Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-6/2023 11.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1 və onun vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin onlara təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən, ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.2624 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.2624 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021 tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış da verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunur və mülkiyyət hüquqları cavabdehlər tərəfindən qanunsuz olaraq pozulur. Dəfələrlə cavabdehdən həmin torpaq sahələsindən çıxmasını tələb etsələr də, müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmır. Könüllü olaraq torpaqdan çıxmadıqlarına görə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd etdiyi faktı ərizəyə əlavə etdiyi sənədlər bir daha təsdiq edir. İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək torpaq kadastr baza məlumatlarının verilməsinə dair hesablanmış 95 manat arayış üçün xərc və 1 manat komissiya xərcinin də cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil çıxış edərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona məxsus torpaq sahəsi ilə digər cavabdeh və iddiaçılara məxsus torpaq sahələri qonşu ərazilərdə yerləşir. Həmin ərazidə torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı problemlər olduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmiş və həmin torpaq sahələrində ölçü işləri aparılmışdır. Ölçü işlərinin nəticəsi olaraq bildirilmişdir ki, torpağa dair sənədlərdə 7 metr sürüşmə olmuşdur. İddia tələbi ilə razı deyil və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 verdiyi izahata uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********06 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsusdur. AA seriyalı 602872 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********45 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2 Sədəddin oğlu, X4, X6, X3 məxsusdur. AA seriyalı 589901 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. X10 Kitabında xx.xx.2009 tarixli 1284 nömrəsi ilə uçota alınmış A129496 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, plan və ölçü sənədi X5 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 4140,98 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh1 və qalan 0.0657 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən ayrı-ayrılıqda istifadə edilən torpaq sahələrinin konkret ölçüləri, sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/6510 nömrəli rəyindən görünür ki, məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydiyyata alınmış 0.2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh1 və qalan 0.0657 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən ayrı-ayrılıqda istifadə edilən torpaq sahələrinin konkret ölçüləri, sərhədləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/6510 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-38/2022 saylı iş üzrə 0.26 ha mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi, torpaq-kadastr baza melumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə dair xərclərin smetasından görünür ki, smeta xərci 95 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********06 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3nun adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçılar iddia ərizəsi ilə müraciət edərək ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmiş və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onlara təhvil verilməsini xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/6510 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3nun adına qeydiyyata alınmış 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 ha hissəsi Cavabdeh1 Ramiz oğlu, 0,0657 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Cavabdeh1 Ramiz oğlu torpaq sahəsinin 0,07 ha hissəsini, Cavabdeh2 torpaq sahəsinin 0,0657 ha hissəsini zəbt etmişdir. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh1 Ramiz oğlu iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,07 ha hissəsindən, Cavabdeh2 isə iddiaçılara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,0657 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlunun hazırda həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Qeyd olunanlar mütəxəssis və ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfin məhkəmə iclasında qeyd etdiyi arqumentlər, yəni torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı problemlər olması və sürüşmələrin olması iddiaçıların mülkiyyət hüquqlarının bərpasına maneə ola bilməz. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmə xərclərinin aid edilməsində meyar ərz edilən tələbin haqlı olub-olmaması barədə məhkəmənin gəldiyi nəticədir. Məhkəmə tələbin haqlı olub-olmaması (yaxud hansı həddə haqlı olub-olmaması) barədə gəldiyi nəticəni qərarın nəticə hissəsində göstərir və buna uyğun olaraq məhkəmə xərci məsələsini də həll edir. İddia hansı həddə təmin olunursa, həmin həddə iddiaçı haqlı hesab edilir. İddia tələbi dəyişdirilərkən (artırılarkən, azaldılarkən) məhkəmə xərcləri iddiaçının icraat açılan anda olan tələbinə uyğun deyil, qətnamə (qərar) çıxarılan anda müdafiə etdiyi iddia tələbinə uyğun həll edilməlidir. Hazırki işdə isə iddiaçının tələbi təmin olunmuş hesab olunmalıdır. Daha sonra məhkəmə qeyd edir ki, işə baxılması ilə əlaqədar Məcəllədə göstərilən xərclərin siyahısı qəti deyil. Qanunda sadalananlardan başqa, məhkəmə də zəruri hesab etdiyi hallarda tərəfləri digər xərclərin tutulmasına cəlb edə bilər. Məsələn, sübutların toplanması ilə əlaqədar tutulan xərclər, o cümlədən iddia verilənədək toplanan xərclər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin “mütəxəssis xərci olan 96 manatın da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində iddiaçı tərəf haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 96 manat mütəxəssis xərci cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən reyestr nömrəsi **********06 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 aprel 2021-ci il tarixli çıxarışda göstərilən 0,2624 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,07 ha hissəsindən Cavabdeh1 Ramiz oğlu, 0,0657 ha hissəsindən Cavabdeh2 çıxarılsınlar, həmin torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilsin. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. 96 (doxsan altı) manat mütəxəssis xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlundan müştərək qaydada alınaraq İddiaçı1 ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ramiz oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-6/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-6/2023
11.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver