Məhkəmə qərarları › İş №2(035)-376/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-376/2024

20.06.2024 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-376/2024 20.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Zülfüqar oğlunun Cavabdeh qarşı,müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zərdab rayon Məlikli Bələdiyyəsi “Müqavilənin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilənin ləğv edilməsi) Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh və onun vəkili Vəkil Üçüncü şəxs Zərdab rayon Məlikli Bələdiyyəsinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, üçüncü şəxs Zərdab Rayon Məlikli Bələdiyyəsi “Müqavilənin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” na dair iddia ərizəsi üzrə mülki işə 20 iyun 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan 1.61 hektar torpaq sahəsi ilə bağlı X6 ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv olunaraq, Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Zərdab rayonu,Məlikli kəndi ərazisində yerləşən,ümumi sahəsi 1.61 ha olan ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi üzərində özü də daxil olmaqla ümumilikdə 6 nəfər pay hüququna malikdir.Həmin payçılardan hazırda 3 nəfər E.Bəkirov,Q.Bəkirov və L.Bəkirova vəfat etmişdir.Vəfat etmiş şəxslərin payları həmin torpaq sahəsinin hansı istiqamətdə olması və həmin payların kimə məxsus olması aydınlaşdırılmamışdır.Yerdə qalan payçılardan biri X6 06 sentyabr 2018-ci ildə Cavabdeh ilə icarə müqaviləsi bağlayaraq,bilavasitə öz payına düşdüyünü hesab etdiyi 0,54 ha torpaq sahəsini Cavabdeh qanunsuz şəkildə icarəyə vermişdir.Cavabdeh barəsində Zərdab rayonu,Məlikli kəndi ərazisində yerləşən torpaq sahəsinə qanunsuz sahiblik etməsi ilə əlaqədar cinayət işinin açılması üçün Zərdab rayon Prokurorluğuna müraciət etmişdir.Zərdab rayon Prokurorluğu tərəfindən 25 noyabr 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Həmin qərarda Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və işin xarakteri və növünün mülki iş olmasına görə bilavasitə ümumi məhkəmələrə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Məlikli kəndində yerləşən və paylı mülkiyyətdə olan 1.61 ha torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarış əldə etmişdir. Paylı mülkiyyətdə 6 nəfərin payı olsa da lakin paylar müəyyən olunmamışdır.Torpaq sahəsində pay hüququ olan X6 06 sentyabr 2018-ci ildə Cavabdeh ilə 12 il müddətinə icarə müqaviləsi bağlayaraq özü və oğlunun payına düşən torpaq sahəsini icarəyə vermişdir. İcarə müqaviləsinin onun mülkiyyət hüququnu pozduğu üçün ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 06 sentyabr 2018-ci ildə X6 ilə icarə müqaviləsi bağlayaraq, X6 və onun övladı X5 məxsus pay torpaq sahəsinin onlara düşən hissəsini icarəyə götürmüşdür və hazırda da yalnız həmin hissəni istifadə edir. İddiaçının müqaviləni ləğv olunmasını tələb etmək hüququ yoxdur və buna əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil cavabdehin izahatına uyğun ifadə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən Zərdab Rayon Məlikli Bələdiyyəsinin sədri X1 izahatında göstərmişdir ki,sözü gedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi deyil.Buna əsasən Zərdab Rayon Məlikli Bələdiyyəsinin hazırki iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmasını əsaslı hesab etmir. Məhkəmə iclasında şahid qismində iştirak edən Zərdab Rayonu İcra Hakimiyyəti Başçısının Məlikli kənd İƏD üzrə nümayəndəsi X7 izahatında göstərmişdir ki, X6 ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsində X3 məxsus imza onun iştirakı ilə özü tərəfindən icra olunmuş və bu barədə reyester kitabında müvafiq qeydlər aparılmışdır. Mülki işdə olan sənədlər: İşdə olan müqavilədən görünür ki,Məlikli kənd sakini X6 və onun övladı X10 0.54 ha pay torpaq sahəsini 05 sentyabr 2018-ci il tarixdən Məlikli kənd sakini Cavabdeh 12 il müddətinə icarəyə vermişdir.Müqavilə Zərdab rayonu İcra Hakimiyyəti Başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X7 tərəfindən X2 imzası olan hissəsində təsdiq olunmuş və reyesterdə № 44 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışın surətindən görünür ki, Zərdab rayonu,Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.61 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və payçıların bərabər pay hüququ var. İşdə olan və “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin Bakı şəhəri 1 saylı “Asan Xidmət” mərkəzindəki tərcümə şöbəsində Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş İ-BB № 207253 saylı ölüm haqqında şəhadətnamədən görünür ki,X10 09 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan məlum olur ki,X11 xx.xx.2001-ci il tarixdə, X4 isə xx.xx.2015-ci il tarixdə dünyasını dəyişmişdir. İşdə olan etibarnamədən görünür ki,Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-Vəkil onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 081740 saylı etibarnamə verilmişdir Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci bəndinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə görə Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, iddiaçının müqavilənin ləğv olunması üzrə tələbin irəli sürülməsi üçün subyektiv hüququ olmamışdır.Məhkəmə işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan müəyyən edir ki, Zərdab Rayon,Məlikli kəndi ərazisində iddiaçı və digər şəxslərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.61 ha pay torpaq sahəsi verilmişdir.X6 ilə Cavabdeh arasında olan müqavilədən məlum olur ki, X6 yalnız özü və övladının payı olan ümumilikdə 0.54 ha pay torpaq sahəsini cavabdehə icarəyə vermişdir.Bununla da digər mülkiyyətçilərin pay hüququnu məhdudlaşdırmamış və onların mülkiyyətindən istifadə etməsinə hər hansısa maneə yaratmamışdır.Eyni zamanda iddiaçı müqavilənin ləğvini tələb etsə də lakin müqavilənin onun hüquqlarını hansı hissədə pozmasını əsaslandıra bilməmiş və eləcə də məhkəməyə bununla bağlı hansısa sübutlar təqdim edə bilməmişdir. İcarə müqaviləsinin iddiaçı və digər payçıların hüquqlarını pozmadığından məhkəmə hesab edir ki,iddiaçı iddiasında haqlı olmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki,məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki,iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ;müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının müqavilənin ləğvini tələb etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı Cavabdeh qarşı “Müqavilənin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar