başqa mülkiyyətçi tərəfindən istifadə olunur və qeyd olunan səbəbdən mülkiyyətçilər arasında sərhəd mübahisəsi vardır. Qeyd olunan torpaq sahəsinin faktiki ölçülər əsasında (torpaq sahəsinin sahəsi dəyişmədən 0,1071 ha olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsinə razı olmadığı üçün torpaq sahəsinin sənəd üzrə ölçülərinə əsasən sərhəd mübahisəsi olduğundan qeyd olunan torpaq sahəsinin dövlət reyetsrində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 196 nömrəli, 03 may 2021-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, iş materiallarına əlavə edilmiş JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin, eləcə də İddiaçı mülkiyyətinə AN-1 № ******* saylı 03 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə verilmiş 0.1071 ha torpaq sahəsinin sərhəddi JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin planşeti əsasında naturada coğrafi yerləşməsi dəqiqləşdirilmişdir. Həmin 0.1071 ha torpaq sahəsinin cənub istiqamətində olan 0.0034 ha hissəsi qonşu Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Autocad və ArcMap proqramları vasitəsilə sözügedən torpaq sahəsinin ölçüləri tərtib olunan plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha torpaq sahəsi JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən X11, X1, X9, X12, X10 və X4 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən dəyəri ödənilməklə İddiaçı tərəfindən alınmışdır. O, 0,1071 ha torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 0,1071 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq olduğundan və torpaq sahəsinin 0.0063 ha hissəsi başqa mülkiyyətçi tərəfindən istifadə olunduğundan və qeyd olunan səbəbdən mülkiyyətçilər arasında sərhəd mübahisəsi olduğundan qeyd olunan torpaq sahəsinin dövlət reyetsrində qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh1 çıxarılmasını və həmin torpaq sahəsinin ona təhvil verilməsini tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0034 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Cavabdeh1 torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh1 iddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0034 ha hissəsindən çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi iddiaçı tərəfindən Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən alınmışdır. İddiaçı həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Cavabdeh1 isə iddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha torpaq sahəsinin 0,0034 ha hissəsi üzərində heç bir hüquqları yoxdur. Qeyd olunanlar mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əliyev X13 rayonu Lahıc kəndində yerləşən JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən satıcılar X11, X1, X9, X12, X10 və X4 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,1071 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 0,0034 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat cavabdehdən tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Əliyev X13 rayonu Lahıc kəndində yerləşən JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən satıcılar X11, X1, X9, X12, X10 və X4 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,1071 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 0,0034 ha hissəsindən çıxarılsın. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh Cavabdeh1 300 (üç yüz) manat ekspertiza xərci alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-194/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-194/2021
30.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver