Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-69/2022 23.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və maddi zərər tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus torpaq sahəsindən qanunsuz istifadəsinə qadağa qoyulmasına və dəymiş 1000 (bir min) manat məbləğində ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxarılmasını və eyni zamanda ona dəymiş zərər olan 1078 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o X1 21 dekabr 2020-ci il tarixdə 6.6 sot torpaq sahəsini 5000 (beş min) manata almışdır. Həmin torpaq sahəsində 22 topa fındıq kolu vardır. Fındıq məhsulu yetişdikdən sonra, yəni 2021-ci ilin avqust ayının 20-dən etibarən Cavabdeh həmin fındıq sahəsinə qanunsuz olaraq girərək, ona məxsus olan 250 kq. fındıq məhsulunu yığaraq ona ziyan vurmuşdur. Dəfələrlə onlara şifahi xəbərdarlıq etməsinə rəğmən heç bir nəticə alınmamış, nəhayət 12.08.2021-ci il tarixdə Zaqatala RPŞ-nə onların qanunsuz hərəkətlərinin qarşısının alınması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. 02.09.2021-ci il tarixli məktub ilə Polis şöbəsi ona işin mülki xarakterli olduğunu bildirərək, məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. O, da iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən reyestr nömrəsi **********87 olan 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində 06.09.2021-ci il tarixdə aparılmış ********** qeydiyyata əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair A seriyalı 639566 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi hazırlanaraq çıxarışa əlavə edilmişdir. Sorğu edilməklə əldə edilmiş İddiaçı Zaqatala Rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materiallarda olan X4 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, mülkiyyətində olan 7 sot torpaq sahəsini oğlu Qasıməliyev Rəsul ondan xəbərsiz Sərxana etibarnamə yolu ilə satıb. Həmin torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsi satılanda Rəsul bununla bağlı ona məlumat verməmişdir. İş materiallarında olan “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 dekabr 2021-ci il tarixli 579 nömrəli mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 ha torpaq sahəsi üzərində əkilmiş 22 topa fındıq kolunun 2021-ci ildə yığım mövsümündə verə biləcəyi məhsulun həcmi təxminən 308 kq (22 ədədx14,0 kq) müəyyən edilir. Aparılmış tədqiqatlar nəticəsində, ekspert baxışına təqim edilmiş, Zaqatala rayonu, Lahıc kəndində yerləşən, 0.0661 ha torpaq sahəsində salınmış bağ sahəsində əkilmiş 22 topa fındıq kollarından 1 ildə alınması ehtimal edilən fındıq məhsulunun dəyəri təxminən 1078.00 (min yetmiş səkkiz) manat müəyyən edilir. Qeyd: 1 kq orta keyfiyyətli qabıqlı fındığın orta bazar qiyməti 3,50 manat müəyyən edilməklə, 22 topa fındıq kolundan 1 sezonluq məhsul yığımı ərzində 308 kq qabıqlı fındıq əldə edilməsi ehtimal olunaraq 1 illik gəlirin məbləği 1078.00 manat müəyyən edilmişdir ki, bu qiymətlərin Zaqatala rayonunda və Respublika ərazisində yerləşən bazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən asılı olaraq dəyişilməsi istisna edilmir. İş materiallarında olan “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə iclası zamanı iddiaçının izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsi onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində dövlət reyestrində 06.09.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq qeydiyyatın rəsmiləşdirilməsinə dair dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində 22 topa fındıq kolları əkilmişdir. Cavabdeh Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatında həmin torpaq sahəsinin özünə məxsus olmasını qeyd edərək, torpaq sahəsinin ondan xəbərsiz verilmiş olan etibarnamə vasitəsi ilə oğlu Rəsul Qasıməliyev tərəfindən İddiaçı satıldığını bildirmişdir. Cavabdeh 2021-ci ildə iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşən 22 topa fındıq kolu üzərində yetişən fındıq məhsulunu yığaraq ona maddi zərər vurmuşdur. İddiaçı hazırda cavabdehin özünə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsindən çıxarılmasını və ona cavabdeh tərəfindən vurulmuş maddi zərərin ödənilməsini tələb edir. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 dekabr 2021-ci il tarixli 579 nömrəli mütəxəssis rəyinə əsasən Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 ha torpaq sahəsi üzərində əkilmiş 22 topa fındıq kolunun 2021-ci ildə yığım mövsümündə verə biləcəyi məhsulun həcmi təxminən 308 kq (22 ədədx14,0 kq) müəyyən edilmiş, Zaqatala rayonu, Lahıc kəndində yerləşən, 0.0661 ha torpaq sahəsində salınmış bağ sahəsində əkilmiş 22 topa fındıq kollarından 1 ildə alınması ehtimal edilən fındıq məhsulunun dəyəri təxminən 1078.00 (min yetmiş səkkiz) manat olduğu müəyyən edilmişdir. Cavabdeh isə dəfələrlə məhkəməyə dəvət edilməsinə baxmayaraq gəlməmiş, iddiaya da hər hansı münasibətini bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin “cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılmasına” dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh hazırda həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1078 manat maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ 06 sentyabr 2021-ci il tarixdə yaranmışdır. Həmin mülkiyyət hüququnun yaranmasına əsas isə 21 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. İddiaçı da öz növbəsində 16 sentyabr 2021-ci il tarixdə məhkəməyə cavabdehin torpaq sahəsindən çıxması və cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsində yerləşən fındıq ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən, cavabdeh tərəfindən zəbt edilməklə bəhər götürülməsi iddiaçının mülkiyyətinə qəsd etməklə cavabdehin qanunsuz gəlir əldə etməsi kimi qiymətləndirilir. Məhkəmənin bu qənaətə gəlməsinə əsas Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,0661 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 06 sentyabr 2021-ci il tarixdə iddiaçının adına mülkiyyət kimi qeydə alınması və iddiaçının da həmin vaxtda məhkəməyə müraciət etməsidir. Məhkəmə hesab edir ki, Cavabdeh 22 topa fındıq kolundan bir il ərzində yığılmış fındıq məhsulunun dəyəri olan 1078 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci Cavabdeh alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB**********433315142 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Zaqatala rayonu Lahıc kəndində yerləşən reyestr nömrəsi **********87 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 sentyabr 2021-ci il tarixli çıxarışda göstərilən 0,0661 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh maddi zərərin əvəzi olaraq 1078 (bir min yetmiş səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin, Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-69/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-69/2022
23.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver