Məhkəmə qərarları › İş №2(033)-332/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-332/2021

31.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-332/2021 31.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun əldə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmış 0,12 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 08 yanvar 2016-cı il tarixdə Cavabdeh nikahlarını rəsmi qaydada qeyd etdirməklə ərə köçmüşdür. Birgə nikahdan övladları yoxdur. Onlar birgə nikah dövründə Yengiyan bələdiyyəsinin 05.10.2016-cı il tarixli 10 saylı protokolunun 03 saylı qərarına əsasən ev tikmək üçün 0,12 ha həyətyanı torpaq sahəsi almışlar. Həmin toıpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Bir müddət həmin evdə yaşamışlar. Birgə nikah dövründə bələdiyyədən aldıqları 0.12 həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. Lakin ev qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsi birgə nikah dövründə əldə edildiyi üçün onun da həmin torpağın 1/2 hissəsi üzərində mülkiyyət hüququ vardır. Həmin torpağın qeydiyyatda çıxarışın verilməsi ilə bağlı o, ƏMDK yanında DƏDRX-nin 18 saylı ərazi idarəsinə müraciət etmişdir. ƏMDK yanında DƏDRX-nin 18 saylı ərazi idarəsinin 20.11.2020-ci il tarixli **********44 saylı məktubu ilə ona imtina verilərək bildirilmişdir ki, ərinin adına qeydiyyata alınmış reyestrdən çıxarışın surəti ona təqdim edilə bilməz, yalnız məhkəmənin sorğusu ilə çıxarış verilə bilər. Beləliklə ona məhkəməyə müraciət etməsi tövsiyyə olundu. Ona görə o, məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə etdikləri torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir. Bundan başqa həmin torpaq üzərində birgə nikahda tikdikləri ev üzərində gələcəkdə mülkiyyət hüququnun tanınması üçün ilk öncə torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalıdır. Cavabdehlə birgə nikah dövründə torpaq və ev əldə etmişlər, lakin cavabdeh hal hazırda həmin torpaqdan və evdən istifadə edir, onu isə bu mülkiyyətlərdən məhrum etmişdir. Mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə 08 yanvar 2016-cı il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından uşaqları olmamışdır. Aralarında olan nikah iddiaçının ərizəsi əsasında Zaqatala Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. İşə apellyasiya məhkəməsində baxılarkən iddiaçı iddiadan imtina etmişdir. Hazırda onlar nikahdadırlar. Onlar birgə nikah dövründə olduqları zaman, yəni 14 sentyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi almışlar. 02 oktyabr 2020-ci il tarixdə isə həmin torpaq sahəsini çıxarış almaqla öz adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsinin iddiaçı ilə aralarında bərabər şəkildə bölünməsinə razıdır. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh vəkili X8 cavabdehin izahatına uyğun çıxış edərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala rayonu Kəpənəkçi kənd inzibati ərazi dairəsi tərəfindən 08 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İİ 091932 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 08 yanvar 2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 01 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Süleymanov”, arvad isə “Mirzəyeva” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-722/2020 nömrəli, 04 avqust 2020ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında Zaqatala rayonu Kəpənəkçi kənd inzibati ərazi dairəsində bağlanmış 08 yanvar 2016-cı il tarixli, 01 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2030/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı iddiadan imtinası qəbul edilərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-722/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-1221/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı Cavabdeh ilə nikah müddətində ümumi vəsaitləri hesabına inşa olunmuş Zaqatala rayonunun Kəpənəkçi kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2016-2018-ci illər ərzində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan AN-İ ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı Zaqatala rayonu Yengiyan Bələdiyyəsi adından sədri X1 rayonu Yengiyan kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə verir. Satılan daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Alıcı həmin torpaq sahəsini satıcıdan 1580 manat qiymətinə aldı. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaqları ********** qeydiyyat nömrəsi ilə 02.10.2020-ci il tarixində 103 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində Cavabdeh tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilməklə qeydiyyata alınmışdır. Məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh 08 yanvar 2016-cı il tarixdə nikahını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahda olduqları müddətdə uşaqları olmamışdır. Onların aralarında olan nikah ləğv edilməmişdir. Onlar birgə nikahda olduqları zaman, yəni 14 sentyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi almışdır. Həmin alqısatqı müqaviləsi əsasında isə Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilməklə qeydiyyata alınmışdır. Qeyd olunanlar işin mübahisələndirilməyən hallarıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmış 0,12 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə iddia tələbi üzrə dəyərləndirmə apararaq bu qənaətə gəlir ki, iddia tələbi birgə nikah dövründə əldə olunmuş 0,12 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçının 1/2 hissədə mülkiyyət hüququnun tanınması hissəsində əsaslıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlararasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından da görünür ki, Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaqları (həyətyanı) sahəsi AN-İ ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş, 02 oktyabr 2020-ci il tarixdə tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsi tərəflər birgə nikahda olduqları müddətdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddianın təmin olunmasına qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə 02.10.2020-ci il tarixində 103 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 242-244, və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə 02.10.2020-ci il tarixində 103 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar