Məhkəmə qərarları › İş №2(033)-43/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-43/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-43/2022 24.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş (4500 manat) ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 2900 manat ona dəymiş ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o Dağlı kənd sakini, 3-cü qrup qarabağ müharibə əlilidir ev növbəsindədir. Hal-hazırda evi yoxdur. Müvəqqəti olaraq ata-ana və qardaşına məxsus olan Sabunçu kəndində yerləşən evdə müvəqqəti olaraq yaşayır. O Zaqatala rayonu Sabunçu kəndində yaşayan zaman 3 ədəd iri buynuzlu mal-qaranı pul əvəzində aya 1 baş mala 20 manatdan olmaqla Qax rayonu Acınohur qışlağında baxması üçün Zaqatala rayon sakini Cavabdeh vermişdir. O öz heyvanlarını 2020-ci ilin dekabr ayında Cavabdeh təhvil vermişdir. Bundan sonra 2021ci ilin yanvar ayında Asif ona zəng edərək 3 heyvandan birinin ölməsi barədə məlumat vermişdir. Ona heyvanın quyuya düşərək ölməsini demişdir. Lakin quyuda ölmüş vəziyyətdə olan mal cəsədini ona göstərə bilməmişdir. O həmin dövrdə karantin vəziyyət olduğundan, sms vasitəsi ilə hərəkət edildiyindən Qax rayonu ərazisində yerləşən Acınohur qışlağına gedib mal-qaranı gətirə bilməmişdir. 2021-ci ilin fevral ayında Asif ona zəng edərək qalan 2 heyvandan birisinin doğmasını bildirmişdir. Bu hadisədən 1 həftə keçdikdən sonra Asif təkrar zəng edərək doğulmuş buzovun (balanın) ölməsini bildirmişdir. O inək balasının necə ölməsini Asifdən soruşduqda cavabında balanın birdən ölməsini demişdir. Aradan bir az keçəndən sonra Asif zəng edərək bala vermiş inəyin də ölməsini bildirmişdir. O inəyin necə ölməsi soruşduqda ona inəyin harasa yuvarlanıb ölməsini demişdir. O, 02.04.2021-ci il tarixdə Asifə zəng edərək qalan bir baş malın özünün niva markalı maşının qoşqusunda gətirməsini və benzin pulunun onun tərəfindən Asifə veriləcəyini demişdir. Asif bu zaman ona bildirmişdir ki, sonuncu 1 baş inək də 20 mart 2021-ci il tarixdə ölmüşdür. Bu inəyin də necə ölməsini də soruşduqda sadəcə öldüyünü demişdir. Cavabdeh onun 3 inəyini mənimsəmişdir. Onun inəklərindən 2-si doğası inəklər idi. Həyətində mal baxmağa yeri tövləsi olmadığından kredit götürərək 3 ədəd mal almışdır ki, təsərrüfatla məşğul olsun. O bu hadisə ilə bağlı müvafiq olaraq Zaqatala və Qax rayon polis şöbələrinə müraciət etmişdir. Hər iki polis orqanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Hər iki qərarla da ona ziyanın dəymiş olduğu müəyyən olunur. Hər iki qərarda ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilmək hüququ izah edilmişdir. Bütün bunlarla Cavabdeh ona ziyan vurması öz təsdiqini tapmışdır. Hazırda o dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Dəymiş zərərin məbləğini o 2900 manat kimi qiymətləndirmişdir. X4 MMC-nin ekspert rəyi ilə tanış olmuş və iddia tələbini həmin rəyə uyğun azaltmışdlr. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Qax rayonu Acınohur qışlaq sahəsində ferması olduğunu, 2020-ci ildə sentyabr ayından noyabr ayının əvvəlinə kimi təsərrüfatında olan iri buynuzlu heyvanları Zaqatala rayonu Sabunçu kəndinin “Şeytan qala” adlanan ərazisində saxladığını, həmin ərazidə ay yarım qaldıqdan sonra Qax rayonu Acınohur qışlaq ərazisinə köç etdiyini, tanışı Bunyad adlı şəxs həmin vaxt ona zəng edərək 3 baş iri buynuzlu heyvanının, yəni 2 baş inəyinin və 1 baş buzovunun olduğunu, həmin heyvanları da öz heyvanları ilə birlikdə Qax rayonu Acınohur qışlaq ərazisinə aparmağını ondan xahiş etdiyini, yazda isə dağa köç gedən vaxtı ona köməklik edəcəyini bildirdiyini, o da Bunyad Mollayev ilə razılaşdığını, həmin heyvanları da öz heyvanlarına qataraq Qax rayonu Acınohur adlanan qışlaq ərazisinə gətirdiyini, 2020-ci ilin dekabr ayında Bunyada məxsus 1 baş inək quyuya düşərək öldüyünü, Bunyada zəng edərək inəyinin öldüyünü bildirdiyini, Bunyad ona heç bir narahatçılıq olmadığını, ondan ölmüş inəyin şəklini və videosunu çəkərək özündə saxlamağını bildirdiyini, o da ölmüş inəyin şəklini və videosunu çəkib özündə saxladığını, 2021-ci lin fevral ayında Bunyada məxsus 1 baş inək xəstələndiyini, daha sonra həmin inək bala verdiyini, inəyin südü olmadığından inəyin balası, bir neçə gündən sonra inəyin özü yarğana, yəni su arxına yan üstə düşərək öldüyünü, həmin heyvanın cəsədini parçalanmış halda tapdığını, bu barədə Bunyada xəbər verdiyini, Bunyad ona heç bir narahatçılıq olmadığını, ölmüş inəyin şəklini və videosunu çəkərək özündə saxlamağını bildirdiyini, 2021-ci ilin mart ayında yenidən Bunyada məxsus 1 baş buzov yarğana, yəni su arxına düşərək öldüyünü, həmin buzovun cəsədini parçalanmış halda tapdığını, yenidən Bunyadla mobil telefon vasitəsi ilə əlaqə saxladığını və 1 baş buzov öldüyü barədə ona məlumat verdiyini, Bunyad Molllayev ona təcili olaraq onunla Zaqatala şəhərində görüşdüyünü bildirdiyini, Zaqatala şəhərində Bunyad ilə görüşdüyünü, 3 baş iri buynuzlu heyvanların foto şəkillərini və videolarını Bunyada təqdim etdiyini, Bunyad Mollayev həmin videoya və foto şəkillərə baxdığını, daha sonra ona əlaqə saxlayacam deyərək onun yanından çıxıb getdiyini qeyd edərək idda ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, 2004-2008-ci illər ərzində çoban kimi işləmişdir. X14 da 2020-ci ilədək çoban işləmiş və 2020-ci ildə müharibədə iştirak etmək üçün getmişdir. Bundan sonra kiçik oğlu onun yerinə çobanlıq etməyə başlamışdır. İddiaçı məxsus malların sürüdə olduğunu ona oğlu demiş, o vaxta qədər həmin malların sürüdə olduğunu bilməmişdir. Sonra malların başına nə hadisə gəldiyini bilmir onları qurd yeyə biləcəyini ehtimal edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o çoban kimi işləyir, İddiaçı məxsus 3 baş iribuynuzlu heyvan çobanı olduğu sürüdə olub. Həmin iribuynuzlu heyvanların biri örüş yolunda quyuya düşmüşdür. Həmin heyvanı quyudan çıxarmağa çalışalar da, onu çıxara bilməmişlər və nəticədə həmin heyvan tələf olmuşdur. Həmin iribuynuzlu heyvana sürüdə olan digər heyvan buynuz vurduğuna görə o həmin quyuya düşmüş və örüş torpaqlarına gedən yolda belə quyular çoxdur. İddiaçıa məxsus ikinci iribuynuzlu mal hesab edilən inəyi gecə vaxtı canavar yemişdir. Uzun müddət axtarışdan sonra həmin heyvanın leşini tapa bilmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o çobandır və Asifin tapşırığı ilə mal sürülərini otarmaq üçün örüş torpaqlarına aparır. Asif kənd camaatının mal-qarasını otarmaq üçün götürür, əvəzində isə həmin mal sahibləri növbə ilə həmin malları otarır. O, binədə olduğu zaman qoruğa çıxmaq üçün gedəndə qarşısına mal leşi çıxmış və o həmin leşin şəklini telefon vasitəsi ilə çəkmişdir. Qayıdıb sürüyə baxanda əlavə olaraq 1 malın daha əksik olduğunu görmüş və digər çobanlarla birgə malı axtarmışlar. Həmin malın leşini də sonradan kanalda aşkar etmişlər. Həmin leşi canavar yemişdir. Həmin malı və şəkilləri Asifə təhvil vermişdir. Həmin günlərdə özünə məxsus bir buzov da canavar tərəfindən yeyilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, onun özünə məxsus iribuynuzlu heyvanları var və onları otarma üçün örüş torpaqlarına aparır. Digər şəxslərə məxsus heyvaları da öz heyvanları ilə birgə aparırlar və bunun müqabilində heyvan sahibindən pul almırlar, sadəcə bir birilərinə qarşılıqlı kömək edirlər. Cavabdeh fermerdir və ona çay və yemək verir. Eşitmişdir ki, İddiaçı özünə məxsus heyvanları da sürüyə qatmaq istəyir. Sonra həmin mallar sürüyə qatılmışdır. Bir gün axşam üstü sahəyə gələndə digər çobanlar malın əksik olduğunu demişlər. O və digər çobanlar malı axtarmağa başlamış və itlərin köməyi ilə malı kanalda ölü vəziyyətdə tapdıqlarını digər çobanlardan eşitmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmiş hallardan görünür ki, 2020-ci ilin dekabr ayında Zaqatala rayon Sabunçu kəndində yaşayan X6 özünə məxsus 3 baş iribuynuzlu heyvanı Qax rayonunda yerləşən Acınohur qışlağına aparıb saxlamaq üçün Zaqatala şəhəri S.Kazımov küçəsi ev 68-də yaşayan Cavabdeh vermişdir. 2021-ci ilin aprel ayına kimi Bunyad Mollayevə məxsus 3 baş heyvanı müxtəlif vaxtlarda Qax rayon Acınohur qışlağında yarğanlara düşərək tələf olmuşdur. Həmin qərarda təhqiqat zamanı izahatı alınan Cavabdeh izahatından görünür ki, Qax rayonunda yerləşən Acınohur qışlağında ferması var.2020-ci ilin noyabr ayında əvvəllər tanıdığı Bunyad Mollayev ona zəng vurub özünə məxsus 3 baş iribuynuzlu heyvanı ona məxsus heyvanlarla birlikdə Acınohura göndərmək istədiyini demişdir. Bunyad ona həmin heyvanlara baxmağın əvəzinə ya özü kömək edəcəyini, ya da onun qarşılğını hər hansı formada ödəyəcəyini demişdir. O, Bunyadla dost münasibəti olduğu üçün razılaşmışdır. O, Bunyadın 3 baş heyvanını da Acınohur çölünə aparmışdır. 2020-ci ilin dekabr ayının sonunda Bünyadın bir baş heyvanı quyuya düşüb tələf olmuşdur. O, bu barədə zəng vurub Bunyada məlumat vermişdir. O, Bunyada “əgər istəyirsə qalan iki baş heyvanı gəl apar” demişdir. Bunyad ona “eybi yox digər iki heyvan qalsın” demişdir. Bunyad ona həmin heyvanlara baxmaq üçün otu olmadığını demişdir. 2021-ci ilin yanvar ayında Bunyadın bir baş heyvanı xəstələnmişdir. O, bu barədə Bünyada zəng vurub məlumat vermişdir. Bunyad “sonra zəng vuracam” deyib telefonu söndürmüşdür. Ondan sonra Bunyad zəng vurmamışdır. 2021-ci ilin fevral ayında Bünyadın ikinci baş heyvanı yarğana düşüb ölmüşdür. O, bu barədə Bünyada zəng vurub məlumat vermişdir. Bunyad ona “heyvanın şəklini çək, sonra gəlib baxaram” demişdir. O, Bunyadın iki baş inəyi öldüyü üçün sonuncuya zəng vurub rayona qayıdanda qalan bir baş buzovu özü gətirib gələcəyini demişdir. Lakin həmin söhbətdən bir az vaxt keçəndən sonra təxminən mart ayında Bünyada məxsus buzov da yarğana düşüb ölmüşdür. O, zəng vurub Bunyada bu barədə məlumat vermişdir. O, bundan sonra Bünyadla Zaqatala şəhərində görüşmüş, heyvanların cəsədlərinin əks olunduğu videoları və şəkillərini sonuncuya göstərmişdir. Bunyad şəkilə və videoya baxdıqdan sonra çıxıb getmişdir. O, sonradan Bunyadın ondan şikayət etdiyini öyrənmiş, heyvan cəsədlərinin əks olunduğu həmin video və şəkilləri təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 511 nömrəli 09 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində 2 baş iribuynuzlu və 1 baş balalı iribuynuzlu inəyin 2021ci ildə satış qiyməti 2900 (iki min doqquz yüz) manat müəyyən edilir. İş materiallarından görünür ki, 2020-ci ilin dekabr ayında aralarında olan razılığa əsasən cavabdeh iddiaçıya məxsus 3 baş iribuynuzlu heyvanı özünə məxsus Acınohur ərazisində yerləşən fermada saxlanılması və baxılmasını öz öhdəsinə götürmüş, iddiaçı isə öz növbəsində heyvanların saxlanılması və baxılmasının qarşılığını cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. 2021-ci ilin aprel ayına kimi İddiaçı məxsus 3 baş heyvanı və bir baş buzovu müxtəlif vaxtlarda Qax rayon Acınohur qışlağında yarğanlara düşərək tələf olmuşdur. Nəticədə iddiaçı X3 2900 (iki min doqquz yüz) manat zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Eyni Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. İşin şərh olunan hallarından göründüyü kimi, İddiaçı şifahi tapşırıq müqaviləsi əsasında özünə məxsus 3 baş iribuynuzlu heyvanı saxlanılması və baxılması üçün Cavabdeh təhvil vermiş, lakin Cavabdeh həmin heyvanların saxlanması və baxılması tapşırığını ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməmiş və 2 baş iribuynuzlu heyvanın və 1 baş balalı iribuynuzlu heyvanın tələf olması nəticəsində iddiaçıya zərər dəymişdir. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2900 manat dəymiş zərəri tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 2900 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar