Məhkəmə qərarları › İş №2(033)-355/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-355/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-355/2021 28.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonunun Car kəndində yerləşən onun xüsusi mülkiyyətindəki 20 sot həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 2018-ci ilin sentyabr ayında bağlanmış şifahi əqd üzrə ödənilməli 51.000 AZN məbləğdən ödənilməyib qalan 11.500 AZN pulun Cavabdeh alınıb, ona ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin avqust ayının əvvəlində, hazırkı Cavabdeh ilə tanış olub, Zaqatala rayonunun Car kəndində yerləşən özünə məxsus 20 sot həyətyanı torpaq sahəsinin yekun qiymətinin 51.000 AZN məbləğinə satdığını, hazırda sözügedən daşınmaz əmlakın öz adına dövlət qeydiyyatından keçirilmədiyini bildirib əlavə etmişdir ki, əgər alıcının niyyəti qətidirsə, alqı-satqı üçün rəsmi sənədlərin dərhal hazırlanması məqsədilə ilkin olaraq 2.000 AZN ödənilməlidir. Cavabdeh satdığı həyətyanı torpaq sahəsini almaqda niyyətinin qəti olduğunu söyləyib, qeyd edilən hüquqi sənədlərinin dərhal hazırlanması üçün lazım olan 2.000 AZN pulu 1 ay müddətində ödəyəcini, daşınmaz əmlakın notarial qaydada alqı-satqısını rəsmiləşdirəcəkləri günü, qalıq 49.000 AZN pulun bütünlüklə ona verilməsinin öhdəsinə götürdüyünü bildirmişdir. Şərtləndirdikləri şifahi əqdi öz aralarında razılaşdırdıqları bu öhdəliklər əsasında bağlamışlar. Sentyabr ayının ikinci yarısında torpaq sahəsinin öz adına dövlət qeydiyyatının aparılmasına lazım olan pul məbləğini almaq üçün Bəxtiyarla görüşmüş, o, razılaşdırdıqları 51.000 AZN məbləğdən çıxılmaqla 2.000 AZN pulu ona vermişdir. Oktyabr ayının əvvəlində isə “Çıxarış"ı alaraq Bəxtiyarla yenidən görüşüb qalıq 49.000 AZN məbləği ödəməyi və alqı-satqını notarial qaydada rəsmiləşdirməyi təklif etdikdə, o, bildirmişdir ki, hazırda borcunu tam şəkildə ödəmək imkanı yoxdur, həmin məbləği 2 dəfə olmaqla hissə-hissə ödəyə bilər. Cavabında ona bildirmişdir ki, o, vətəndaşı olduğu Rusiya Federasiyası dövlətinin Kazan şəhərində daimi yaşayır və tezliklə ora qayıtmalıdır, bu səbəbdən qalıq pul məbləğini 2 dəfə hissə-hissə olmaqla 1 ay müddətində ödəməlisən. 2018-ci ilin oktyabr ayı ərzində Cavabdeh verdiyi vədi müxtəlif bəhanələrlə pozaraq, hissəhissə olmaqla cəmi 18.000 AZN pulu ona ödəmişdir. Həmin ilin noyabr ayının əvvəlində şəxsi işi ilə bağlı məcburən Rusiya Federasiyasının Kazan şəhərinə getmişdir. Mobil telefon vasitəsi ilə Cavabdehlə daimi əlaqə saxlayıb alqı-satqını rəsmiləşdirmək üçün qalıq pul məbləğinin ödənilməsini israrla tələb etməklə 2019-cu ilin may ayından həmin ilin oktyabr ayının sonunadək 3 dəfə olmaqla cəmi 19.500 AZN pulun ona ödənilməsinə nail olmuşdur. 2019-cu ilin oktyabr ayındakı axırıncı ödənişdən sonra, dəfələrlə Cavabdeh bildirmişdir ki, aralarında 2018-ci ilin avqust ayında bağlanmış şifahi alqı-satqı əqdi üzrə öhdəliyini lazımınca və vaxtında icra etməməklə ona əhəmiyyətli dərəcədə ziyan vurur. Əlavə olaraq nəzərinə çatdırmışdır ki, əgər qalıq 11.500 AZN pulun ödənilməsini növbəti dəfə gecikdirərsə, şərtləşdirdikləri şifahi müqaviləni pozacaq və onun ödədiyi 39.500 AZN pul məbləğini eyni qaydada ona hissə-hissə özünə geri ödəyəcəkdir. 2020-ci ilin may ayının əvvəllərində Zaqatalaya qayıdıb, Cavabdehlə növbəti dəfə görüşdükdə o, qalıq 11.500 AZN pulu nəğd şəkildə ödəyə bilməyəcəyini növbəti dəfə etiraf edib, həmin öhdəliyini tikinti materialları ilə naturada ödənilməsi imkanı olduğunu təklif etmişdir. Əlavə olaraq bildirdi ki, Zaqatala şəhəri, Qazangül şossesində özünün şəxsən tanıdığı fərdi sahibkar Əhməd Əhmədovdan eyni məbləğdə tikinti materiallarının dəyərini özü şəxsən ödəyəcəyi şərti ilə nisyə götürüb ona verməklə öhdəliyini tam olmaqla icra edəcəkdir. Xüsusi karantin rejiminin tətbiq edildiyi səbəbdən maddi ehtiyaclarının təmin edilməsi üçün əlacsız qalıb, nəğd pul əvəzinə veriləcək tikinti materiallarını tanıdığı şəxslərə satacağını zənn edib Bəxtiyarın təklifini məcburən qəbul etmişdir. 2020-ci ilin iyun ayının əvvəlində Zaqatala şəhəri, Qazangül şossesindəki fərdi sahibkar Əhməd Əhmədova məxsus tikinti materialları mağazasına gedib, orada həmin şəxslə görüşüb Cavabdeh təklifini ona demişdir. X6 bildirmişdir ki, Cavabdeh şəxsən tanıyır, onunla mobil telefonla danışıb və 11.500 AZN dəyərində tikinti materiallarının nisyə olaraq onun hesabına ona verilməsinə etiraz etmir. 2020-ci ilin iyun ayı ərzində həmin tikinti mağazasından bir-neçə dəfə tikinti mallarını nisyə götürüb başqa şəxslərə münasib qiymətə sata bilməmişdir. Cavabdeh 11.500 AZN pulu nəğd və bütöv şəkildə ala bilməyəcəyinə görə, həmin borc məbləğində götürdüyü tikinti materialları ilə özünə fərdi ev tikdirməyə məcbur olmuşdur. Zəruri olaraq məlum edir ki, torpaq sahəsinə görə Cavabdeh ona nəğd pul şəklində ödənilməli 11.500 AZN pulun əvəzinə eyni məbləğdə tikinti materiallarını sahibkar Əhməd Əhmədovdan götürdüyündən sonra da, həmin məbləği sözü gedən şəxsə ödəməkdən boyun qaçırıb. Bu səbəbdən Əhməd Əhmədov ona qarşı “pul tələbinə“ dair Zaqatala rayon məhkəməsində iddia qaldırıb və onun xeyrinə təmin edilmiş məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayəti hazırda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Zənn edir ki, Cavabdeh şifahi əqd üzrə öhdəliyinin icrasından boyun qaçırması lüzumsuz məhkəmə araşdırılmasına səbəb olub və dolayısı ilə qanuni mənafeyinə və mülkiyyət hüququna əhəmiyyətli dərəcədə zərər vurub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.5-ci maddəsində göstərilir ki, əgər öhdəliyini icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Sözügedən maddələrin məzmunundan da göründüyü kimi, satdığı torpaq sahəsini dövlət qeydiyyatından keçirdiyi gündən 2 il ötdüyünə baxmayaraq cavabdeh, ödənilməyib qalan 11.500 AZN pulu ödəməkdən boyun qaçırır və nəticə etibarı ilə torpaq sahəsinin alqısatqısını notarial qaydada rəsmiləşdirmək mümkün olmur. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunaraq cavabdehdən 11500 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli çıxarışlara əsasən Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin torpaq sahələrini Notariat Ofisində bağlanmış 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən X4 hər biri 5000 manata olmaqla, cəmi 10000 manata satmışdır. Həmin müqavilələri Elnurə Mədətovanın əvəzinə etibarnamə əsasında Cavabdeh imzalamışdır. Həmin müqavilələr bağlanan zaman Cavabdeh 10000 manat məbləğində pulu İddiaçı vermişdir. Onun hazırda iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Alqı-satqı müqaviləsində göstərilən pul məbləği iddiaçıya tam şəkildə ödənildiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, iddiaçı və cavabdehi tanıyır. İddiaçı ondan, mülkiyyətində olan torpaq sahələrini Cavabdeha satıb-satmaması ilə bağlı onun fikrini soruşmuşdur. O, Cavabdeh tanıdığından heç bir problem olmayacağını bildirmişdir. Lakin, torpaq sahələrinin hansı qiymətə və hansı razılaşma ilə satıldığından, eyni zamanda Cavabdeh İddiaçı nə qədər pul verdiyindən, borcunun qalıb-qalmadığından məlumatı yoxdur. Sadəcə olaraq İddiaçı torpaq sahələrini Cavabdeh satması ilə bağlı hər hansı narahatçılıq olmayacağını bildirmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X8 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1428 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan İddiaçı tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 12.10.2018-ci il tarixdə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,1357 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1. İş materiallarında olan İddiaçı ilə X8 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1427 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan İddiaçı tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 12.10.2018-ci il tarixdə verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1. Məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin torpaq sahələrini Notariat Ofisində bağlanmış 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən X4 hər biri 5000 manata olmaqla, cəmi 10000 manata satmışdır. Həmin müqavilələri Elnurə Mədətovanın əvəzinə etibarnamə əsasında Cavabdeh imzalamışdır. İddiaçı alqı-satqı müqaviləsindən kənar şifahi razılaşmaları əsasında cavabdehin ona ödənilməmiş 11500 manat verəcəyini də bildirərək həmin pulun alınıb ona verilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş tələbin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsasında yaranmış olmasına, əsassız varlanma nəticəsində və ya zərər vurmadan yaranan öhdəlik nəticəsində ona zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbi təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü ki, iddiaçı iddia edir ki, onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan zaman aralarında şifahi razılaşma olmuşdur ki, müqavilədə göstərilən məbləğdən əlavə də cavabdeh ona hissə-hissə pul ödəyəcəkdir. Lakin, iddiaçı onların arasında razılaşma olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qanunvericiliyin tələbindən də görünür ki, əşyanın nisyə satılması haqqında alqısatqı müqaviləsinin mühüm şərti kimi ödənişlərin müddəti və qaydası müqavilədə göstərilməlidir. Halbuki, İddiaçı ilə X8 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqavilələrində belə bir şərt öz əksini tapmamış, eyni zamanda tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmamışdır. Bundan başqa, iddiaçı onu da qeyd edir ki, cavabdehlə müqavilə bağladıqdan sonra əmlakın dəyərinin alqı-satqı müqavilələrində göstərilən hissəsini və ondan başqa bir hissəsini də ödəmiş, cavabdehin ona 11500 manat borcu qalmışdır. İddiaçı qeyd edir ki, cavabdehlə razılaşmışdır ki, yerdə qalan pul borc kimi ona ödənilsin. Məhkəmə bununla bağlı da qeyd edir ki, Mülki Məcəllənin 740.1-ci maddəsinin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən normaların məzmunundan da aydın olur ki, qanunvericilikdə borc müqavilələrinin bağlanmasının hər iki forması nəzərdə tutulmuş, lakin müqavilənin predmeti olan məbləğin 3000 manatdan çox olduğu halda və ya müqavilənin iştirakçısı hüquqi şəxs olduqda həmin müqavilənin yazılı formada bağlanmalı olduğu şərtləndirilmişdir. İddiaçı tələbinin qanuni əsası müəyyən edilərkən aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik-hüquq münasibətlərinin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır və həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. Eyni zamanda İddiaçı 11500 manat ödənilməsi ilə bağlı tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi, çünki iddiaçı 11500 manatdan məhrum olduğunu qeyd etsə də, cavabdehin həmin pulun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etməmişdir. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı iddia etdiyi cavabdehin ona 11500 manat vəsaiti ödəməli olması öz təsdiqini tapmadığından İddiaçı qeyd edilən məbləği Cavabdeh tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat iddia ərizəsi rədd edildiyinə görə onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar