Məhkəmə qərarları › İş №2(033)-588/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-588/2021

03.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-588/2021 03.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstrərilmiş 0,2792 ha torpaq sahəsindən onlara düşən payın müəyyənləşdirərək, paylarını birləşdirmək yolu ilə Cavabdeh düşən paydan naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin həcminin azaldılaraq onların hər birinə düşən 1/5 payın müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxıb iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X3 iddia ərizəsini müdafiə edərək göstərdi ki, iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçıları torpaq sahəsindən istifadə etməyə qoymur. Torpaq sahəsi üzərində sərəncam vermək istəsələr də, cavabdeh buna imkan verməmişdir. Torpaq sahəsi üzərində paylar məlum olmadığından hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Məqsədləri torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddia ərizəsində göstərilənləri qəbul edərək göstərdi ki, iddiaçılar və onun ümumi birgə mülkiyyətində Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 ha torpaq sahəsi torpaq sahəsi var. Həmin torpaq sahəsinin bir hissəsindən o və iddiaçılar istifadə edir. O, iddiaçılara mülkiyyətində olan torpaq sahəsindən paylarını vermişdir. Hazırda mübahisələndirilən torpaq sahəsində iddiaçıların paylarının müəyyən edilməsinə etiraz etmir və iddia ərizəsinin təmin edilməsinə də etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, təsdiq edilmiş surəti işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********25-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mülki iş üzrə tərəflərin adına qeydiyyata alınmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, daşınar və ya daşınmaz əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir və birgə mülkiyyət iştirakçılarının razılaşması olmadıqda məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********25-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 hissədən ibarət olmaqla payları müəyyən edilməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı1 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 10 (on) manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********25-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 hissədən ibarət olmaqla payları müəyyən edilsin. İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar