Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2476/2024 21.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və cavabdeh X3 nümayəndəsi (vəkil) X6 iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, X16 Xidmət Mərkəzinin Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, X16 Xidmət Mərkəzinin Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlər X7 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız sayılması və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2008-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi üzrə ona satmış və torpaq sahəsi üzərində hüquqları daşınmaz dövlət reyestrində qeydə alınmışdır. X15 8 il sonra alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışının etibarsız sayılmasına dair iddia ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qiyabi qətnamə üzrə mübahisəli torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır. Həmin qiyabi qətnamənin ləğvinə dair ərizə vermiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək qiyabi qətnamə ləğv edilmişdir. Bundan sonra işləmək üçün Rusiya Federasiyasına getmiş və 2023-cü ildə qayıtmışdır. Torpaq sahəsini istifadə etmək istəyən zaman məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi X7 tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, onun tərəfindən isə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh4 satılmışdır. Müraciəti əsasında Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icrada dönüş həyata keçirilmiş və 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilmişdir. Qərardad icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə göndərilmişdir. Lakin həmin orqan mübahisəli torpaq sahəsinin başqa şəxsə satılması və sonuncu dəfə Cavabdeh4 adına dövlət qeydiyyatına alınmasını bildirmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının dedikləri həqiqət deyildir. Mübahisəli torpaq sahəsi elə təməlindən ona məxsus olmuşdur. Çünki torpaq sahəsi Dönük Qırıqlı kəndində yerləşdiyindən və bələdiyyə ilə həmin kəndin sakini olmadığı üçün alqı-satqı edə bilmədiyindən bütün rüsumları ödəyərək torpaq sahəsini Laləzar Nağıyevanın adına rəsmiləşdirmişdir. Bunu bələdiyyə orqanı da təsdiq edə bilər. Daha sonra isə notarial alqı- satqı əsasında öz adına rəsmiləşdirmişdir. Torpaq sahəsini aldıqdan bir müddət sonra pul lazım olduğu üçün satmışdır. Onu da qeyd etdi ki, qiyabi qətnamənin ləğv edilməsindən onun məlumatı olmamışdır. Çünki məhkəmədən hər hansı bildiriş gəlməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbi ilə bağlı göstərdi ki, iddianı qəbul etmir. Mübahisəli torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi üzrə almışdır. Hazırda da torpaq sahəsi onun tərəfindən istifadə edilir. Cavabdeh3 ona torpaq sahəsini satdığını bildirmiş, o da öz növbəsində aralarında razılaşdıqları qiyməti ödəyərək torpaq sahəsini almışdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi (vəkil) X9 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi formal olaraq hüquqlarını təmsil etdiyi şəxsin adına rəsmiləşdirilmişdir. Əslində torpaq sahəsi Cavabdeh3 məxsus olmuşdur. Cavabdeh3 özünün istəyi üzrə Laləzar Nağıyeva ilə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Çünki Cavabdeh3 ilə iddiaçının münasibəti yaxşı olmuş və iddiaçıya güvənilmişdir. Torpaq sahəsi isə əslində Cavabdeh3 sahibliyində olmuşdur. Lakin münasibətləri pozulduğu üçün Laləzar Nağıyeva məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsini ləğv etdirmişdir. Qiyabi qətnamənin ləğv edilməsindən isə Laləzar Nağıyevanın məlumatı olmamışdır. Bu ərəfədə isə torpaq sahəsini faktik sahibinə notarial alqı-satqı ilə satmışdır. Bundan başqa iddiaçının torpaq sahəsinin harada yerləşməsindən xəbəri belə olmamışdır. Hansı ki, iddiaçı özü maraqlı olsa idi elə qiyabi qətnamə ləğv edildikdən sonra torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə bağlı müvafiq orqana müraciət edərdi. Bütün bunlar mübahisəli torpaq sahəsinin formal olaraq Laləzar Nağıyeva tərəfindən iddiaçıya satılmasına dəlalət edir. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. İş üzrə cavabdehlər X7, X16 Xidmət Mərkəzinin Notariat Ofisi və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X3 adına qeydə alınmışdır. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilədən görünür ki, X7 mülkiyyətində olan Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manat müqabilində Cavabdeh3 satmışdır. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilədən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2500 manat müqabilində Cavabdeh4 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh4 xüsusi mülkiyyətindədir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. İddiaçı qiyabi qətnamənin ləğvinə dair verdiyi ərizə əsasında həmin qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı və digərlərinə qarşı AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı ilə X7 arasında xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə əsasında İddiaçı adına qeydiyyat tarixi xx.xx.2008-ci il, reyestr nömrəsi **********62 olan çıxarış verilmişdir. Bundan sonra X3 iddiası əsasında Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə yuxarıda göstərilən alqı-satqı müqaviləsi və çıxarış etibarsız sayılmışdır. Torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixdə yenidən X3 hüquqları qeydə alınmışdır. Qiyabi qətnamə isə İddiaçı ərizəsi əsasında ləğv edilmiş və işə baxılması təzələnmişdir. Daha sonra isə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017ci il tarixli, AN İ ******* saylı müqavilə əsasında mübahisəli torpaq sahəsi X7 tərəfindən 2000 manat müqabilində Cavabdeh3 satılmış, sonuncu tərəfindən isə daşınmaz əmlakın alqısatqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə əsasında 2500 manat müqabilində Cavabdeh4 satılmışdır. Hazırda mübahisəli torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarış üzrə xx.xx.2017-ci il tarixdən Cavabdeh4 xüsusi mülkiyyətindədir. Məhkəmə göstərir ki, tərəflər arasında olan hüquq münasibətləri alqı-satqı müqaviləsinin, çıxarışın etibarsızlığı və torpaq sahəsindən çıxarılma ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsinə hüquqi qiymət verilməlidir. Çünki evdən iddia tələbinin digər hissələrinin təmin edilməsi ilkin hissə təmin ediləcəyi halda mümkündür. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllənin 646.1 və 646.2-ci maddələri). Mülki Məcəllənin 144.1-ci maddəsində əkstin tapmışdır ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəəpul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Qanunun müəyyənləşdirdiyi bu yolla əldə edilən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 157-ci maddəsi ilə qorunur. Bununla yanaşı, qanunvericilik belə münasibətlər cərəyan edən zaman mülkiyyət hüquqlarının mümkün pozulması imkanlarını da nəzərdən qaçırmır və buna qarşı müvafiq hüquqi müdafiə vasitələri müəyyən edir. Daşınmaz əmlak üzərində qanunsuz yolla mülkiyyət hüququ əldə etmiş şəxsin həmin əmlakı özgəninkiləşdirməsi də rast gəlinən belə mümkün pozuntulardandır. Hazırki işdən görünür ki, X5 mübahisəli torpaq sahəsini Cavabdeh3 satan zaman həmin əmlakın qanuni mülkiyyətçisi olmuşdur. Torpaq sahəsi üzərində mülkiyyətçi kimi sərəncam vermək hüququndan istifadə etməklə satmışdır. Eyni zamanda bu yanaşma Cavabdeh3 tərəfindən mübahisəli torpaq sahəsinin Cavabdeh4 satılması halına da şamildir. Sonradan isə qanuni qüvvəsini almış Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə X2 cavabdeh İddiaçı və digərlərinə qarşı AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Hazırda isə İddiaçı həmin qərardadı əsas tutaraq və özünün torpaq sahəsinin mülkiyyətçisi olmasını bildirərək alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız sayılmasını xahiş edir. Mülki Məcəllənin 157-ci maddəsi belə vəziyyətlərdə hüququ pozulmuş əsl mülkiyyətçiyə vindikasiya iddiası və ya neqator iddia vasitəsi ilə hüquqlarını bərpa etmək imkanı yaradır. Nəzərə alınmalıdır ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Təbii haldır ki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Qanunverici «vicdanlı sahib» və «vicdansız sahib» kateqoriyalarını fərqləndirir. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Ona görə də mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün ilk növbədə, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsi üzrə vicdanlı və ya vicdansız sahibi olması məsələsi aydınlaşdırılmalıdır. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir mülki dövriyyə iştirakçısı, əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, vicdanlı əldə edən qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da əldə edən vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı əldə edən əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı əldə edənin əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 182-ci maddəsi əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olduğunu müəyyən edir. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalar alqı-satqı müqaviləsi bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatına etimad prezumpsiyasını ehtiva edir. Bu səbəbdən satılan əmlakın satıcının mülkiyyətində olduğu, eləcə də həmin əmlakın üzərində hər hansı məhdudiyyət və yüklülüyün qeydə alınmadığı daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatla öz təsdiqini tapırsa, alıcının hüquqları qorunur. Araşdırılmış sübutlar ilə müəyyən edilir ki, Laləzar Nağıyeva mübahisəli torpaq sahəsini 2000 manata xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, sonuncu isə torpaq sahəsini 2500 manat müqabilində xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh4 satmışdır. Məhkəmə göstərir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddiaçının qeyd etdiyi işin hallarından məlumatı olsaydı onları «vicdanlı əldə edən» hesab etmək olmazdı. Lakin işin halların tam aydın olur ki, onların Laləzar Nağıyeva ilə İddiaçı arasında olan məhkəmə mübahisəsindən xəbərdar olmamışlar. Əksi nəticəsinə gəlmək ağlabatan olmaz. Habelə, alqı-satqı müqavilələri qiyabi qətnamənin ləğv edilməsi barədə qərardaddan əvvəl baş tutmuşdur. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli torpaq sahəsinin «vicdanlı sahibi» olmuşlar. Onların hər ikisi həmin əmlakı qanuni və etibarlı əsaslarla əldə etmişdir. Məhkəmə işin bu vəziyyətində diqqəti Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 oktyabr 2004-cü il tarixli qərarındakı hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir. X12 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Eyni zamanda Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti üzrə qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında “vicdanlı alıcı”nın mövcud olduğu mübahisələr üzrə yalnız ilkin mülkiyyətçilərin hüquqlarının qorunması və onların tələbi ilə “vicdanlı alıcı” ilə bağlanmış əqdin etibarsız hesab olunması əleyhinə gedərək qeyd etmişdir ki, belə yanaşma “vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o cümlədən vicdanlı sahibdən) tələb etmək imkanını yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Məhkəmə iş üzrə gəldiyi nəticəni daha da işıqlandırmaq üçün İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 06 dekabr 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının “vicdanlılıq” məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etmişdir ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “ictimai maraq”la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır. Qeyd olunan halları yekunlaşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olmuşdur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli torpaq sahəsinin «vicdanlı sahibi» olması nəticəsinə gəlindiyi üçün iddianın digər hissələri bu əsasdan təmin edilə bilməz. Odur ki, məhkəmə iddia tələbinin digər hissələri üzrə araşdırma aparmır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçı özünü mülkiyyətçi hesab edərək iddianı irəli sürmüşdür. Həqiqətən də qiyabi qətnamə qəbul edilənə kimi mülkiyyətçi olmuşdur. Məhkəmə iddia tələbini mülkiyyətin müdafiəsi kimi qiymətləndirdiyi üçün iddia müddətinin tətbiqini məqsədəmüvafiq saymamışdır. Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər X4və qeyrilərinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2476/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2476/2024
21.10.2024 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver