Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-558/2022 15.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması haqqında” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması haqqında” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 12 dekabr 2021-ci il tarixdə 1 saylı Bakı «Asan Xidmət Mərkəzi» Qeydiyyat şöbəsində 2966 nömrə ilə qeyd edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında 12 dekabr 2021-ci il tarixdə 1 saylı Bakı «Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmışdır. Lakin, nikah bağlamaqlarının səbəbi ailə qurmaq olmamışdır. Belə ki, cavabdehin gələcəkdə fikri ABŞ Dövlət Səfirliyinə müraciət edərək viza almaq və işləmək üçün ABŞ Dövlətinə getmək olmuşdur. Yaxın tanışlarından bir neçəsi yaşamaq və işləmək üçün ABŞ Dövlətinə getmişdir. O, da onları görmüş və bu həvəsə düşmüşdür. Təbii ki, ailəli şəxslərə viza verilərkən üstünlük verilmişdir. Bunu ona tanışları və viza ilə məşğul olan tanışları bildirmişdir. O, bu fikrini valdeyinlərinə bildirdikdə onlar buna qəti olaraq etiraz etmiş, hətta onu danlamışlar. O, qərara gəlmişdir ki, onlardan xəbərsiz viza alsın, onlar vizanın verilməsini gördükdən sonra yəqin ki, etiraz etməyəcəklər. Beləliklə bunun üçün ilk olaraq ailə tanışları olan Cavabdeh ilə nikaha daxil olmuşdur. Ona ilk olaraq bu fikrini bildirdikdə razı olmamış, lakin sonradan israrları nəticəsində razı sala bilmişdir. Beləliklə xx.xx.2021-ci il tarixdə formal olaraq nikaha daxil olmuşlar. Lakin az müddət keçməmiş valdeyinləri bundan məlumat tutmuş və onu danlamışlar. O, xaricə getmək istəmiş, sadəcə olaraq müəyyən çətinliklər olmuşdur. Ailəsi onun xaricə getmək istəməsini bilmişlər. Ona elçi gəlməmiş, ailələləri arasında belə bir plan olmamışdır. Onlar birlikdə yaşamamış, ailə qurmaq niyyətləri olmamışdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, Bənövşə xanım xaricə getməklə bağlı viza almaq üçün nikaha daxil olmalarını bildirmiş, o da razı olmuşdur. Sonra ailələri bilmiş, problem yaşanmışdır. O, psixologiyanı oxuyub bitirmiş, Amerikada öz sahəsi üzərində işləmək istəmişdir. Onun valideynlərinin bu nikahdan xəbərləri olmamışdır. Valideynləri nikaha daxil olmasını martaprel ayında bilmiş, söz-söhbət olmuşdur. Onlar keçən ilin dekabr ayında nikaha daxil olmuşlar. Qrinkartla getmək hər ilin yanvar ayında başlanır. Viza alınmasa da qrinkartla getmək istəmişlər. Toy etməmişlər. Ailəsi də, xanım da, o da razı deyillər, nikahın etibarsız sayılmasını istəyirlər. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunması xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanaraq bu barədə 1 saylı Bakı «Asan Xidmət Mərkəzi» Qeydiyyat şöbəsində akt qeydləri kitabında 2966 saylı qeyd aparılmışdır. İş materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci tarixli MŞB/5-02557 nömrəli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinin tələblərinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər ər-arvad münasibətində olmamış, bir ailə kimi bir yerdə yaşamamış, birgə təsərrüfat idarə etməmişlər.Tərəflərin ümumiyyətlə ailə qurmaq niyyətləri olmamışdır. Tərəflərin rəsmi nikaha daxil olmaqda məqsədləri işləmək üçün xarici ölkəyə getmək olmuşdur. Tərəflər arasında olan nikah formal xarakter daşıyır və tərəflər saxta olan nikahın etibarsız sayılmasını istəyirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı «Asan Xidmət Mərkəzi» Qeydiyyat şöbəsində bağlanmış nikah bağlandığı andan etibarsız sayılmalı və akt qeydləri kitabındakı 2966 saylı nikah qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci tarixdə 1 saylı Bakı «Asan Xidmət Mərkəzi» Qeydiyyat Şöbəsində bağlanmış nikah bağlandığı andan etibarsız sayılsın və akt qeydləri kitabındakı 2966 saylı nikah qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-558/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-558/2022
15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver