Məhkəmə qərarları › İş №2(034)-94/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-94/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-94/2025 07.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində borcun və hüquqi yardım qarşılığında 59.500 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə tanış olduqda cavabdeh ona "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digər dövlət orqanlarında böyük problemləri olduğu üçün köməyə ehtiyacı olduğunu bildirmişdir.Cavabdehi məhkəmələrdə təmsil etmək məqsədilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusunda 7E/36-21607 reyestr nömrəsi qeydi edilməklə xx.xx.2018-ci il tarixinədək etibarnamə vermişdir. Cavabdehin xeyli işləri görüldükdən sonra muzd-pul ödənilməsində problemlər yarandığına görə aralarında tapşırıq müqaviləsi bağlamaq qərarına gəlmişlər. Beləliklə, xx.xx.2014-cü ildə cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, K.İsmayılov küçəsi, 12a/26 nömrəli yaşadığı yataqxanada olmuş və arvadı X4 iştirakı ilə tapşırıq müqaviləsi bağlanılmışdır.Tapşırıq müqaviləsinin şərtlərinə görə ilkin olaraq görüləcək işlərin qiyməti 10.000 manat qiymətləndirilmişdir. Pul ödənişi “tapşırıq verən” tərəfindən “tapşırıq alana” müqavilədə göstərilən müddətə ödənilməlidir. Həmin müqavilənin 3-cü bəndinə görə “tapşırıq verən” razılaşdırılmış 10.000 manat pulu işlər başa çatana qədər tam şəkildə “tapşırıqlar alana” ödəyə bilmədiyinə görə əvəzində **-NO-*** dövlət nömrə nişanlı “VAZ-21154» minik markalı avtomobili tapşırıq alanın istifadəsinə vermişdir. Bununla belə cavabdeh həmin müqavilənin şərtlərini kobudcasına pozaraq, 2014-cü ilin may ayında avtomobili geri alaraq başqasına satmış və heç bir ödəniş etməmişdir. Həmin tarixlərdə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 154.000 ABŞ dolları borcu yaranmış, barəsində məhkəmə qətnamələri çıxarılmış və icra vərəqələri verilmişdir. Bu məhkəmə mübahisələri ilə bağlı xeyli işlər görülmüş, işlər 3 məhkəmə instansiyasınadək aparılmış, xərclər çəkilmişdir. Hazırda Cavabdeh Ləğv Prosesində Olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinə cəmi 6.800 manat borcu qalmışdır. Bundan başqa, Cavabdeh məhkəmə, icra və digər işlərini həll etmişdir. Cavabdeh arvadı Vüsalə Məmmədova ilə nikahın ləğvindən sonra icra işlərini, aliment barəsində olan axtarış və məcburi gətirmə işlərini, dostlarının və tanışlarının işlərini həll etmişdir. Cavabdehlə xx.xx.2018-ci il tarixdə aralarında qarşılıqlı razılaşma əsasında bağlanmış tapşırıq müqaviləsinin şərtlərinə görə nəticəsindən asılı olmayaraq ona 40.000 manat və 20.000 manat ödəməli idi. Buna baxmayaraq, Cavabdeh 2013-2023-cü illər ərzində ona cəmi 500 manat ödəniş etmiş, qalan məbləği isə ödəməkdən imtina etmişdir (60.000-500=59.500). Keçən müddət ərzində dəfələrlə Cavabdeh ilə telefon əlaqəsi yaradaraq məhkəmədən kənar məsələni həll etmək istəsə də, bu məqsədi alınmamış, çünki cavabdeh ünvanı və telefonu dəyişmişdir. Buna görə də qayda və qanunlara uyğun olaraq qeydiyyatda olduğu ünvana pretenziya göndərərək 2 gün ərzində, ona borclu olduğu 59.500 manatı poçt vasitəsilə ünvanına göndərilməsini xahiş etmişdir. Əks halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən pulun məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilsə də, heç bir cavab verilməmişdir. Buna görə də aidiyyatı üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ali təhsilli hüquqşunas olaraq 2017-ci ilin dekabr ayınadək vətəndaşlara hüquq və digər xidmətlər göstərmiş, VÖEN-ni var, vergi ödəyicisidir. Göründüyü kimi Cavabdeh tapşırıq müqaviləsinin şərtlərinə əməl etməmiş, bu müddət ərzində zəhmət (muzd) haqqını ödəməkdən imtina etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin əsaslarına düzəliş etmədən iddia tələbini azaldaraq, Cavabdeh hüquq və digər xidmətlər görə 55.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Toğrul Əmirov küçəsində gələcəkdə inşa ediləcək avtoyuma sexinin sxeminin çəkilməsi, sənədləşdirilməsi, sənədləri toplaması və ərizə tərtib edilərək göndərilməsi, eləcə də etibarnaməyə əsasən nümayəndəsi olduğu X3, X1 adından müəyyən hərəkətlər edilmiş və məsləhətlər verilmiş, şəhid ailəsi olduğuna görə mənzillə təmin olunmaq haqqında sənədləri toplayıb ərizəni yazaraq və ərizəni tərtib edərək Suraxanı RİHB-na göndərmiş və cavab almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinə cavabdehin mülkiyyətində olan “Tofaş” markalı **-NJ-*** dövlət nömrə nişanlı saxlanılması üçün ərizəni tərtib edib göndərmiş, cavabdehin tanışı olan, etibarnaməyə əsasən nümayəndəsi olduğu X6 ərindən miras qalmış **-ZH-*** dövlət nömrə nişanlı «Volkswagen Amarok” minik markalı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-də onun adına sənədləşdirməsini təşkil etmişdir (avtomobilin sığortası onun adına olmuşdur). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə tanış olduqda cavabdeh ona "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digər dövlət orqanlarında böyük problemləri olduğu üçün köməyə ehtiyacı olduğunu bildirmiş, cavabdehi məhkəmələrdə təmsil etmək məqsədilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusunda 7E/36-21607 reyestr nömrəsi qeydi edilməklə xx.xx.2018-ci il tarixinədək etibarnamə vermiş. cavabdehin xeyli işləri görüldükdən sonra muzd-pul ödənilməsində problemlər yarandığına görə aralarında tapşırıq müqaviləsi bağlamaq qərarına gəlmişlər. xx.xx.2014-cü ildə cavabdehin yaşadığı yataqxanada olmuş və arvadı X4 iştirakı ilə tapşırıq müqaviləsi bağlanılmışdır. Tapşırıq müqaviləsinin şərtlərinə görə ilkin olaraq görüləcək işlərin qiyməti 10.000 manat qiymətləndirilmiş, pul ödənişi “tapşırıq verən” tərəfindən “tapşırıq alana” müqavilədə göstərilən müddətə ödənilməli, həmin müqavilənin 3-cü bəndinə görə “tapşırıq verən” razılaşdırılmış 10.000 manat pulu işlər başa çatana qədər tam şəkildə “tapşırıqlar alana” ödəyə bilmədiyinə görə əvəzində **-NO-*** dövlət nömrə nişanlı “VAZ-21154» minik markalı avtomobili tapşırıq alanın” istifadəsinə verir. Cavabdeh həmin müqavilənin şərtlərini kobudcasına pozmuş, 2014-cü ilin may ayında avtomobili geri alaraq başqasına satmış və heç bir ödəniş etməmiş, həmin tarixlərdə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 154000 ABŞ dolları borcu yaranmış, barəsində məhkəmə qətnamələri çıxarılmış və icra vərəqələri verilmişdir. Hazırda Cavabdeh Ləğv Prosesində Olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinə cəmi 6800 manat borcu qalmışdır. Cavabdehlə aralarında cavabdehin borcu silindikdən sonra avtomobilin ona bağışlanması barədə razılaşma olmuş, nəqliyyat vasitəsini cavabdeh ona etibarnamə ilə sürmək üçün vermişdir. Cavabdehin bir çox işlərinə köməklik etmiş, bütün məhkəmələrdə cavabdehin işlərinə çıxmış, cavabdehin işlərinə çıxması ilə bağlı heç bir qətnamədə, qərardadda onun adı qeyd olunmamış, məhkəmədə cavabdeh tərəfindən işə çıxmasına dair aralarında ödənişlə bağlı order və müqavilə olmamışdır. Nümayəndəliklərin fəaliyyəti 2017-ci ildən dayandırılmışdır. İcra mərhələlərində cavabdehin bütün işlərini həll etmiş, cavabdeh savadsız orta təhsillidir. Cavabdeh ona verdiyi nəqliyyat vasitəsini 2014-cü ildə götürmüşdür. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmşdir ki, iddiaçı ilə məhkəmədə mübahisələri olmamışdır. İddiaçı ilə aralarında tapşırıq müqaviləsi olmuş, lakin iddiaçı onunla müqavilə bağladıqdan sonra həbs olunmuş, onun heç bir işini görməmiş və iddiaçı həbs olunduğu üçün gedib maşını götürmüşdür. İddiaçının ona belə bir müasibətinin olmasının səbəbi qaynı xəstə olmuş və pensiya düzəltməsi üçün iddiaçıya pul vermiş, lakin iddiaçı pensiyanı düzəldə bilmədiyindən qaynı 8-ci Polis Bölməsinə müraciət edərək pulunu iddiaçıdan geri alması olmuşdur. Cavabdeh daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə öz aralarında 2014-cü il tarixdə tapşırıq müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə görə iddiaçı onun adından bütün yazışmaları aparmalı, iddiaçıya verdiyi etibarnamə əsasında onu məhkəmə və digər dövlət orqanlarında təmsil etməli olduğu halda, iddiaçı 2014cü ildə başqa şəxslərə qarşı etdiyi dələduzluq əməlləri nəticəsində eşitdiyinə görə 5 il həbs edildiyindən müqavilədə göstərildiyi kimi onun hər hansı bir tapşırığını yerinə yetirməmiş, bütün məhkəmə və digər dövlət orqanlarında özü iştirak etmiş, aparılmış bütün yazışmalar onun özü tərəfindən icra edilmişdir. Yəni, iddiaçı ona hansısa bir hüquqi xilmət göstərməmişdir. 2019-cu ildə onun qayınına əlillik düzəltmək məqsədi ilə onun qayınanasından 2300 manat pul götürərək onları aldatmış və onlar pulu geri tələb etdiklərinə görə onların arasında mübahisə yaranmışdır. İddiaçının heç vaxt göstərmədiyi hüquqi xidmətə görə ondan 55.000 manat məbləğində pul istəməsi absurtdur və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Lakin, cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Abşeron rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X7 verilən arayışdan görünür ki, Teymurov X9 qəsəbəsi, “Qarant” yaşayış kompleksi məcburi köçkün qəsəbəsində yerləşən ev 4, mənzil 88 ünvanında müvəqqəti məskunlaşmışdır. -İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, (103)-9860/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli, 2(005)- 2688/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh ünvananmış xx.xx.2019-cu il tarixli, 1576\2019-3 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən aydın olur ki, xx.xx.2019cu il tarixli qərarla icraata başlayan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 320/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin edilməsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrində müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulması barədə xəbərdarlıq edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu Cavabdeh 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif edilmiş, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahiya alınması və həmin əmlakın üzərinə həbs qoyulması bildirilmiş, qərarın surəti onun qəbul edildiyi vaxtdan 1 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və digər orqanlara göndərilmiş, qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan aydın olur ki, iş üzrə icraata başlanılmış, borclu Cavabdeh 5 gün müddətində icranın könüllü təmin edilməsi təklif olunmuş, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və ödənişlər pul məbləğinin 7% həcmində, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 11 manat, borclu hüquqi şəxsdən isə 55 manat miqdarında icra ödənişinin tutulması, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərində həbs qoyulması bildirilmiş, qərarın surəti onun qəbul edildiyi vaxtdan 1 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və digər orqanlara gömdərilmiş, qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5057/2021 saylı qərardadından görünür ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860\2020 saylı, 12 fevral 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5057/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmişdir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(034)- 177/2023 nömrəli qiyabi qətnaməsindən görünür ki, Cavabdeh 606 saylı müqaviləyə əsasən 1900 manat əsas borc, 880 manat faiz borcu, 1000 manat cərimə borcu 0olmaqla, ümumillikdə 3780 manat və 606/1 saylı müqaviləyə əsasən 2838 manat əsas borc, 1275 manat faiz borcu, 1800 manat cərimə borcu olmaqla, ümumillikdə 5913 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qeyd edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-16/2-M-101881 nömrəli məktubdan görünür ki, Baş X22 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən həmin nəqliyyat vasitəsinin digər şəxsin adında qeydiyyatda olmaqla, avtomobilə dair istifadə hüququnu nəzərdə tutan etibarnamə verilməsi barədə məlumat mövcuddur.Mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar arasında yaranmış mülki mübahisələrlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı və ya saxlanılmasının məhkəmə orqanlarının müvafiq qərarı əsasında həyata keçirilməsi nəzərə alınaraq, məsələnin müsbət həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. -İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-507/2012 nömrəli qiyabi qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 17 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X2 3000 manat məbləğində əsas borc, 730 manat məbləğindəki faiz borcu, 1500 manat məbləğində cərimə olmaqla, cəmi 5230 manat məbləğində borc, ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. -İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-2688/2015 nömrəli qətnamədəb görünür ki, “VAZ-2173” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 alınaraq Cavabdeh qaytarılmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Daxili İşlər Nazirliyi Yol Polisi İdarəsi qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən ünvan 4 ünvanda qeydiyyatda olan Cavabdeh adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. -İş materiallarında olan xx.xx.2014-cü il tarixli Tapşırıq Müqaviləsinin məzmunundan aydın olur ki, İddiaçı "tapşırıq alan” və "tapşırıq verən" Bakı şəhəri Qara-Çuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 9,mənzil 6-da yaşayanlar Cavabdeh və X11 arasında tapşırıq müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə “Tapşırıq verən"-Cavabdeh və V.Məmmədova həmin müqavilə əsasında qanunvericilikdə göstərilən müddətlər ərzində məhkəmə qaydasında Bakı şəhərində fəaliyyət göstərən"xxxx" ASC-ti ilə bağlı olan bütün problemlərinin həllini ona tapşırmış, «Tapşırıq verən" və "tapşırıq alan" qarşılıqlı razılaşma əsasında əmək haqqı,nəqliyyat, telefon xərcləri, dövlət rüsumları və digər zəruri ödənişlər da daxil olmaqla həmin işi 10.000 (on min manat) AZN qiymətləndirilmiş, pul ödənişi "tapşırıq verən" tərəfindən "tapşırıq alana" müqavilədə göstərilən müddət ərzində ödənilməli, "Tapşırıq verən” razılaşdırılmış 10.000 (on min) AZN pulu işlər başa çatan günə qədər tam şəkildə "tapşırıq alana" ödəyə bilmədiyinə görə əvəzində Cavabdeh istifadəsində olan 90 NO-741 dövlət nömrə nişanlı "VAZ 21154" minik markalı avtomobili tapşırıq alanın istifadəsinə verir. “Tapşırıq verən" "tapşırıq alan"a həmin avotomaşını idarə etmək üçün etibarnamə verməyi öz öhdəsinə götürür.Həmin avtomobillə bağlı bütün problemləri Cavabdeh həll etməlidir.(borclar,cərimələr,ödənişlər və s.).“Tapşırıq verən ” məhkəmə işləri başa çatdıqdan sonra bu müqavilənin əslini “tapşırıq alana” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilə və DNK-da "tapşırıq alana" verilmiş etibarnamə heç bir halda birtərəfli qaydada dəyişdirilə və yaxud ləğv edilə bilməz.Bu müqavilə məhkəmə mübahisələri başa çatan gün və mübahisələr "tapşırıq verənin"lərin xeyrinə həll olunduqdan sonra qüvvədən düşür və tərəf ödədiyi pulu,yaxud verdiyi əmlakı geri tələb edə bilməz."Tapşırıq verən" müqavilədə göstərilən müddət ərzində müqaviləni birtərəfi qaydada pozarsa, yaxud öhdəliyini hər-hansı bir formada yerinəyetirməzsə, yaxud qarşı tərəflə hər-hansı razılaşmaya gedərsə (barışıq razılaşması, iddiadan imitina, nümayəndədən imtina edərsə, bu mübahisədən hər-hansı bir formada çəkilərsə) dərhal "tapşırıq alana" ödənilməli -10.000 AZN pulu iki qat, yəni -20.000 (iyirmi min) AZN ödəməlidir, tərəflər arasında mübahisə yaranarsa qarşılıqlı razılaşma əsasında həli edilir, əks halda mübahisə məhkəmədə həll edilir. -İş materiallarında olan xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, cavabdeh X12 tərəfindən İddiaçı istintaq, təhqiqat, prokurorluq, polis və bütun məhkəmə orqanlarında onu təmsil etməyi və bu tapşırığı yerinə yetirməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə xx.xx.2018-ci il tarixinədək verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respubliksının Mülki Məcəlləsi: Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3.Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər birbirlərini 2010-cu ildən bəri tanıdıqlarına görə Cavabdeh banklarla bağlı çoxlu problemlərinin olmasını bildirərək ona hüquqi və digər yardımlar göstərməsini iddiaçıdan xahiş edərək ona 25 noyabr 2013-cü il tarixdə etibarnamə vermişdir. xx.xx.2014-cü il tarixdə isə tərəflər arasında sadə yazılı formada Tapşırıq Müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə “Tapşırıq verən"-Cavabdeh və V.Məmmədova həmin müqavilə əsasında qanunvericilikdə göstərilən müddətlər ərzində məhkəmə qaydasında Bakı şəhərində fəaliyyət göstərən"xxxx" ASC-ti ilə bağlı olan bütün problemlərinin həllini ona tapşırmışdır. «Tapşırıq verən" və "tapşırıq alan" qarşılıqlı razılaşma əsasında əmək haqqı, nəqliyyat, telefon xərcləri, dövlət rüsumları və digər zəruri ödənişlər də daxil olmaqla həmin iş 10.000 manat qiymətləndirilmiş, cavabdeh razılaşdırılmış 10.000 manat pulu işlər başa çatan günə qədər tam şəkildə iddiaçıya ödəyə bilmədiyinə görə əvəzində Sabuhi Məmmədov istifadəsində olan 90 NO-741 dövlət nömrə nişanlı "VAZ 21154" minik markalı avtomobili iddiaçının istifadəsinə vermişdir. “Tapşırıq” müqaviləsinin şərtlərinə görə "Tapşırıq verən" müqavilədə göstərilən müddət ərzində müqaviləni birtərəfli qaydada pozarsa, yaxud öhdəliyini hər-hansı bir formada yerinə-yetirməzsə, yaxud qarşı tərəflə hər-hansı razılaşmaya gedərsə (barışıq razılaşması, iddiadan imitina, nümayəndədən imtina edərsə, bu mübahisədən hər-hansı bir formada çəkilərsə) dərhal "tapşırıq alana" ödənilməli -10.000 manat pulu iki qat, yəni -20.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən verdiyi etibarnaməyə və öz aralarında bağlanmış tapşırıq müqaviləsinə əsaslanaraq, müqavilə üzrə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 154.000 ABŞ dolları borcu üzrə bütün problemlərini həll etdiyini, məhkəmə mübahisələri ilə bağlı xeyli işlər gördüyünü, işləri 3 məhkəmə instansiyasınadək apardığını, xərclər çəkildiyini, Cavabdeh məhkəmə, icra və digər işlərini həll etdiyini, Cavabdeh arvadı- Vüsalə Məmmədova ilə nikahın ləğvindən sonra icra işlərini, aliment barəsində olan axtarış və məcburi gətirmə işlərini, dostlarının və tanışlarının işlərini həll etdiyini bildirərək Cavabdeh hüquq və digər xidmətlərə görə 55.000 manat pulun alınıb ona ödənilməsini xahiş etmiş, lakin məhkəmə araşdırılması zamanı iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ərizələr və şikayətlər cavabdehin özü tərəfindən imzalanmış və 2013-2019-cu il tarixlərində keçirilmiş məhkəmə iclaslarının heç birində iddiaçı iştirak etməmiş, baxmayaraq cavabdeh Sabuhi Məmmədov İddiaçı iddia ərizəsini imzalanması, iddia tələbindən tam və ya qismən imtina etməsi, iddianın etiraf etməsi, iddia predmetinin və ya əsasının dəyişdirilməsi və s. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş bütün prosessual hərəkətləri, o, cümlədən məhkəmə aktlarından şikayət verilməsi və imzalanması, istintaq, təhqiqat, prokurorluq, polis və bütun məhkəmə orqanlarında onu təmsil etməyi və bu tapşırığı yerinə yetirməsi ilə əaqəldar imza etmək hüququ olmaqla digər hərəkətləri etməyi etibar etmiş olsa da, iddiaçı heş bir məhkəmə iclaslarında nümayəndə kimi iştirak etməmiş, ərizə və şikayətləridə imzalamamışdır.İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış kasasiya şikayəti də İddiaçı tərəfindən deyil, vəkil F.Abdullayev tərəfindən tərtib olunmuşdur. Eyni zamanda, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçı ilə öz aralarında 2014-cü il tarixdə tapşırıq müqaviləsi bağlandığını, həmin müqavilənin şərtlərinə görə iddiaçı onun adından bütün yazışmaları aparmalı, iddiaçıya verdiyi etibarnamə əsasında onu məhkəmə və digər dövlət orqanlarında təmsil etməli olduğu halda, iddiaçı 2014-cü ildə müqavilə bağladıqdan sonra başqa şəxslərə qarşı etdiyi dələduzluq əməllərinə görə 5 il həbs edildiyindən müqavilədə göstərildiyi kimi onun hər hansı bir tapşırığını yerinə yetirmədiyini, bütün məhkəmə və digər dövlət orqanlarında özü iştirak etdiyini, aparılmış bütün yazışmaların da onun özü tərəfindən icra edildiyini, 2019-cu ildə onun qayınına əlillik düzəldəcək məqsədi ilə onun qayınanasından 2300 manat pul götürərək onları aldatdıqlarını və onlar pulu geri tələb etdiklərinə görə onların arasında mübahisə olduğundan Tahir onlara qarşı əsassız olaraq məhkəmədə iddia qaldıdığını bildirmişdir. Eyni zamanda iddiaçının artıq cavabdeh tərəfindən verilmiş etibarnamənin müddəti bitdikdən sonra, yəni 2019-2021-ci illərdə cavabdehə və onun qohum-tanışlarına da hüquqi yardım göstərilməsi barədə tələbini məhkəmə həqiqətə uyğun hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə göstərilməmiş hüquqi yardıma görə tələb etdiyi 55000 manat əsassızdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair” iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar