Məhkəmə qərarları › İş №2(033)-725/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-725/2021

27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-725/2021 27.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməklə onun həmin evdən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilərək Cavabdeh ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Hazırda yaşadığı evi satmaq istəyir. Lakin, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Buna görə də, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin üzərində sərəncam vermək hüququndan istifadə edə bilmir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 04 avqust 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun tam mülkiyyətindədir. Zaqatala rayon İcra Hakimiyyətinin Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan da görünür ki, cavabdeh Zaqatala rayonu Əliabad qəsəbə sakinidir və orada yaşayır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək göstərdi ki, həqiqətən o, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayır. Formal olaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi fərdi yaşayış evinə qeydiyyata düşmüşdür. Həmin evdə yaşamamışdır və hazırda da yaşamır. Ona görə də, iddianın təmin edilməsinə etiraz etmir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** nömrə ilə 04.08.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, 16 iyul 1968-ci il təvəllüdlü Orucov X1 şəhəri Nizami küçəsi 51A ünvanında qeydiyyatdadır. İşdə olan Zaqatala rayon İcra Hakimiyyətinin Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 aprel 2021-ci il tarixdə verilmiş 1385 nömrəli arayışdan görünür ki, Orucov X1 rayonu Əliabad qəsəbə sakinidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı hazırda yaşadığı evi satmaq istəyir. Lakin, 16 iyul 1968-ci il təvəllüdlü Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh iddiaçının ailə üzvü deyildir və aralarında hər hansı münasibət yoxdur, cavabdeh ümumiyyətlə həmin fərdi yaşayış evində yaşamamış və hazırda da yaşamır, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayır. İşin bu faktiki haları iş materiallarına əlavə edilmiş sənədlərlə və tərəflərin izahatı ilə də təsdiq olunur. İddiaçı, Cavabdeh ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Cavabdeh də iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququndan bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. Beləliklə şərh olunanlardan göründüyü kimi cavabdehin mübahisəli evdə qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsini əsaslı hesab edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehin həqiqətən də evdən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehin evdən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestr xidmətində rəsmiləşdirməklə qeydiyyata almışdır. Zaqatala rayon İcra Hakimiyyətinin Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən də cavabdeh Zaqatala rayonu Əliabad qəsəbə sakinidir və orada yaşayır. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh 16 iyul 1968-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 iyul 1968-ci il təvəllüdlü Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar