Məhkəmə qərarları › İş №2(034)-103/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-103/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-103/2025 07.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 5, 52 saylı mənzilin yardımçı sahələri evdə yaşayan şəxslərin ümumi istifadəsində olmaqla, bir otağına köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2008-ci il təvəlllüdlü X9 adlı bir övladları doğulmuşdur. Cavabdehlə hər ikisi Zəngilan rayonundan məcburi köçkün olduqları üçün və ailə tərkibində 1 azyaşlı uşaqlarının olması səbəbilə dövlət tərəfindən birgə şəkildə onlar ünvan 1 ünvanında mənzil ilə təmin olunmuşlar. Mənzil iki otaqdan ibarətdir. Birgə nikah dövründə cavabdehin ona və ailəsinə qarşı etdiyi məişət zorakılığı aralarında tez-tez ailə mübashisələrinin yaranmasına, bu da ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Artıq onun cavabdehlə ər-arvad münasibətləri kəsilmiş, birgə təsərrüfat idarə etmirlər. Ailə münasibətləri alınmadığı üçün caavbdehə qarşı aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşağın onun himayəsində qalması və uşağın saxlanması üçün aliment tələbi ilə artıq məhkəməyə müraciət etmişdir. Cavabdehlə boşanmaq fikri qətidir və barışmaq kimi bir niyyəti yoxdur. Məhkəməyə boşanma tələbi ilə müraciət etməzdən əvvəl cavabdeh heç bir əsas və səbəb olmadan onu birgə nikahdan olan oğlu ilə birlikdə dövlət tərəfindən təmin edilmiş mənzildən qovmuş və hazırda həmin mənzilə başqa bir xanım gətirərək onunla birlikdə yaşayır. O, isə uşaqla birlikdə qardaşının himayəsinə sığınmışdır. Dəfələrlə cavabdehdən onları mənzilə buraxmasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Qardaşının evində uşaqla yaşamaq çox çətindir, çünki qardaşının da öz ailəsi və uşaqları var. Cavabdehin onlara qarşı olan bu hərəkəti nəticəsində onlar küçələrdə qalmış, başqa yaşayış yerləri də yoxdur. Buna görə də oğlu ilə dövlət tərəfindən cavabdehlə birlikdə yaşamaqları üçün verilmiş evə qanuni yolla köçürülərək yaşamaq istəyir. Çünki cavabdeh öz xoşluğu ilə onu və oğlunu mənzilə buraxmır. Cavabdeh mənzilin yalnız özünə verilməsini və özünə məxsus olmasını bildirmişdir. Məhkəməyə müraciət etməzdən öncə o, mediasiya prosesində iştirak etsə də, cavabdeh iştirak etmədiyi üçün aralarında hər hansı bir razılıq əldə edilə bilməmişlər. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, amma hazırda cavabdeh tərəfindən o və oğlu yaşadıqları mənzildən qanunsuz olaraq məhrum edilmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onu və oğlunu 01 avqust 2023-cü ildə evdən çıxarmış, o da, oğlu ilə birlikdə qardaşının evində yaşayır. Onlara bu ev Qaçqınların və X6 üzrə Dövlət Komtəsi Mənzil İstismar Departamenti tərəfindən müqavilə əsasında verilmişdir. O, evə köçəndə yoldaşı, qaynanası, baldızı, o və oğlu olmuşdur. Cavabdeh həmin evdə başqa bir xanımla yaşayır. Ev 67 kvadrat metrdən ibarətdir. O, özu xadimə işləyir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını, onun yetkinlik yaşına çatmayan oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 5, 52 saylı mənzilin yardımçı sahələri (hamam, tualet, sanuzellər və s.) evdə yaşayan şəxslərin ümumi istifadəsində olmaqla, bir otağına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: - İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanaraq, bu barədə Zəngilan rayon VVADQ şöbəsində akt qeydləri kitabında 245 nömrəli qeyd aparılmışdır. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflər xx.xx.2008-ci il təvəllüdlü X5 valideynləridirlər. -İş materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16\2024-01830 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 5-52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X7 arasında bağlanmış 5-52 nömrəli, xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 5, 52 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, ümumi sahəsi 67 kv.metrdən, yaşayış hissəsi 61,7 kv. metrdən ibarət 2 otaqlı mənzil X4 və onun ailə üzvləri olan oğlu Cavabdeh, gəlini X1 və nəvəsi X8 verilmişdir. İş materiallarında olan Abşeron rayon Masazır Mənzil-Kommunal İstisnar Sahəsi tərəfindən verilmiş 2038 nömrəli arayışın surətindən görünür ki, Sarıyeva X2 rayonundan məcburni köçkün kimi ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 158.1, 158.1.2, 158.4. Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sırasına daxildir və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 68.1;68.2;68.3;68.4. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.( Maddə 91.1.5. Qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir: Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2008-ci il təvəlllüdlü X9 adlı bir övladları doğulmuşdur. Tərəflər Zəngilandan məcburi köçkündürlər. Araşdırma zamanı məlum olmuşdur ki. mübahisəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə cavabdehin atası X7 arasında bağlanmış 5-52 nömrəli, xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 5, 52 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, ümumi sahəsi 67 kv.metrdən, yaşayış sahəsi isə 61,7 kv.metrdən ibarət 2 otaqlı mənzil X4 və onun ailə üzvləri olan oğlu Cavabdeh, gəlini İddiaçı və nəvəsi X8 verilmişdir. Mənzil tərəflərə birgə yaşadıqları dövrdə dövlət tərəfindən müvəqqəti yaşamaları üçün verilmiş mənzildir və iddiaçı mübahisəli mənzildə cavabdehlə birlikdə yaşamışdır. Aralarında yaranmış mübahisələr nəticəsində, cavabdeh iddiaçını uşaqla birlikdə yaşadıqları evdən qovmuş, iddiaçı hazırda oğlu ilə birlikdə qardaşının evində yaşamağa məcbur olmuşdur. İddiaçının cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi hazırda məhkəmənin icraatındadır və məhkəmə tərəfindən barışıb ailə münasibətlərini bərpa etmək üçün tərəflərə 3 ay vaxt verilmişdir. Cavabdeh hazırda iddiaçını və oğlunu evə burxımr, iki otaqlı mənzildə başqa bir xanımla yaşamaqla iddiaçıya uşaq ilə birlikdə həmin mübahisəli mənzildən sərbəst istifadə və sahiblik etmək hüquqlarına maneələr yaratmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunmasına təminat verilən hüquqlardan biri də, mənzil toxunulmazlığı hüququdur. (Azərbaycan Respublikası Konstitusiyasının 33,60 mad.) Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göstərilənlərə əsasən və qanunvericiliyin yuxarıda qeyd olunan müddealarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 5, 52 saylı mənzilin bir otağına köçürülməli, evin yardımçı sahələri (hamam, tualet,sanuzellər və s.) evdə yaşayan şəxslərin ümumi istifadəsində olması müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 5, 52 saylı mənzilin yardımçı sahələri (hamam, tualet, sanuzellər və s.) evdə yaşayan şəxslərin ümumi istifadəsində olmaqla, bir otağına köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar