Məhkəmə qərarları › İş №2-2(104)-1/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-1/2025

13.03.2025 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-1/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı kommersiya işi üzrə Açar sözlər: torpaq sahəsindən qanunsuz istifadə Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, onun vəkili Vəkil3 və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma, alaçıqların sökülməsi və xırda-iri buynuzlu heyvanların çıxarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2-2(115)-661/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayon İcra Hakimiyyətinin 24 iyul 2017-ci il tarixli 99 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli, 01 №-li Torpaq icarəsi müqaviləsi əsasında Gədəbəy rayonu ərazisində yerləşən “Haçayal” adlanan yaylaq sahəsindən 160 ha örüş otlaq torpaq səhəsi ayrılaraq 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir;

2. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamının və xx.xx.2014-cü il tarixli, 15 nömrəli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonunun istifadəsində olan X8 Fonundakı 18-h saylı hissədən 154 ha torpaq sahəsi Cavabdeh1 10 il müddətinə icarəyə verilmişdir;

3. Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(104)-115/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X3 və Cavabdeh4 İddiaçı icarəsində olan “Haçayal” adlı ərazidə yerləşən 160 ha otlaq sahəsindən çıxarılması qət edilmişdir;

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı ilə Gədəbəy rayonu istifadəsində olan X8 Fondundakı 18-h saylı hissədən Cavabdeh1 10 il müddətinə icarəyə verilmiş 154 ha torpaq sahəsinin sxem və koordinatları olmadığı üçün AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus olan, Gədəbəy rayonu, 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. İddiaçı təqdim etdiyi torpaq sahəsinə əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus olan, Gədəbəy rayonu, 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 92,64 ha hissəsinin koordinatları cavabdehlərin istifadəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 10/8213 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı ilə Gədəbəy rayonunun istifadəsində olan X8 Fondundakı 18-h saylı hissədən Cavabdeh1 10 il müddətinə icarəyə verilmiş 154 ha torpaq sahəsinin hər hansı hissəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsi ilə üst-üstə düşmür. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 50,0149 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 tərəfindən naturada təqdim etdikləri faktiki istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsmayıl qızı, X5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsmayıl qızı, X5, Cavabdeh4 və digər şəxslərin (çobanların) ona məxsus olan “Haçayal” adlı 160 ha yaylaq sahəsindən çıxarılması, onlara məxsus olan alaçıqların sökülməsi və xırda-iri buynuzlu heyvanların çıxarılması, yaylaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və qanunsuz və özbaşına hərəkətlərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon İcra Hakimiyyətinin 24 iyul 2017-ci il tarixli 99 nömrəli sərəncamına əsasən Gədəbəy rayonu ərazisində yerləşən “Haçayal” adlanan yaylaq sahəsindən 160 ha otlaq torpaq səhəsi ayrılaraq 15 il müddətinə onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsindəo özünə məxsus olan iri və xirda buynuzlu mal-qaranı saxlamaqla məşğul olur. Sözügedən torpaq sahəsindən 2 il müddətində, yəni 2017-2019-ci illəri əhatə edən dövrdə təyinatına uyğun olaraq mülkiyyətçi kimi istifadə etmişdir. 2019-ci ildən isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsmayıl qızı, X5, Cavabdeh4 və digər şəxslər (çobanları) ona məxsus olan “ Haçayal” adlı ərazini 2 ildir ki, qanunsuz və əsassız şəkildə istifadə edirlər. Həmin yaylaq ərazisi 2032-ci il tarixinə kimi qanuni sənədlərlə onun adına sənədləşdirilib, bu barədə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin ******* nömrəli çıxarışıda vardır. Bunlara baxmayaraq o, məcbur olubməhkəməyə düşmüşdür. Cavabdehlər Gəncə Apellyasiya Məhkəməsinin onun xeyrinə olan qərarınada məhəl qoymamışlar. “Haçayal” adlı ərazi bütün dövlət orqanlarının rəsmi sənədləri ilə tam şəkildə ona xəsusdur. Hər il torpaq vergisi ödəyirə,Cavabdehlər və digər şəxslər (çobanlar) həmin yaylaq sahəsindən özlərinin yaylağı kimi istifadə etməklə yanaşı, onu və yaxın qohumlarını təhqir edir,ona və yaxın qohumlarına məxsus xırda-iri buynuzlu mal-qaranı öz sərancamında olan sahəyə buraxmırlar və mal-qara üçün ayrılmış suyu kəsirlər. Bir sözlə cavabdehlər dəfələrlə onlara hədə qorxu gəliblər və heç vaxt həmin torpaqdan çıxmayacalarını bildiriblər. Heç bir rəsmi sənədləri olmayan cavabdehər və digər şəxslər (çobanları) dövlətin adından çıxan qərarı saymayaraq öz bildiklərini ediblər və etməkdə hal-hazırdada davam edirlər. Dəfələrlə mülkiyyətində olan torpaq sahəsinə münasibətdə cavabdehlərdən onun iradəsi ziddinə, özbaşına və qanunsuz hərəkətlərinə son qoymağını və onlardan özününkü kimi istifadə etməməsini tələb etsədə, cavabdehlər və digər şəxslər heç bir əsas göstərmədən onun tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir. Cavadehlərin özbaşına və qanunsuz hərəkətlərinə son qoyması üçün dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Ona görə də mübahisənin hüquqi müstəvidə həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsmayıl qızı, X5 və Cavabdeh4 iddia ərizəsinə etiraz verərək qeyd etmişlər ki, İddiaçı Cavabdeh1 Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı ilə verilmiş Gədəbəy rayonunun istifadəsində olan X8 Fondundakı 18-h saylı hissədən 154 ha torpaq sahəsinin 10 il müddətinə icarəyə verilmiş hissəsini qanunsuz yolla ələ keçirtmək istəyir. İddiaçı 2017-ci ilin sentyabr ayında da cavabdehlər X6 və Cavabdeh4 (Abuzər) Ənvər oğlunun 160 ha otlaq sahəsindən çıxarılmaları barədə məhkəməyə iddia ərizəsi vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(104)-115/2019 saylı qətnaməsi ilə cavabdehlər X3 və Cavabdeh4 İddiaçı icarəsində olan “Haçayal” adlı ərazidə yerləşən 160 ha otlaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra orqanı tərəfindən qətnamənin icrası təmin edilmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə iddiaçı və qohumları Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş Gədəbəy rayonunun istifadəsində olan X8 Fondundakı 18-h saylı hissədən 154 ha torpaq sahəsində ona məxsus “Zağa yurd” adlanan yaylaq yerində ağac və yarımçıq barı hörgüsü ilə tikdikləri 8 ədəd dəyəni dağıdaraq 5000 manat dəyərində ziyan vurmuşdur. Bununla əlaqədar polis şöbəsinə müraciət etmişlər və məsələnin mülki xarakterli olduğu onlara bildirilmişdir. Eyni zamanda, İddiaçı və Cavabdeh1 icarəyə verilmiş torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün Gədəbəy rayon İcra Hakimiyyətinə müraciət etmişlər, lakin müsbət nəticə olmamışdır. İddiaçı da bu məsələyə mane olaraq bildirmişdir ki, mütəxəssis gəlib torpaq sahələrinin sərhədlərinin harada olmasını dəqiq göstərmişdir. Ancaq, onlar bununla razılaşmırlar və icarəyə verilmiş otlaq sahələrinin sərhədlərini dəqiqləşdirmək üçün müvafiq ekspertizası təyin olunmasını xahiş edirlər.

9. Gədəbəy Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(104)-1696/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərin 24 oktyabr 2017-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 160 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində yerləşən cavabdehlərə məxsus olan alaçıqların və xırda-iri buynuzlu heyvanların cavabdehlərin hesabına həmin torpaq sahəsindən götürülməsi qət edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli 2(102)-4951/2021 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-1696/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(104)-666/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin mülki iş üzrə 27 dekabr 2019-cu il tarixli 2(042)-854/2018 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2-2(115)-661/2022 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı verilmiş 160 hektar torpaq sahəsinin 92,64 hektar hissəsindən çıxarılması və həmin hissədə yerləşən cavabdehlərə məxsus alaçıqlar, həmçinin xırda-iri buynuzlu heyvanların cavabdehlərin hesabına torpaq sahəsindən götürülməsi; İddianın qalan hissəsinin təmin edilməməsi; 309 manat 80 qəpik məbləğində mütəxəssis xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

14. Kommersiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1.1, 152.1, 157.2, 157.4, 157.8 və 706-cı maddələrinə, Torpaq Məcəlləsinin 66-cı maddəsinə, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iş üzrə torpaqşünaslıq ekspertizası təyin etməyərək, ancaq mütəxəssis rəyi alıb iş üzrə qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən 154 ha torpaq sahəsinin 2014-cü ildən onun istifadəsində olması, 160 ha torpaq sahəsinin isə 2017-ci ildən iddiaçının istifadəsində olması və iddiaçının sonradan torpağa dair başqa sənəd alması araşdırılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı ilə Gədəbəy rayonu-nun istifadəsində olan X8 Fondundakı 18-h saylı hissədən Cavabdeh1 10 il müddətinə icarəyə verilmiş 154 ha torpaq sahəsinin sxem və koordinatları olmadığı üçün MDKyanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus olan Gədəbəy rayonu,18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin üstüstə düşməsini müəyyən etmək mümkün deyildir. İddiaçı təqdim etdiyi torpaq sahəsinə əsasən ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı1180496 nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus olan Gədəbəy rayonu 18saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 92,64 ha hissəsinin koordinatları cavabdehlərin istifadəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Göründüyü kimi, mütəxəssis rəyində qeyd edilənlər bir-birinə ziddir. İddiaçının təqdim etdiyi torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa istinadən hazırlanan mütəxəsiss rəyidir. Belə ki, rəyin bir hissəsində torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmaması, digər hissəsində isə İddiaçı məxsus olan, Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 92,64 ha hissəsinin koordinatlarının cavabdehlərin istifadəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi qeyd edilir Hesab edir ki, hazırki mübahisənin dəqiq araşdırılması üçün apellyasiya instansiya məhkəməsi iş üzrə torpaqşünaslıq ekspertizası təyin etməlidir. Məhkəmə tərəfindən ekspertiza təyin ediləcəyi təqdirdə onun iddiaçıya aid deyil də, özünə məxsus torpaq sahəsini istifadə etməyi öz təsdiqini tapacaq və iddia məhkəmə qətnaməsi ilə rədd ediləcəkdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Çünki, iddiaçı özü bildirib ki, mübahisəsi gedən torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. Torpaq sahəsi iddiaçıya məxsusdur, lakin cavabdeh həmin torpaq sahəsini istifadə etmir. Eyni zamanda, iddiaçıya məxsus torpaq sahəsində cavabdehlərin qoyunları yoxdur. Bu halda icra məmuru gəlib nəyi icra edəcək axı. İddiaçı tərəflə mübahisələri yoxdur.Vəkil3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və X5 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razıdır.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi

25. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 26.Maddə 19.1. daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini kommersiya işinin materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4, həmçinin onlara məxsus xırda-iri buynuzlu heyvanların Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı verilmiş 160 hektar torpaq sahəsinin 50,0149 hektar hissəsindən çıxarılması və həmin hissədə yerləşən cavabdehlərə məxsus alaçıqlar cavabdehlərin hesabına torpaq sahəsindən götürülməsi müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin 24 iyul 2017-ci il tarixli 99 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli 01 №-li torpaq icarə müqaviləsi əsasında Gədəbəy rayonu ərazisində yerləşən “Haçayal” adlanan yaylaq sahəsindən 160 ha örüş otlaq torpaq səhəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Yəni torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Eyni zamanda, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı və xx.xx.2014-cü il tarixli, 15 nömrəli Torpaq icarəsi müqaviləsi əsasında Gədəbəy rayonunun istifadəsində olan X8 Fonundakı 18-h saylı hissədən 154 ha torpaq sahəsi Cavabdeh1 10 il müddətinə icarəyə verilmişdir. İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

40. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

41. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

42. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 10/8213 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2014-cü il tarixli 197 saylı sərəncamı ilə Gədəbəy rayonunun istifadəsində olan X8 Fondundakı 18-h saylı hissədən Cavabdeh1 10 il müddətinə icarəyə verilmiş 154 ha torpaq sahəsinin hər hansı hissəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsi ilə üst-üstə düşmür; ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı məxsus Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 50,0149 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 tərəfindən naturada təqdim etdikləri faktiki istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşür.

43. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

44. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. İddiaçı tərəf verilmiş rəylə razılaşdığını bildirmiş; cavabdeh tərəf isə rəyin qeyri-obyektiv olması barədə arqument irəli sürsə də, lakin bu arqumentini əsaslandırmamış və rəydə konkret olaraq hansı yanlışlığa yol verilməsini göstərə bilməmişdir. Bir sözlə, rəyin qeyri-obyektivliyi barədə cavabdeh tərəfin arqumentləri hər hansı fakta deyil də, cavabdeh tərəfin formal mülahizələrinə əsaslanmışdır. Odur ki, cavabdehin tərəfin bu arqumentləri əsassız sayılmışdır. Halbuki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.

46. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 10 il müddətinə icarəyə verilmiş 154 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı məxsus Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsi ilə üst-üstə düşmür, icarə hüququ əsasında İddiaçı məxsus Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 50,0149 ha hissəsi cavabdehlər tərəfindən faktiki olaraq istifadə edilir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, icarə hüququ əsasında İddiaçı məxsus Gədəbəy rayonu 18 saylı yay otlaq sahəsində yerləşən 160 ha torpaq sahəsinin 50,0149 ha hissəsi hər hansı hüquqi əsas olmadan cavabdehlər tərəfindən zəbt edilir və bu hal iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyətçi hüquqlarını məhdudlaşdırır. Ona görə də cavabdehlər icarə hüququ əsasında iddiaçıya məxsus 160 ha torpaq sahəsinin 50,0149 ha hissəsindən çıxarılmalı, həmin hissədə yerləşən cavabdehlərə məxsus alaçıqlar və xırda-iri buynuzlu heyvanlar cavabdehlərin hesabına torpaq sahəsindən götürülməlidir.

48. Birinci instansiya məhkəməsi isə cavabdehlərin 92,64 ha torpaq sahəsindən çıxarılması qənaətinə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli və ekspert rəyinə uyğun olaraq cavabdehlərin 50,0149 ha hissədən çıxarılması müəyyən edilməlidir.

49. Bundan başqa, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-2(115)-661/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4, həmçinin onlara məxsus xırda-iri buynuzlu heyvanlar Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən icarə hüququ əsasında İddiaçı verilmiş 160 hektar torpaq sahəsinin 50,0149 hektar hissəsindən çıxarılsın və həmin hissədə yerləşən cavabdehlərə məxsus alaçıqlar cavabdehlərin hesabına torpaq sahəsindən götürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “X1, kod 210005, VÖEN AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE ********************” hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar