Məhkəmə qərarları › İş №2(034)-592/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-592/2024

13.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-592/2024 13.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 Maraqlı şəxsnə qarşı “doğum faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X3 ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi ilə birgə nikahlarından olan X2 xx.xx.2022-ci il tarixində doğulması faktının müəyyən edilməsi, uşağa veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında Ərizəçi, ana qrafasında X3, uşağın soyadının Abbaslı, hər iki valideynin miliyyətinin azərbaycanlı, doğum yerinin Bakı şəhəri yazılmaqla Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və aralarında olan nikahı 3 saylı Bakı «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində 229 akt qeydi ilə rəsmiləşdirmişlər. Onların bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir uşaqları olmuşdur. Maddi vəziyyətləri çətin olduğu üçün uşaq ev şəratində doğulduğundan ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Uşaq hal-hazırda sağlamdır və onlarla birlikdə yaşayır. xx.xx.2022-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət ettmiş, Maraqlı şəxs uşaq ev şəraitində doğulduğundan doğum haqqında şəhadətnamənin verilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1 -ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Doğumun qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci və 2.6-cı bəndlərinə uyğun olaraq, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər və valideynlərin nikah haqqında şəhadətnaməsi ilə bərabər, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd də (tibbi şəhadətnamə, forma 103) Şöbəyə təqdim edilməlidir və həmin tibbi sənəd təqdim olunmadığı üçün uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Maraqlı şəxs uşağın doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyət etmiş, o, da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Ərizəçi ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların bu nikahdan xx.xx.2022-ci ildə X7 adlı bir uşaqları olmuşdur. Maddi vəziyyətləri çətin olduğu üçün uşaq ev şəraitində doğulmuş və buna görə uşağa doğum haqqında şəhadətnamə ala bilməmişləp. Oğlu sağlamdır və hal-hazırda onlarla birlikdə yaşayır. Oğlunun 2 yaşı var. O, evdə doğum etmiş, çünki sancısı tutan zaman həkim çağırmağa vaxt olmamışdır. Uşaq doğulandan sonra evə təcili tibbi yardım gələrək onu və uşağı yoxlamışdır. Uşağına 9 saylı poliklinikadan arayış almışdır. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olumasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun gəlinidir. Oğlu Abbasov Ərizəçi Banu Teymur qızı ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmuş,onların bu nikahlarından xx.xx.2022-ci il təvəllüdlü nəvəsi X7 anadan olmuşdur. Gəlini onlarla bir evdə yaşayır. Gəlini nəvəsinə hamilə olduğu vaxtdan onlarla bir evdə qalmışdır. Gəlininin doğum sancısı tutanda təcili yardıma zəng edənə kimi uşaq dünyaya gəlmişdir. Doğum zamanı evdə gəlininin yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi qaynı arvadıdır. Qaynı Abbasov Ərizəçi Banu Teymur qızı ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmuş və onların xx.xx.2022-ci ildə Amir adlı bir oğlan uşaqları anadan olmuşdur. Qaynı arvadı ilə onlar bir evdə yaşayırlar. Qaynı arvadını hamiləlik vaxtlarında görmüşdür. Doğum zamanı həkim çağırana kimi uşaq dünayaya gəlmişdir. Doğum zamanı o da, qaynanası da evdə olmuşlar. Təcili tibbi yardım uşaq dünyaya gələndən sonra uşağı və ananı yoxlayıb getmişdir. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təqsdiq edilmiş surətindən aydın olur ki, X3 ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanaraq bu barədə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 229 saylı qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-9-129/24 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır. Doğumun qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5-ci və 2.6-cı bəndlərinə uyğun olaraq, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər və valideynlərin nikah haqqında şəhadətnaməsi ilə bərabər, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd də şöbəyə təqdim edilməlidir və həmin tibbi sənəd təqdim olunmadığı üçün uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməldir. Maraqlı şəxs uşağın doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi 9 nömrəli Uşaq Poliklinikası tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Xətai rayonu, Q.Nəbi 5a yataqxanada yaşayan xx.xx.2022-ci il təvəllüdlü X7 hal-hazırda sağ-slamatdır, lakin sənədləri tam qaydasında olmadığı üçün qeydiyyata götürülməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 ilə Ərizəçi xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir oğlan uşaqları doğulmuşdur. Lakin maddi vəziyyətləri çətin olduğundan uşaq ev şəratində doğulmuş və uşaq ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi xx.xx.2022-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsi uşağın ev şəraitində doğulmasını və lazım olan sənədlərin təqdim edilməməsini əsas götürərək uşağa doğum haqıqnda şəhadətnamənin verilməsindən imtina etmişdir. Uşaq hal-hazırda sağlamdır və valideynləri ilə birlikdə yaşayır. Uşağın ev şəraitində doğulmasını, sağlam olması və valideynləri ilə birlikdə yaşamasını məhkəmə iclasında iştirak edən şahidlər də öz ifadələri ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 08 dekabr 2022-ci il tarixdə X7 adında bir oğlan uşağını doğması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X1 xx.xx.2022-ci il tarixində X7 adlı uşağı doğması faktı müəyyən edilsin. xx.xx.2022-ci il təvəllüldü X4 veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında Ərizəçi, ana qrafasında X3, uşağın soyadının Abbaslı, hər iki valideynin miliyyətinin azərbaycanlı, doğum yeri Bakı şəhəri yazılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar