Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-695/2021 14.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı, onun nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 03 iyul 2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu Lahıc kəndində yerləşən evdən istifadə qaydaları, həmin ikimərtəbəli evin birinci mərtəbəsi Cavabdeh istifadəsində, ikinci mərtəbəsi onun istifadəsində və qalan hissələri ümumi istifadədə olmaqla müəyyənləşdirilməsi, yəni bərabər paylarla istifadə hüquqlarının tanınması, habelə istifadə hüquqlarının tanınması təklif olunmuş sahələr üzrə onun və cavabdehin adına şəxsi hesabın açılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xirmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 03.07.2020-ci il tarixli çıxarışına əsasən mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0.1795 ha torpağı olan 123 kv.m sahəsi olan (58.4kv.m+64.6 kv.m) 3 (üç) otaqlı ev onun mülkiyyətindədir. Mərhum həyat yoldaşı X5 vəfat etmişdir. Üç övladı olmuşdur. Onlardan biri X8 15.08.2012-ci il tarixdə vəfat etmişdir. Qalan iki övladı 17.10.1988-ci il təvəllüdlü X6 və 19.02.1991-ci il təvəllüdlü Cavabdehdur. Onların hər ikisi sözügedən evdə qeydiyyatdadır. X12 ailə qurmuş və Bakı şəhərində qeydiyyatsız olaraq yaşayır. Oğlu Cavabdeh də ailəlidir və onunla birlikdə mülkiyyətində olan yuxarıda göstərilən ünvandakı evdə yaşayır. Cavabdeh son vaxtlar onunla münasibətlərini gərginləşdirib, onu tez-tez narahat edir, onunla birlikdə yaşamaq istəmir deyə bir neçə aydır ki, onunla bir evdə yaşamaq mümkünsüz hala gəlmişdir. Hesab edir ki, Cavabdeh və onun ailə üzvləri ilə bir evdə yaşamaq həm hədsiz dərəcədə narahatlıq, həm də təhlükəlidir deyə məhkəmə yolu ilə mülkiyyətində olan və hazırda yaşadıqları evdə yaşayış qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə qətnaməsinin çıxarılması və onların bir-birinin həyatına qarışmadan yaşamaları üçün sözügedən evin bütün imkanları da vardır. Əslində isə onlar, yəni Cavabdeh və o həmin evdə ayrı-ayrı otaqlarda yaşayırlar. Odur ki, həmin vəziyyətin məhkəmə qətnaməsinə əsasən sadəcə olaraq qanuniləşməsinə zərurət yaranmışdır. Sözügedən ev faktiki olaraq bir-biri ilə əlaqəsi olmayan iki yerə asan bölündüyündən və Cavabdeh artıq onunla birgə təsərrüfat aparmadığından, hesab edir ki, məhkəmə tərəfindən mənzildən istifadə qaydaları, həmin ikimərtəbəli evin birinci mərtəbəsi Cavabdeh istifadəsində, ikinci mərtəbəsi onun istifadəsində və qalan hissələri ümumi istifadədə olmaqla müəyyənləşdirilməlidir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, onun məqsədi evin tam olaraq ayrılması, cavabdehdən giriş-çıxışın ayrı olmasıdır. Həmçinin mülkiyyətlərində olan evin bölünərək ikinci mərtəbənin ona verilməsini və hazırda cavabdehlə münasibətləri yaxşı olmadığından evdən istifadə hüququnun bərpa edilməsini xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı onun anasıdır. O, da iddiaçı kimi mübahisələndirilən evin mülkiyyətçisidir. O, heç vaxt anasını həmin evdən çıxarmamış, anası özü getmişdir. Hazırda da anasının həmin evə köçüb istifadə etməsinə hər hansı maneçilik törətmir. Anasının həmin evə köçüb evin bütün hissələrindən istifadə etməsinə etirazı yoxdur. Həmin evdə o, yoldaşı və uşağı ilə birlikdə yaşayır. Ev bir mərtəbəlidir, evdə bir zal, bir mətbəx və 3 otaq mövcuddur. Eyni zamanda evin padvalı da var, oranın da hündürlüyü 1.80 metrdir. Yaşama üçün yararlıdır. Təkrar olaraq bildirir ki, anasının həmin evə köçüb evdən istifadə etməklə yaşamasına etirazı yoxdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1795 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 123 kv.m. olan fərdi yaşayış evi İddiaçı, X2, Cavabdeh və X3 ümumi birgə mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinin texniki pasportu işlənilməklə qeydiyyata alınmışdır. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu, Lahıc kəndində 0,1795 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evi İddiaçı, X2, Cavabdeh və X3 ümumi birgə mülkiyyəti kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 03.07.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh öz həyat yoldaşı və iki övladı ilə birgə Zaqatala rayonu, Lahıc kəndində 0,1795 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evində yaşayırlar. İddiaçı iddia ərizəsi ilə müraciət edərərək cavabdehlə aralarında münasibətlərinin gərginləşdiyini və onunla bir evdə yaşamağın qəlizləşdiyini bildirərək həmin evdən istifadə qaydalarının müəyyən edilməsi, ikimərtəbəli evin birinci mərtəbəsinin Cavabdeh istifadəsinə, ikinci mərtəbəsinin isə onun istifadəsində və qalan hissələrin ümumi istifadəsinə verilməsini, yəni bərabər paylarla istifadə hüquqularının tanınması, habelə istifadə hüquqlarının tanınması təklif olunmuş sahələr üzrə onun və cavabdehin adına şəxsi hesabın açılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının hazırda ümumi mülkiyyətlərində olan iddia ərizəsində qeyd edilən fərdi yaşayış evində ailəsi ilə birgə yaşadığını və anası olan iddiaçının həmin evdə yaşayaraq ondan istifadə etməsinə etirazının olmadığını bildirdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin İddiaçı Zaqatala rayonu Lahıc kəndində yerləşən fərdi yaşayış evində istifadə hüququnun tanınmasına dair hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı istifadə hüququnun tanınması tələb etməkdə haqlı olmuşlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İş materiallarından görünür ki, mübahisəli Zaqatala rayonu Lahıc kəndində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X2, Cavabdeh və X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marksın Belçikaya qarşı” işində şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.” Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Tоrpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, tоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Maddənin 2-ci bəndinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Şərh edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı Qocayeva X4 rayonu Lahıc kəndində 0,1795 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisidir və onun həmin fərdi yaşayış evində mülkiyyət hüququnun tərkib hissəsi hesab edilən istifadə hüququ vardır. Ona görə də, mübahisələndirilən fərdi yaşayış evindən iddiaçının hazırda tam şəkildə istifadə etmək hüququ var və istifadə hüququ tam şəkildə bərpa edilməlidir. Məhkəmə daha sonra yuxarıda qeyd edilən sübutlar üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbinin iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Lahıc kəndində yerləşən evdən istifadə qaydaları, həmin ikimərtəbəli evin birinci mərtəbəsi Cavabdeh istifadəsində, ikinci mərtəbəsi onun istifadəsində və qalan hissələri ümumi istifadədə olmaqla müəyyənləşdirilməsi, habelə istifadə hüquqlarının tanınması təklif olunmuş sahələr üzrə onun və cavabdehin adına şəxsi hesabın açılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsinə dair hissəsi isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hərbirinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllıənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220-ci maddəsi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası ilə bağlı münasibətləri tənzimləyir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Lahıc kəndində 0,1795 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evi İddiaçı, X2, Cavabdeh və X3 ümumi birgə müıkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və İddiaçı da daxil olmaqla birgə mülkiyyətçilərin həmin əmlakda payları müəyyən edilməmişdir. Yuxarıda şərh edilən normaların məzmunundan da görünür ki, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma olmadıqda məhkəmə qərarı ilə ümumi əşyada mülkiyyətçilərin payları müəyyən edilir və yalnız paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə tərəflər arasında mübahisə predmeti təşkil edən fərdi yaşayış evi üzərində 4 (dörd) mülkiyyətçi olmasını, həmin mülkiyyətçilərin paylarının müəyyən edilməməsini əsas tutaraq hesab edir ki, İddiaçı iddia tələbi Zaqatala rayonu Lahıc kəndində yerləşən evin naturada ayrılaraq (həmin ikimərtəbəli evin birinci mərtəbəsi Cavabdeh istifadəsində, ikinci mərtəbəsi onun istifadəsində və qalan hissələri ümumi istifadədə olmaqla müəyyənləşdirilməsi) istifadə qaydalarının müəyyən edilməsi və istifadə hüquqlarının tanınması təklif olunmuş sahələr üzrə onun və cavabdehin adına şəxsi hesabın açılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi hissəsində əsassızdır və təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı payların müəyyən edilməsi ilə bağlı iddia qaldırması təklif olunsa da, iddiaçı bundan imtina edərək hazırki iddianı müdafiə etdiyini, iddianın təmin olunaraq onun mülkiyyətində olan fərdi yaşayış evinin naturada ayrılmasını xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, İddiaçı, Cavabdeh, X2, X3 ümumi birgə mülkiyyətində olan, Zaqatala rayonu Lahıc kəndində 0,17,95 ha torpaq sahəsində yerləşən 123 kv.m. fərdi yaşayış evindən iddiaçı İddiaçı istifadə hüququ tanınmalı, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı, Cavabdeh, X2, X3 ümumi birgə mülkiyyətində olan, Zaqatala rayonu Lahıc kəndində 0,1795 ha torpaq sahəsində yerləşən 123 kv.m. fərdi yaşayış evindən İddiaçı istifadə hüququ tanınsın. İddia tələbinin qalan hissəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-695/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-695/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver