Məhkəmə qərarları › İş №2(033)-643/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-643/2021

27.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-643/2021 27.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və cavabdeh Məmmədov Səfər Fazil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsində ölçmə işlərinin aparılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin mülkiyyətində olan İslahat haqqında qanuna əsasən verilmiş torpaq sahələrində ölçmə işlərinin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması və iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, iddia üzrə cavabdeh Zaqatala rayonu Əliabad qəsəbə sakini Cavabdeh2 tanınması və cavabdeh kimi işə cəlb edilməsini, Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsində ölçmə işlərinin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşə əlavə edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Ehtiram Səmədovun məhkəməyə ünvanlandığı məktubdan görünür ki, o, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə üçüncü şəxsin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiklərini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Aqrar İslahat Haqqında 1996-cı il tarixli Qanuna əsasən ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Əliabad kəndinin ərazisində torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. İş üzrə cavabdeh şəxs, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına torpaq sahələrinin ölçməsinə icazə vermədiyi üçün, idarə 04 may 2021-ci il tarixli, **********03 nömrəli bildirişi ilə həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Qeyd olunan səbəbdən də bu tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinin təmin edilərək ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsinin bir hissəsi ona həyətyanı torpaq kimi ayrılan torpaq sahəsi ilə üst üstə düşür. İslahatlar zamanı tərtib edilmiş xəritələrdə yanlışlığa yol verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılması olduğu yer onun həyətidir və həmin hissədə ona məxsus fındıq bağı vardır. Qeyd edilən sahə mübahisəsi ilə bağlı Əliabad Bələdiyyəsinə müraciət olunmuş və iddiaçı Bələdiyyəyə dəvət edilərək ona həmin torpaq sahəsinin onun həyətyanı sahəsi ilə üst üstə düşdüyü izah edilmişdir. İddiaçının onun özünə məxsus torpaq sahəsində ölçmə işlərinin aparılmasına etiraz etmir. Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, sorğu edilməklə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 09 iyul 2021-ci il tarixli müşayiət məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, İddiaçı və onun ailə üzvlərinin (X10, X12, X1, X11, X13, X14) 1073 təsərrüfat nömrəsi ilə qeyd olunmuş 0,20 həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı vardır. Həmin torpaq sahələrinin olması cədvəldə, eləcə də cədvələ əlavə edilmiş elektron uçot xəritələrində öz əksini tapır. İşdə olan 2390 qeydiyyat nömrəli layihə smeta sənədindən görünür ki, Zaqatala Rayon XDS İcraiyə Komitəsinin 17.10.1990-cı il tarixli 22 nömrəli icrakom iclasının qərarından çıxarışa əsasən X5 yeni yaşayış evinin tikilməsi üçün hazırlanmış layihə təsdiq edilmiş, ona ümumi yaşayış sahəsi 64,4 kv.m yaşayış sahəsi, qeyri yaşayış sahəsi 9,9 kv.m olan üç otaqlı kürsülü evin tikilməsi üçün icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 04 may 2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********) Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq qeyd olunan əmlak üzərində mübahisə olduğu səbəbindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina olunmuşdur. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 kv.m həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Zaqatala rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə İddiaçı, X3, X7, X8, X9, X4 mülkiyyətinə verilmişdir. İddiaçı ona ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində X10 tərəfindən inşa edilmiş yaşayış evinin Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin qeydiyyatın çıxarışlarla rəsmləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin Cavabdeh2 qeyd edilən 0,20 ha həyətyanı torpaq sahəsinin özünə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi ilə üst üstə düşdüyünü qeyd edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına maneələr törətmişdir. İddiaçı cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 6 subyektin İddiaçı, X3, X7, X8, X9, X4 mülkiyyətinə verilmiş, lakin həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməmişdir. Qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi üçün həmin əmlakın mülkiyyətçilərindən olan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Göründüyü kimi, Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə İddiaçı, X3, X7, X8, X9, X4 mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar