Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-470/2020 14.05.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Əhmədova Gözəl Əlizadə qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 0,34 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Əhmədova Gözəl Əlizadə qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, onların mülkiyyətində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən aqrar islahat komissiyası tərəfindən verilən 0,34 ha torpaq sahəsi vardır. Bu torpaq onlara Zaqatala rayon Aqrar İslahat komissiyasının 113 saylı, xx xxx 2004-cü il tarixli qərarı ilə verilmişdir. Qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsi onların mülkiyyətində olsa da, onlar, torpaq sahəsindən istifadə edə bilmir. İddiaçı, 2005-ci ildə, yəni 15 il əvvəl cavabdehin atası Xudaverdi Məmmədova 1500 ABŞ dolları borcun əvəzinə həmin fındıq bağından fındıq məhsulunu yığmağa imkan vermişdir. Həmin borc artıq ödənilmişdir. Xudaverdi Məmmədov vəfat etmişdir. Onun oğlu olan cavabdeh onlara məxsus olan torpaq sahəsini zəbt etmişdir. Cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmaq istəmir. Cavabdehə dəfələrlə həmin torpaq sahəsindən çıxmasını xahiş etsə də, torpaq sahəsindən çıxmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı tərəf mübahisələndirilən torpaq sahəsini onlara satmışdır. Lakin, həmin vaxt torpağın sənədləri olmadığı üçün rəsmi olaraq alqı-satqı müqaviləsi bağlanmamışdır. Sonradan isə iddiaçı tərəf həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişlər. Bundan sonra isə iddiaçı tərəf həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsindən imtina etmişdir. Həmin torpaq sahəsinə hazırki vəziyyət gətirilməsinə onun tərəfindən xərclər çəkilmişdir. Həmin çəkdiyi xərclər ödənildikdən sonra, o torpaq sahəsindən çıxacaqdır. Qanuni qərar qəbul edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Əhmədova Gözəl Əlizadə qızı, X2, X3 və X1 ümumi birgə mülkiyyəti kimi adlarına texniki pasport işlənilməklə daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Əhmədova Gözəl Əlizadə qızı, X2, X3 və X1 ümumi birgə mülkiyyəti kimi adlarına xx xxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Hazırda torpaq sahəsindən Cavabdeh istifadə edir. İddiaçı Cavabdeh mülkiyyətlərində olan Zaqatala rayonu qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, İddiaçı və ailə üzvləri Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmişdir. Onun həmin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu əsasla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 20 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı, Əhmədova Gözəl Əlizadə qızı, X2, X3 və X1 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İddiaçı dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-470/2020
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-470/2020
14.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver