Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-40/2021 23.08.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 və Cavabdeh3 vəkili X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ona məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m. hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m.-dən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, İddiaçı mülkiyyətində fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m. sahə iki yaşayış otağı, qaraj, mətbəx və açıq eyvandan ibarətdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 187,60 kv.m.-dir. Fərdi yaşayış evinin sahəsi 102,55 kv.m. və fərdi yaşayış evinə əlavə inşa edilmiş sahə 106,25 kv.m. olmaqla iki yaşayış otağı 43,4 kv.m., qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m-dən ibarətdir. Həmin 106,25 kv.m. tikili fərdi yaşayış evinə bitişik şəkildə inşa edilmişdir və giriş bir yerdən olmaqla tikili iki mərtəbəlidir. Tikilinin birinci mərtəbəsində qaraj (25,4 kv.m.), mətbəx (16,45 kv.m.) və açıq eyvan (21,20 kv.m) yerləşir. Tikilinin ikinci mərtəbəsində isə ümumi sahəsi 43,40 kv.m. olan iki yaşayış otağı vardır. Həmçinin fərdi yaşayış evinin texniki pasportunda bunlar göstərilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının arvadı Ceyran Mustafayeva yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülmüşdür. Hal-hazırda evin ikinci mərtəbəsində yaşayır. İddiaçı tərəfindən tikilmiş 106,25 kv.m. hissə çıxarışla onun adına rəsmiləşdirilmişdir. Hazırda cavabdehlər fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m. hissəni zəbt etmişlər. Cavabdehlər bununla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Həmin əlavə inşa edilmiş hissədən çıxmaq istəmirlər. Əlavə inşa edilmiş hissənin rəsmiləşdirilməsinə dair çıxarış da cavabdehlər tərəfindən mübahisələndirilmiş, nəticədə həmin çıxarış ləğv olunmamış, qüvvədədir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 izahat verərək göstərmişdir ki, mərhum ailə üzvü X1 miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində onların hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. X2 onlara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini onların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirmişdir. Bundan sonra İddiaçı torpaq sahəsindəki payını, X3 bağışlamışdır. X2 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlər də mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak İddiaçı tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 vəkili X13 çıxış edərək iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********98-10301 olan ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin 6/12 hissəsi ********** qeydiyyat nömrəsi ilə 13.11.2019-cu il tarixdə X5, ********** qeydiyyat nömrəsi ilə 08.01.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 2/12 hissəsi Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-575/2020 nömrəli 21 sentyabr 2020ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər X3 və İddiaçı qarşı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-308/2021 nömrəli 23 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3730/2021 nömrəli 21 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsinin rədd olunması hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər tərəfindən zəbt edilmiş ona məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m. hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m.-dən cavabdehlərin məcburi qaydada çıxarılmasını tələb edir. Cavabdeh isə iddianı tələbini qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İş materiallarından görünür ki, mübahisəli ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına qeydiyyata alınmışdır. İşdən də göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən hallar, yəni cavabdehlər tərəfindən həqiqətən iddiaçının mülkiyyətində olan, fərdi yaşayış evinin əlavə inşa edilmiş hissəsindən istifadə etməsi və mülkiyyətçinin öz mülkiyyətində olan evinə sahiblik edə bilməməsində, həmin evdən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marksın Belçikaya qarşı” işində şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.” Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Göründüyü kimi, İddiaçı Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m.-nin paylı mülkiyyətçilərindən biridir, eyni zamanda həmin fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissəsinin (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) tam mülkiyyətçisidir. Onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissəsindən cavabdehlərin çıxmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə tam mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinə əlavə inşa edilmiş hissədən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin hissədən çıxarılmalıdır. Məhkəmə həmçinin cavabdehin iddia tələbinin təmin olunmaması ilə bağlı etirazına qiymət verərək qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddia rədd edilmişdir. Cavabdehin isə hazırki dəlilləri iddianın rədd olunması üçün əsas deyil. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Bu əsaslarla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı tam mülkiyyətində olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissədən (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) çıxarılmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı tam mülkiyyətində olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissədən (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) çıxarılsınlar. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-40/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-40/2021
23.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver