Məhkəmə qərarları › İş №2(033)-381/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-381/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-381/2021 24.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, qaynatası Cavabdeh məxsus 1986-cı ildə tikilmiş, ümumi sahəsi 170 kvm, yaşayış sahəsi 100 kvm olan 5 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehin oğlu X7 10 dekabr 2008-ci il tarixdə rəsmi nikahla ərə köçmüşdür. Zaqatala Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli 2(033)-573/2020 saylı qətnaməsinə əsasən X10 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahlarından iki, 27.02.2010-cu ildə doğulmuş X15 və 03.01.2012-ci ildə doğulmuş X16 adlı övladları olmuşdur. Məhkəmə qərarı əsasında uşaqlar onun himayəsində yaşayırlar. O, Anar Ramazanovla ailə həyatı quraraq Əliabad qəsəbəsində yerləşən qaynatası Cavabdeh evinə gəlin köçmüş, 2010-cu il tarixdə Rusiya Federasiyasına getmişlər. 2013-cü ilin oktyabr ayında qayıdıb, yenidən 2014-cü ilin may ayında Rusiya Federasiyasına getmişlər. 2017-ci il tarixdə gəlib, bir ay qalıb yenidən Rusiya Federasiyasına getmişlər. 2019-cu ilin iyul ayında Azərbaycana qayıdıb, ondan sonra getməmişlər. 2020-ci il tarixdə qaynatasının evindən tam çıxmışdır. Həyat yoldaşı ilə ayrıldıqdan sonra onu evdən qovduqları üçün o məcbur olaraq evdən çıxmalı olmuşdur. O boşandıqdan sonra indiyədək azyaşlı uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinin evində yaşayır. Cavabdeh onu evə girməyə, həmin evdə yaşamağa qoymur. Cavabdeh onu həmin evdə yaşamağa qoymadığına görə məhkəməyə müraciət etməli olmuşdur. Onun həmin ailənin üzvü olduğunu və həmin evə gəlin köçərək yaşadığını Zaqatala RİHB-nm Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli 879 nömrəli arayış da təsdiq edir. O, Anar Ramazanovla birgə nikah dövründə olduqları zaman qaynı X8 məxsus pay torpaqda 3 otaqlı ev tikmişlər. O, Anar Ramazanovla birgə nikah dövründə tikdikləri evə köçürülməsi barədə Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdmişdir. Lakin məhkəmə 2(033)-642/2020 saylı 22.09.2020-ci il tarixli qətnaməsi ilə iddiasını təmin etməmişdir. O, Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti versə də, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-307/2021 saylı 02.02.20221-ci il tarixli qətnaməsi ilə şikayəti təmin olunmamışdır. Ona görə o yenidən məhkəməyə müraciət edərək gəlin köçdüyü, qaynatasına məxsus fərdi yaşayış evinə köçürülməsi barədə məhkəməyə müraciət edir. İddia ərizəsinin təmin edilməsini məhkəmədə xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Onun oğlu Anar Ramazanov iddiaçı ilə 10 dekabr 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət ona məxsus evdə yaşamışlar və sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər. 2019-cu ilin yay aylarında Rusiya Federasiyasından qayıtmışlar və yenə də ona məxsus evdə yaşamışlar. Aralarında mütəmadi mübahisələr olduğundan iddiaçı və oğlu Anar evdən çıxmışlar və digər oğlu olan Hacı Ramazanova məxsus torpaq sahəsində oğlu tərəfindən tikilmiş evdə yaşamışlar. İddiaçı 2020-ci ilin aprel ayında evdən çıxmışdır və həmin ilin oktyabr ayında Anar Ramazanovla boşanmışdır. İddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil Cavabdeh verdiyi izahata uyğun çıxış edərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda o iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının iddiası tam əsassızdır. İddiaçı cavabdehin oğlu ilə 10 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan 1 il sonra həyat yoldaşı ilə birlikdə çıxıb Rusiya Federasiyasına getmişlər. İddiaçı ümumiyyətlə cavabdehin evində yaşamamış, 11 il Rusiya Federasiyasında yaşamışlar. İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiq edir ki, həyat yoldaşı Anar ilə birlikdə uzun müddətli çıxıb Rusiya Federasiyasma yaşamaq üçün getmişlər. İddiaçının, cavabdehin evində hər hansı bir əmlakı qalmamış, cavabdeh ilə birlikdə yaşamamış, birgə təsərrüfat aparmamışlar. İddiaçının iddiasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli Respublika Məhkəmələri tərəfindən Mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında qərarına istinad etmişdir. Qeyd edir ki, həmin qərar artıq qüvvədən düşmüşdür. İddiaçı 2009-cu ilin sentyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53cü və 123-cü maddələrinə əsasən cavabdehə məxsus yaşayış evində yaşamaq və istifadə etmək hüququnun olmasına istinad edir. 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Qanunun yuxarıda göstərilən mövqeyindən birmənalı aydın olur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsinin 6 ay saxlanılmasını nəzərdə tutur. Lakin iddiaçı müvəqqəti deyil, daimi Russiya Federasiyasına gedərək orada yaşamağa başlamışdır. Belə olan təqdirdə mübahisəyə Mülki Məcəllənin normaları tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət torpaq Kadastrı kitabında 31.01.2011-ci il tarixli 4745 nömrə ilə uçota alınmış A298707 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə X3 verilmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimmiyyəti Başçısının Əliabad qəsəbə üzrə İnzibati Ərazi Dairəsi tərəfindən 15.02.2021-ci il tarixdə verilmiş 879 nömrəli arayışdan görünür ki, İddiaçı X10 ilə evlənəndə Cavabdeh mülkiyyətində olan evə gəlin düşmüşdür. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-573/2020 nömrəli 07.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X10 ilə cavabdeh İddiaçı arasında Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyində bağlanmış 10 dekabr 2008-ci il tarixli 61 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməsi, tərəflərin uşaqları olan-27 fevral 2010-cu il təvəllüdlü X15 və 03 yanvar 2012-ci il təvəllüdlü X11 anaları İddiaçı yanında saxlanılmaları, iddiaçı X4 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi qət edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsini 2(033)-642/2020 nömrəli 22.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X7 və X8 qarşı azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli 2(107)-307/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(033)-642/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********85 nömrəli 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında Cavabdeh adına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimmiyyəti Başçısının Əliabad qəsəbə üzrə İnzibati Ərazi Dairəsi tərəfindən 20.05.2021-ci il tarixdə verilmiş 1570 nömrəli arayışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini Cavabdeh özü, arvadı X2 və oğlu X1 ibarət ailə üzvləri vardır. İşdə olan Zaqatala Rayon İcra Hakimmiyyəti Başçısının Əliabad qəsəbə üzrə İnzibati Ərazi Dairəsi tərəfindən 19.05.2021-ci il tarixdə verilmiş 38 nömrəli məktubdan görünür ki, Əliabad qəsəbə sakini Cavabdeh nümayəndəlikdəki 9 saylı ev təsərrüfatlarının uçotu kitabının. 169-cu səhifəsinə əsasən onun adında 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi qeydə alınmışdır. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, X10 ilə cavabdeh İddiaçı 10 dekabr 2008-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra İddiaçı Anar Ramazanovun atası olan Cavabdeh məxus Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi üzərində 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evində yaşamışdır. Daha sonra iddiaçı və Anar Ramazanov yaşamaq üçün Rusiya Federasiyasına köçmüş və 2019-cu ildə yenidən Zaqatala rayonu Əliabad qəsəbəsinə qayıtmışlar və bir müddət cavabdehə məxsus 5 otaqlı fərdi yaşayış evində yaşamışlar. İddaçı və həyat yoldaşının atası olan cavabdeh Vələddin Ramaznovla və onun ailə üzvləri ilə aralarında olan mübahisələrə görə İddiaçı ailəsi ilə birlikdə cavabdehə məxsus 1986-cı ildə inşa edilmiş 5 otaqlı fərdi yaşayış evindən çıxaraq yaşamaq üçün qaynı X5 adına olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş altıaçıq tipli tikiliyə köçmüşlər. İddiaçı Anar Ramazanovla olan nikahından 27 fevral 2010-cu il tarixdə X15 və 03 yanvar 2012-ci il tarixdə X16 adında iki övladları anadan olmuşdur. İddiaçı ilə X14 arasında olan nikah qeydi Zaqatala Ryon Məhkəməsinin 07.10.2020-ci il tarixli 2(033)-573/2020 nömrəli qətnaməsinə əsasən pozulmuş və birgə nikah dövründə anadan olmuş iki nəfər azyaşlı uşaq anaları iş üzrə iddiaçı X9 himayəsinə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-642-2020 nömrəli 22.09.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X7 və X8 qarşı azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli 2(107)-307/2021 nömrəli qətnaməsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-642-2020 nömrəli 22.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda gəlin köçdüyü Cavabdeh məxus Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi üzərində 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evinə himayəsində olan azyaşlı uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək hazırki mübahisəyə Mülki Məcəllənin normaları tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarından görünür ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi üzərində 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə verilmişdir. Lakin yaşayış evi hazıradək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda iddiaçının köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də vətəndaşlara yaşayış evlərinin tikintisi məqsədilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi evin sahibi Cavabdeh həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Buna görə də, hazırki münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun anologiyası qaydasında Mənzil Məcəlləsinin “mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında şərh edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüququna malik olub-olmamasını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan, xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd olunanlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyil. Eyni zamanda yuxarıda göstərilən qanun normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhinin tələbi baxımından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə eyni zamanda, iddianın “azyaşlı uşaqların mübahisəli mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddianın iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, və birgə nikahdan anadan olmuş iki azyaşlı nikah ləğv edildikdən sonra iddiaçının himayəsində saxlanıldığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, İddiaçı həmin fərdi yaşayış evinə uşaqları ilə birgə köçürülmələri tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar