Məhkəmə qərarları › İş №2(033)-283/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-283/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-283/2022 29.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X3 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.07.1948-ci il tarixdə Zaqatala rayonu Çobankol kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, o, 1948-ci ilin iyul ayının 01də Zaqatala rayonu Çobankol kəndində dünyaya gəlmişdir. Doğulduğu vaxt doğumu rəsmi qeydə alınmamış və uzun müddət ona doğum haqqında şəhadətnamə verilməmişdir. 13 yanvar 2022-ci il tarixdə doğumunu qeyd etdirmək üçün Zaqatala rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsi doğumunu qeyd etməkdən imtina edərək doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Buna görə də doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı bildirir ki, ona DİN-don 10 mart 1998-ci il tarixdə verilmiş "Şəxsiyyəti müvəqqəti təsdiq edən" Arayışda da onun təvəllüdü 01.07.1948-ci il tarix kimi qeyd edilmişdir. Bundan başqa onun doğum günü və ayının 01.07.1948-ci il olmasını bacısı və qardaşları da təsdiq edə bilər. Onlara ehtiyac olduğu təqdirdə şahid qismində məhkəməyə dəvət edilməsi üçün vəsatət verə bilər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Zaqatala Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onu müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən maraqlı şəxs Zaqatala Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X7 izahat verərək Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı həqiqətən də 01.07.1948-ci il tarixdə Zaqatala rayonu Çobankol kəndində doğulmuşdur. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan SSR-i Zaqatala İcra Komitəsinin X11 tərəfindən verilmiş Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən 365606 nömrəli 10 mart 1998-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi 01.07.1948-ci il tarixdə Azərbaycan Respublikası Zaqatala rayonu Çobankol kəndində anadan olmuşdur. İş materiallarında olan Zaqatala rayonu Çobankol İcra Nümayəndəliyi tərəfindən verilmiş 05 may 2007-ci il tarixli AZ-İ seriyalı 315352 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 01.07.1948-ci il tarixdə Zaqatala rayonu Çobankol kəndində anadan olmuş Ərizəçi 05.05.2007-ci il tarixdə X5 ilə nikahlarını bağlamışdır. İş materiallarında olan Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi doğulduğu yer və tarix qrafasında doğum tarixi XX.XX.1948 kimi qeyd edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 21.01.2022-ci il tarixli məktubundan görünür ki, onun 13.01.2022-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsinə müraciət edərək 1948-ci il tarixdə Çobankol kəndində anadan olduğunu bildirərək həmin tarixə uyğun doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi qeydə alınmış və həmin ilə uyğun ona məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bununla bağlı ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 177 nömrəli 21.01.2022-ci il tarixli arayışdan görünür ki, İsmayılov X1 sakinidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda, doğuşa kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə, şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Yenə də Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.1-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.5-ci maddəsinin tələbinə görə, qeydiyyat şöbəsində doğum faktının qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd, valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı maddəsinin tələbinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Ərizəçi 01.07.1948-ci il tarixdə Zaqatala rayonu Çobankol kəndində doğulmuşdur və hazırda Zaqatala rayonu Çobankol kəndində yaşayır. Ərizəçinin doğumu haqqında Zaqatala rayonu qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydləri 1948-ci il üzrə ərizəçinin doğumuna dair müvafiq qeyd aşkar edilməmişdir. Lakin onun doğumunu və Zaqatala rayonu Çobankol kəndində yaşamasını təsdiq edən Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən arayış və digər müvafiq arayışlar, nikah haqqında şəhadətnamə vardır. Doğum haqqında şəhadətnaməni almaq üçün o, Zaqatala Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, hazırda Zaqatala rayonu qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydləri 1948-ci il üzrə ərizəçinin doğumu barədə hər hansı qeyd aşkar edilməməsi səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçinin doğum tarixini başqa cür bərpa etmək mümkün deyildir. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanda ərizəçiyə aid müvafiq qeydlər saxlanılmamışdır və onun bərpası mümkün deyildir və ona görə də, ərizəçi vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğuna görə təmin edilərək, Ərizəçi 01.07.1948-ci il tarixdə Zaqatala rayonu Çobankol kəndində doğulması ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Ərizəçinın ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305-307 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçinın 01.07.1948-ci il tarixdə Zaqatala rayonu Çobankol kəndində hüquqi əhəmiyyəti olan doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçinın ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar