Məhkəmə qərarları › İş №2(050)-3913/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3913/2025

17.11.2025 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3913/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı Masallı Rayon Mahmudavar Bələdiyyəsinin cavabdeh X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Masallı Rayon Mahmudavar Bələdiyyəsi cavabdeh X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi iddia ərizəsi İddiaçı sədri tərəfindən vəkalətnamə verilmiş şəxs Kamal Ağayev tərəfindən imzalanmaqla icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-cı bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, ümumi istifadədə olan torpaq sahələri bələdiyyə torpaqları hesab olunur. İddiaçı cavabdehin mərhum atası ilə bağlanmış icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması əsası ilə həmin müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Cavabdehin icarə müqaviləsi əsasında istifadəsini mübahisələndirdiyi torpaq sahəsi bələdiyyənin ümumi mülkiyyətində olan torpaq sahəsi olmaqla, icarə müqaviləsinin şərtlərinin pozulması bələdiyyənin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Həmin hüququn bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması əsası ilə həmin müqavilənin ləğvi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Göründüyü kimi bələdiyyə sədrinin və vəkalətli nümayəndəsinin bələdiyyənin təmsil etmək səlahiyyətləri yoxdur. Belə olan halda İddiaçı sədri məhkəməyə müraciət etmədən öncə, İddiaçı ümumi yığıncağının qərarı ilə səlahiyyət almalı daha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərancam vermək hüququnun başqa şəxslər tərəfindən hazırkı iddia üzrə cavabdeh X2 tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. Lakin İddiaçı sədri bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırki iddia vətəndaşın bələdiyyəyə müraciətindən sonra İddiaçı sədri tərəfindən qaldırılmış, lakin bu müraciət İddiaçı ümumi yığıncağında müzakirəyə çıxarılmamış və bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməsindən ötrü bələdiyyə sədrinə belə bir səlahiyyət verilməmişdir. Halbuki bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. Əks halda bu bələdiyyə sədri tərəfindən qanunsuz hərəkətlərin edilməsinə rəvac verilməsinə şərait yaratmaqla yanaşı hüquqda nihilizmin yaranmasına da səbəb olar. Qeyd olunan prosessual hüquq normasının tələbi baxımından hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Masallı Rayon Mahmudavar Bələdiyyəsinin cavabdeh X1 qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Masallı Rayon Mahmudavar Bələdiyyəsinin iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar