Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-569/2021 26.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı İsmayılov İddiaçı və onun vəkili X1 iştirakları ilə İddiaçı İsmayılov İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsmayılov İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Mosul kəndində yerləşən onun hesabına alınmış torpaq sahəsində tikdirdiyi, ona məxsus yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı İsmayılov İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 01 may 2013-cü il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 05 sentyabr 2013-cü il tarixdə İsmayılov Nurlan İddiaçı oğlu dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da daha sonra aralarında olan narazılıqlara görə 29 oktyabr 2018-ci il tarixdə Cavabdeh ilə rəsmi qaydada Zaqatala rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Evli olduqları müddətdə o qaynatasından 0,7 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi qaynatasının adına olub. Qaynatası isə onunla rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamadığından, o isə qaynatasına etibar etdiyindən torpağı öz adına sənədləşdirə bilməmişdir. Həmin torpaq sahəsində öz vəsaiti hesabına bir mərtəbəli, bir eyvanlı, 3 otaqlı ev tikdirmişdir. 2013-2018-ci illərdə ailəsi ilə həmin evdə yaşamışdır. Cavabdeh ilə nikahları pozulduqdan sonra cavabdeh onun həmin evdə yaşamasına imkan vermir. Nəticədə o evsiz qalmışdır. Evin tikildiyi torpağı onun aldığını və həmin evin onun vəsaiti ilə tikildiyini 2013-2018-ci illərdə həmin evdə yaşadığını ərizəyə əlavə etdiyi şahidlərin imzası olan aktda sübut edir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili X3 iddiaçının verdiyi izahata uyğun çıxış edərək bildirdi ki, Zaqatala rayonu Mosul kəndində 0,7 ha torpaq sahəsi üzərində inşa edilmiş-iddiaçı və cavabdehin 2013-2018-ci illərdə birgə yaşadıqları fərdi yaşayış evi birgə nikah dövründə tikilmiş və həmin əmlak tərəflərin birgə mülkiyyətidir. İddiaçı İsmayılov İddiaçı həmin fərdi yaşayış evində istifadə hüququ vardır və buna görə də iddia tələbi təmin edilməli və o həmin evə köçürülməlidir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh X5 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, 01 may 2013cü il tarixdə Zaqatala rayonu Mosul kənd sakini İsmayılov İddiaçı ilə nikahını qeyd etməklə evlənmişdir. 05 sentyabr 2013-cü il tarixdə İsmayılov Nurlan İddiaçı oğlu adlı oğlan uşağı olmuşdur. Onlar onun atasına məxsus pay torpaqda ev tikmişlər və kənd nümayəndəsi tərəfindən təsdiq olunmuş arayışda da göstərilir. Nikahları pozulduqdan sonra onun cehiz əşyaları onlarda qalmışdır. Ali Məhkəmənin 2(102)-1578/2020 saylı qərarında da göstərilir. Cavabdeh ona şər atır. Məhkəmədən xahiş edir ki, cavabdehin iddiası təmin edilməsin. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Mosul kənd inzibati ərazi dairəsi tərəfindən 05 aprel 2021-ci il tarixdə verilmiş 163 nömrəli arayışdan görünür ki, İsmayılov İddiaçı 2013-2018 illər ərzində bir müddət, mütəmadi olaraq Mosul sakini X8 məxsus həyatyanı sahəsində qeyri qanuni inşa edilmiş evdə yaşamışdır. İşdə olan Elektorn İcra Sistemindən çıxarışdan görünür ki, X6 mülkiyyətində Zaqatala rayonu Mosul kəndi ərazisində 1,999992 ha və 0, 84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı İsmayılov İddiaçı ilə Cavabdeh 01 may 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişdir və onların birgə nikahından 05 sentyabr 2013-cü il tarixdə İsmayılov Nurlan İddiaçı oğlu adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra 2013-2018-ci illərdə onlar Zaqatala rayonu Mosul kəndində yerləşən cavabdehin atası X8 məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşamışlar. Tərəflərin arasında olan nikah qeydi Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə 29 oktyabr 2018-ci il tarixdə ləğv edilmişdir. İddiaçı Zaqatala rayonu Mosul kəndində yerləşən onun hesabına alınmış torpaq sahəsində tikdirdiyi, ona məxsus yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından görünür ki, mübahisəli Zaqatala rayonu Mosul kəndində yerləşən iddiaçının köçürülməsini tələb etdiyi tikilinin xüsusi mülkiyyət hüququ əsasında X6 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşməsi işin mübahisə olunmayan halıdır. İddiaçı iddia edir ki, Zaqatala rayonu Mosul kəndində yerləşən cavabdehin atası-X6 mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən tikili birgə nikahda onun vəsaiti hesabına tikilmiş və onun həmin əmlakda mülkiyyət hüququ vardır. İşdən də görünür ki, hazırda mübahisələndirilən tikili cavabdehin atası-X6 tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçının əsaslandırdığı hallar isə iddiaçının hazırki iddia tələbinin, yəni birgə nikah dövründə öz vəsaiti hesabına X4 aralarında yazılı müqavilə bağlanmadan alınmış torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə köçürülməsinin təmin edilməsi üçün əsas deyil. Məhkəmə onu da qeyd edir ki, hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, X6 ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi evin sahibi cavabdehin atası-X6 həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Buna görə də, hazırki münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun anologiyası qaydasında Mənzil Məcəlləsinin “mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında şərh edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüququna malik olub-olmamasını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan, xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd olunanlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyil. Eyni zamanda yuxarıda göstərilən qanun normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhinin tələbi baxımından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı İsmayılov İddiaçı köçürülməsini tələb etdiyi tikili Cavabdeh atası olan X6 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmişdir, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də yaşayış sahəsi kimi istifadə edilir. İddiaçı ilə cavabdeh arasında olan nikah qeydi 29 oktyabr 2018-ci il tarixdə ləğv edilmiş və iddiaçı X6 ailə üzvü deyildir. Belə olan halda, iddiaçının digər şəxsin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş əmlaka köçürülməsinin qanuni əsasları mövcud deyildir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia üzrə iddiaçı İsmayılov İddiaçı Zaqatala rayonu Mosul kəndində yerləşən X8 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə köçürülməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı İsmayılov İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İsmayılov İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı İsmayılov İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-569/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-569/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver