Məhkəmə qərarları › İş №2(033)-647/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-647/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-647/2021 29.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum haqında şəhadətnamədə doğum yerinə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsində doğum yerinin Rusiya Federasiyasının Moskva şəhəri Puşkinskiy rayonu kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1995-ci ildə Rusiya Federasiyası, Moskva şəhəri, Puşkinskiy rayonunda doğulmuşdur. O valideynləri ilə birlikdə bir müddət Rusiya Federasiyasında yaşamışdır, lakin sonra onlarla birlikdə Azərbaycan Respublikasına Zaqatala şəhərinə qayıtmışlar. 1996-cı ildə babası Zaqatala rayonu Qeydiyyat Şöbəsinə ona doğum haqqında şəhadətnamə almaq üçün müraciət etmiş və şəhadətnamə alarkən orada onun doğum yeri valideynlərinin qeydiyyat yerinə uyğun Zaqatala şəhəri kimi göstərilmişdir. O yetkinlik yaşına çatdıqdan sonra şəxsiyyət vəsiqəsi alarkən orada da doğum yeri Azərbaycan Respublikası göstərilmişdir. Onun Rusiya Federasiyasının Moskva şəhərində doğulmasını təsdiq edən sübutları vardır və buna dair sənədləri ərizəyə əlavə etmişdir. O, doğum haqqında şəhadətnaməsində düzəliş edilməsi üçün Zaqatala rayonu Qeydiyyat Şöbəsinə müraciət edərkən sonuncu tərəfindən imtina edilərək məhkəməyə müraciət etməyi izah edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onu müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs rəisi Aybəniz Kələşova izahat verərək göstərmişdir ki, uşağın doğum yeri həmin dövrdəki qanunvericiliyə uyğun olaraq valideynlərin qeydiyyat yerinə uyğun olaraq Zaqatala şəhəri göstərilmişdir. Ərizənin təmin edilməsinə etiraz yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala rayonu VVADQ şöbəsi tərəfindən təqdim edilmiş Doğum haqqında 15 fevral 1996-cı il tarixli 42 nömrəli akt qeydindən görünür ki, xx.xx.1995-ci il tarixdə anadan olmuş Ərizəçi doğulduğu yer Zaqatala şəhəri qeyd edilmişdir. Doğumunu təsdiq edən sənəd kimi Rusiya Federasiyası, Moskva şəhəri, Puşkinskiy rayonu doğum evinin xx xxxxxx 1995-ci il tarixli 1993 saylı arayışı göstərilmişdir. İşdə olan İcbari Tibbi Sığortanın Moskva Şəhər Fondu tərəfindən verilmiş 25 iyun 1996-cı il tarixli 7709(Б) ******* nömrəli Rusiya Federasiyası vətəndaşının icbari tibbi sığorta polisinin surətindən görünür ki, xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş Ərizəçi icbari tibbi sığorta proqramı üzrə icbari tibbi sığorta sisteminə daxil olan tibb müəssisəslərində tibbi yardım almaq hüququ vardır. Sığorta müddəti 1 avqust 1997ci il tarixədək. İşdə olan Zaqatala Rayon VVAQ Şöbəsi tərəfindən 18.08.1994-cü il tarixdə verilmiş Nikahın bağlanması haqqında şəhdətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında 18.08.1994-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrəli qeyd edilmişdir. İşdə olan 23 iyul 1996-cı il tarixli 1467 nömrəli doğum haqqında tibbi arayışın surətindən görünür ki, X3 xx xxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhəri 72 nömrəli xəstəxananın doğum evində oğlan uşağı dünyaya gətirmişdir. İşdə olan Moskva şəhəri 4 nömrəli Uşaq Şəhər Poliklinikası tərəfindən verilmiş arayışın surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə anadan olmuş Ərizəçi həmin poliklinikada müayinə olunur və müvəqqəti olaraq Svoboda 63-448 ünvanında yaşayır. Surəti işdə olan ***-**-** pprofilaktiki peyvənd kartından görünür ki, Svoboda 63- 448 ünvanında müvəqqəti qeydiyyatda olan Ərizəçi 24/11.95-ci il tarixdə vərəm əleyhinə peyvənd olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.05.2021-ci il tarixli məktubdan görünür ki, onun doğumu 15.02.1996-cı ildə Maraqlı şəxsndə 42 nömrə ilə qeydə alınmışdır. Həmin akt qeydində uşağın doğum yeri həmin dövrdəki qanunvericiliyə uyğun olaraq valideynlərin qeydiyyat yerinə uyğun olaraq Zaqatala şəhəri göstərilmişdir. Uşağın doğum yerinin Rusiya Federasiyası, Moskva şəhəri qeyd edilməsi səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46-cı və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarının 9.1-ci bəndindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, Puşkinskiy rayonu anadan olmuşdur. Bu qeyd edilən hal Ərizəçi doğumu barədə tərtib edilmiş 42 nömrəli 15.02.1996-cı il tarixli doğum haqqında akt qeydi və ərizəçi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş digər tibbi sənədlərlə də sübut olunur. Ərizəçi doğumu barədə tərtib edilmiş 42 nömrəli 15.02.1996-cı il tarixli doğum haqqında akt qeydində onun doğum yeri olaraq Zaqatala şəhəri göstərilmişdir. Halbuki, doğumunu təsdiq edən sənəd kimi Rusiya Federasiyası, Moskva şəhəri, Puşkinskiy rayonu doğum evinin xx xxxxxx 1995-ci il tarixli 1993 saylı arayışı göstərilmişdir. Ərizəçi doğum qeydinə düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğum yerinin Rusiya Federasiyası, Moskva şəhəri, Puşkinskiy rayonu qeyd edilməsi səlahiyyətləri xaricində olduğundan Maraqlı şəxs tərəfindən ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum haqqında akt qeydində) Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhəri Puşkinskiy rayonunda doğulması qeyd olunmalı halda, həmin qeyd düzgün göstərilməmiş, onun doğum yeri Zaqatala şəhəri göstərilmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsində doğum yeri barəsində aparılmış müvafiq qeydə düzəliş edilməsi başqa cür mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğuna görə təmin edilərək, Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə doğulmasına dair 42 nömrəli 15 fevral 1996-cı il tarixli doğum haqqında akt qeydində doğum yeri qrafasında qeyd edilmiş Zaqatala rayonu sözləri düzgün olmadığından həmin qeyd dəyişdirilərək Rusiya Federasiyası Moskva şəhəri Puşkinskiy rayonu kimi qeyd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Ərizəçi ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-217, 219-220, 227, 233, 305.1.7, 339-341 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə doğulmasına dair 42 nömrəli 15 fevral 1996cı il tarixli doğum haqqında akt qeydində doğum yeri qrafasında qeyd edilmiş “Zaqatala rayonu” sözləri düzgün olmadığından həmin qeyd dəyişdirilərək “Rusiya Federasiyası Moskva şəhəri Puşkinskiy rayonu” kimi qeyd olunsun. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar